Əsas Səhifə > Gündəm, Manşet > Texniki Universitetdə Vilayət Vəliyevin “regional təmizləmə” əməliyyatı
Texniki Universitetdə Vilayət Vəliyevin “regional təmizləmə” əməliyyatı11-03-2022, 08:43 |
DİA.AZ: - "Keçən yazılarımızın birində, məqalənin sonunda yazmışdıq ki, “Hər şeyi demişik, daha nə qalır?”. Hər dəfə biz, müəllimlər Azərbaycan Texniki Universitetində (AzTU) son illərdə rektor Vilayət Vəliyevin “fəaliyyəti” nəticəsində yaranmış acınacaqlı vəziyyət haqqında ictimaiyyətə məlumat verəndə və rəhbər şəxslərə və təşkilatlara müraciət edəndə elə fikirləşirik ki, bu bizim son yazımızdır və rektor V.Vəliyev universitetin dağıdılması istiqamətində daha nə edə bilər ki, yenə də yazaq? Ancaq, rektor V.Vəliyev necə deyərlər, bizi (elə oxucuları da) darıxmağa qoymur və öz “yaradıcı” təxəyyülünü dağıdıcılıq istiqamətində tətbiq etməkdə davam edir. Bu dəfə də təəssüf ki, yenə belə oldu". Bu barədə DİA.AZ-a Azərbaycan Texniki Universitetinin bir qrup müəllimi adından edilən müraciətdə deyilir. Müraciət müəllifləri daha sonra bildirir: "İndi AzTU-nun əməkdaşları, elə eşitdiyimizə görə V.Vəliyevin öz adamları da, hər səhər işə başlayanda əvvəlcə bu saytı açıb, baxırlar ki, görsünlər, onun haqqında yenə yazı dərc olunubmu. Bu sayt indi AzTU əməkdaşları arasında ən populyar saytdır. Ancaq, nə faydası, deyirlər “dəyirman üyütdüyünü üyüdür, çaxçax da əbəs yerə öz başını ağrıdır”. Bəli, nə qədər yazılsa da, deyilsə də, Vilayət Vəliyev öz işindədir, daim axtarışdadır və necə deyərlər, əlləri giyişir ki, görəsən daha nəyi dağıdım? Bu dəfə isə AzTU-nun mətbəəsi onun zavalına tuş gəldi, yaddan çıxıb qalmış bir mətbəə idi ki, o da yada düşdü. AzTU-nun mətbəəsi bizim yadımıza gələni, bəlkə 45-50 il idi ki, əvvəllər köhnə texnologiya ilə, son 15-20 ildə isə müasir, kompyuterləşdirilmiş mətbəə texnologiyası ilə universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s., eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş. İndi AzTU-da bir mətbəənin yeni təyin edilmiş müdiri, qalıb, öz otağında oturur, bir də qapısında ingilis dilində də (???) “Mətbəə” yazılmış boş otaqlar qalıb. İki aydır ki, AzTU-da mətbəə də belə vilayətsayağı “reformaya” məruz qaldı. İndi yeni mətbəə müdiri niyə oturub və nə işlə məşğuldur, yəqin ki, bunu bir özü bilir, bir də Vilayət Vəliyev. Budur Vilayət Vəliyevin yenidənqurması. “Yenidənqurmaların” isə nə ilə nəticələndiyini bizim nəsil öz uzaq olmayan tarixindən yaxşı bilir. “Mətbəə reforması” ilə əlaqədar kiçik bir məsələ haqqında da danışmaq maraqlı olardı. Neçə illər idi ki, Texniki Universitetin bütün tədris binalarında 1-ci mərtəbələrdə surət çıxaran cihazlar – kserokslar qoyulmuşdu və onları adətən kimsə işlədirdi. Tələbələr, bəzən elə müəllimlər də nəyinsə surətini çıxarmaq lazım gələndə oraya yaxınlaşırdılar və 5-10 qəpik verməklə, uzağa getmədən surət çıxartdırırdılar. Belə işlərə isə tələbələrin tez-tez ehtiyacı olur. Məsələn, müəllim tələbələrə tədrislə əlaqədar nə isə sxem, şəkil, tapşırıq mətni, laboratoriya işi mətni və s. verdikdə, onu əl ilə köçürməkdənsə, surətini çıxarıb, müəllimə qaytarmaq daha tez, dəqiq və rahat olur. 5-6 ay bundan əvvəl rektor göstəriş verdi ki, bütün kseroks aparatları yığışdırılsın. Bundan sonra kseroks yalnız bir yerdə, 2-ci tədris binasında, mətbəədə olacaq və o da onun nəzarəti altında olacaq, yəni gəliri ona məxsus olacaq. Biz burada işlədiyimiz 30-40 ildə çox rektorlar görmüşük, anacaq onların hamısı alicənab adamlar olublar, qəpik-quruşa bu qədər tamah salan rektoru isə birinci dəfədir ki, görürük. Həm də rektorun dediyi kseroks aparatı 5-6 aydır ki, olmayan mətbəədə hələ də yoxdur və olanda da bütün tələbələr bir-birindən kifayət qədər uzaqda yerləşən binalardan düşüb, 2-ci binaya getməli və orada uzun növbəyə dayanmalı olacaqlar. İndi isə onlar bir vərəq kağızın surətini çıxarmaq üçün universitet ərazisindən küçəyə çıxmalı və prospektdə surətçıxaran axtarmalıdırlar. Əlbəttə, universitet üçün bu, kiçik bir məsələdir, ancaq, V.Vəliyevin nə simada insan olduğunu və onun “biz universitetdə sahibkarlıq mühiti yaratmalıyıq” dedikdə, nələri nəzərdə tutduğunu göstərmək üçün kifayətdir. V.Vəliyevin “reformalarının” universitet üçün ən ağrılı və dağıdıcısı isə keçən il onun kafedraları ağına-bozuna baxmadan ləğv etməsi və birləşdirməsi oldu. Biz təhlil apararaq, V.Vəliyevin kafedraları hansı kriteriyalara əsaslanaraq ləğv etməsi və ya digər kafedralarla birləşdirməsi məntiqini başa düşməyə çalışdıq və çox qəribə bir nəticəyə gəldik. Aydın oldu ki, burada heç bir ağlasığan məntiq yoxdur. Daha doğrusu, inanmazsınız, məntiq və kriteriya kafedraların harada yerləşməsi və onların yerləşdiyi yerə V.Vəliyevin gözünün düşməsindən asılı olub. Yəni, kafedranın yerləşdiyi ərazi rektora onun müəyyən biznes məqsədləri üçün lazımdırsa, həmin kafedra ləğv olunacaq və ya başqa kafedra ilə birləşdirilərək, öz yerindən köçürüləcək. Normal adam üçün qəribə və məntiqsiz bir məntiqdir, deyilmi? Bunu konkret bir misal gətirməklə sübut edək. AzTU-nun 72 il bundan əvvəl yarandığı gündən onun ən fundamental, əsaslı kafedralarından biri əvvəlcə "Metallar texnologiyası", sonralar isə "Materiallar texnologiyası" adı ilə fəaliyyət göstərən kafedra olmuşdur. Adından da göründüyü kimi, bu kafedra demək olar ki, AzTU-nun bütün ixtisaslarında dərs aparır və dərs yükü çatışmazlığı da hiss etmirdi. Kafedranın potensialını göstərmək üçün təkcə onu demək kifayətdir ki, bu kafedrada 3 elmlər doktoru, professor fəaliyyət göstərirdi, halbuki, elə kafedralar var ki, bir professoru da yoxdur. Kafedra müdiri, professor Arif Məmmədovun elə təkcə 40-dan artıq ixtira patenti olduğunu demək kifayətdir. Kafedranın digər bir professoru Azərbaycanın Əməkdar Elm xadimidir. Kafedra başqa bir kafedra ilə birləşdirildi və rektorun əmri ilə dosent Aqil Babayev kafedra müdiri təyin edildi. Kafedra öz ərazisindən digər kafedranın ərazisinə köçürüldü və "Materiallar texnologiyası" kafedrasının əvvəlki ərazisi və laboratoriyaları boşaldıldı, birləşmiş kafedrada isə müəllimlər və professorların oturduğu otaqlar sıxlaşdırıldı, laboratoriya avadanlıqları və cihazları anbardakı kimi bir birinin üstünə yığıldı. Əvvəllər "Materiallar texnologiyası" kafedrasının 30-35 əməkdaşının işlədiyi ərazidə isə indi cəmi 3 nəfər oturub, onların da nə işlə məşğul olduqları məlum deyil (bütün günü "milçək tuturlar"). Dillərdə əzbər olmuş məşhur "AzTU taksi xidməti" (???) də bu ərazidə yerləşdirilib. Həmin 3 nəfərdən biri "AzTU taksi xidmətini" "idarə edir". Yaxşı, bəs bunun səbəbi nə imiş? Səbəbi isə o imiş ki, həmin kafedra tədris binasının 1-ci mərtəbəsində yerləşirdi və mərtəbənin yarısını tutmuşdu. Vilayət Vəliyevin gələcək biznes planlarını ödəmək üçün birinci mərtəbədə yerləşən və küçəyə birbaşa çıxışı olan ərazilər çox böyük əhəmiyyət kəsb edirmiş. Çünki, indi yol kənarında yerləşən şəhər binalarının bir çoxunda olduğu kimi, belə otaqlardan küçəyə çıxış açaraq, müxtəlif ofislər, xidmətlər və s. yerləşdirmək olar. Həmin kafedranın başına da bədbəxtlik bu səbəbdən gəlib. Kafedra həmin tədris binası tikilən gündən 60 il idi ki, bu otaqlarda yerləşirdi. Rektor Vilayət Vəliyev tez-tez müxtəlif tədris binalarını gəzir, onların əsasən 1-ci mərtəbələrinin boşaldılması planlarını cızır. Yazıqlar o kafedra və şöbələrin halına ki, 1-ci mərtəbələrdə yerləşirlər. İndi məsələnin digər tərəfinə baxaq. Niyə həmin kafedrada tam iş qabiliyyətli və yüksək səviyyəli 3 elmlər doktoru, professor ola-ola, birləşmiş kafedraya həmin professorlardan biri yox, onlara nisbətən çox da cavan olmayan bir dosent müdir təyin edildi? Bunun da səbəbi göz qabağındadır. Müdir təyin edilən dosent Aqil Babayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşıdır. Bu gün Azərbaycanda hər kəs, o cümlədən, siyasətdən uzaq adamlar da etnik təmizləmənin nə olduğunu və bugünkü dünya durumunda bunun ən böyük cinayətlərdən biri hesab edildiyini yaxşı bilir. Çünki, son yüz ildə Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bizim əzəli torpaqlarımız bu cinayətə məruz qalıb. Etnik təmizləmə – etnik, milli əlamətə görə insanların müəyyən ərazilərdən kənarlaşdırılması, köçürülməsi və məhv edilməsidir. Soruşa bilərsiniz ki, bunun Texniki Universitetə nə dəxli var? Bəs insanların öz regional mənşəyinə görə, müəyyən regiona məxsus olub-olmaması əlamətinə görə təmizlənməsinə nə ad vermək olar? “Regionçuluq təmizlənməsi”, yoxsa buna daha uyğun ad tapmaq olar? Rektor Vilayət Vəliyev Texniki Universitetə gələn gündən məhz belə bir təmizləməni özü üçün əsas hədəf seçib (öz təşəbbüsü ilə, ya onun məxsus olduğu regional klanın tapşırığı ilə, bilmirik, bunun elə bir fərqi də yoxdur) və bu yolda öz fəaliyyətini gündən günə sərtləşdirməkdə və qəddarlaşdırmaqdadır. Biz əvvəlki yazılarımızda Vilayət Vəliyevin təsir göstərmə imkanına görə Azərbaycanın 2-ci sayıla bilən regional klanının nümayəndəsi olması haqqında ətraflı məlumat vermişdik. “Rektorumuzun” bütün əndazələri aşmış “struktur dəyişiklikləri” haqqında və bu dəyişikliklərin ağlasığmaz forma və həddə çatdırılaraq, artıq 4-cü, 5-ci dövrə üzrə keçirilməsini yazmışdıq. Nəticədə universitetin idarəetmə strukturu, müxtəlif şöbələr, sektorlar, tədris-köməkçi heyəti həddən artıq şişirdilərək, əcaib forma almış və nəhəng ölçülərə çatmışdır. İndi universitetdə bu strukturlarda işləyənlərin sayı bəlkə pedaqoji heyətin sayından da çox olmuşdur. Məlumdur ki, bunların hamısına aylıq məvacib verilməlidir. V.Vəliyev də yeni təsis etdiyi strukturlara qəbul etdiyi saysız-hesabsız öz regionundan olan adamlara çox yüksək maaşlar təyin edir. Hər hansı şöbədə işləyən heç bir elmi dərəcəsi olmayan sıravi işçiyə 1000 manat maaş verir, halbuki elmlər doktoru, professorun maaşı 1200 manatdır. Eyni səviyyəli vəzifədə işləyən köhnə işçilər isə əvvəlki kimi 350-400 manat maaş alırlar. Artıq hamıya məlumdur ki, rektorun qaynının qızı, hüquq sektorunun müdiri, bakalavr təhsili almış Pərvanə Allahverdiyeva isə prorektorlar səviyyəsində, yəni 2500 manat maaş alır. Bunlar Azərbaycan Respublikasının Hesablama Palatasına məlumdurmu? Məlum deyilsə, gəlib yoxlama aparsınlar və görsünlər. V.Vəliyev bu yaxınlarda iclasların birində deyib ki, özünümaliyyələşdirmə sistemi ilə işləyən universitetdə işçilərə maaş vermək üçün vəsait çatmır, universitet büdcəsinin 90%-dən çoxu maaş verməyə sərf olunur və artıq vəsait qalmır, işçilərin ixtisarını aparmaq lazımdır. Yeri gəlmişkən qeyd edək ki, Texniki Universitetə gəldiyi bu iki il yarımda o, universitetin hərhansı bir kafedrasının laboratoriyası üçün bir çöp də almayıb. “İqtisad elmləri doktoru” (???) olan V.Vəliyev başa düşmürdümü ki, yeni, mənasız strukturlar yaradanda və ora öz qohum-qardaşını, öz regionundan olanları, yetim-yesiri qəbul edəndə və onlara yüksək maaş təyin edəndə universitetin büdcəsi buna davam gətirməyəcək? Əlbəttə başa düşürdü, bunun üçün nə iqtisadçı olmaq lazımdır, nə də “elmlər doktoru”. O, əlbəttə nəzərdə tuturdu ki, ixtisar apardıqda universitetin köhnə işçiləri, onun regionundan olmayanlar ixtisar olunmalıdırlar. İndi V.Vəliyev tez-tez universitetin kafedralarını gəzir, qəflətən daxil olaraq, orada tədris-köməkçi heyət işçilərinə, laborantlara, kafedra işçilərinə, əsasən qadınlara deyir, “niyə oturmusunuz, nə işlə məşğulsuz, ərizənizi yazın, gedin buradan”. Əlbəttə ki, heç kim ona cavab vermir və ərizə də yazmırlar. Yaxşı bilirlər ki, bu yolla onlara ərizə yazdıra bilməyəcək. Rektor, əsasən qadınların üstünə düşür və soruşur, “neçə ildir burada işləyirsiniz, niyə bu vaxta qədər dissertasiya müdafiə etməmisiz? Burada niyə işləyirsiniz?”. Qəribə sualdır, deyilmi? Adam nə üçün işləyər (hələ bu sualı belə demək mümkünsə, “iqtisadçı alim” verir)? Yəni rektor başa düşmür ki, bu qadınlar burada 350-400 manat maaş üçün işləyirlər ki, bu vəsait ailə büdcələrinə kömək olsun? Həm də bu sualı, yuxarıda qeyd etdiyimiz kimi, universitetdə bir neçə adamın kseroksda surət çıxarmaq üçün qazandıqları qəpik-quruşa tamah salan rektor, elmlər doktoru, professor, əməkdar elm xadimi, nə bilək, daha nə...nə... deyir?" DAVAMI VAR... İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |