Əsas Səhifə > Gündəm, Manşet > Şəkidə rəhbər var, ya yox: BİLİNMİR...

Şəkidə rəhbər var, ya yox: BİLİNMİR...


19-11-2019, 08:28
Şəkidə rəhbər var, ya yox: BİLİNMİR...
DİA.AZ: - Redaksiyamıza Şəkinin Çayqaraqoyunlu kəndindən zəng daxil oldu. Bildirildi ki, bu kənddə yaşayan Məmmədovlar ailəsinin acınacaqlı vəziyyətinin, problemlərinin mətbuatda işıqlandırılmasına böyük ehtiyac var. DİA.AZ olaraq deyilənləri öz gözlərimizlə görmək üçün həmin ünvanda olduq. Düzü, gördüklərimizdən çox pərişan olduq.

Öncə ondan başlayaq ki, Məmmədovlar ailəsi çox acınacaqlı şəraitdə yaşayır. Ailənin gəlini Zərqələm Silduz qızı Məmmədova əslən Laçın rayonunun Pircahan kəndindəndir. Zərqələm xanım 1992-ci ildə Laçın rayonunun işğalından sonra ailəsiylə birlikdə Mingəçevir şəhərinə pənah gətirərək burada Azyolmaş zavodunun quşçuluq fermasında məskunlaşıblar. Z.Məmmədova 2012-ci ildə ailə həyatı quraraq Şəki rayonunun Çayqaraqoyunlu kəndinə köçüb və o vaxtdan burada yaşayır. Təbii, əgər buna yaşamaq demək mümkündürsə.

diaaz.space bildirir ki, saysız-hesabsız problemlər məngənəsində boğulan bu ailədə 2 qız böyüyür. Ailə başçısı 27 yaşlı İsmayıl Məmmədov heç yerdə işləmir. Daha doğrusu, onu heç bir yerdə işə qəbul etmirlər. Hər gün iki körpə qız övladını ovutmaq üçün kəndin kənarındakı magistral yola çıxan İsmayıl iş olandan olana taxıl da yükləyib boşaldır, daş da, sement də. Zərqələm xanım deyir, bəzən elə gün olur ki, həyat yoldaşı 15-20 ton yük daşıyır: “Bunun müqabilində qazancı ən yaxşı halda 6-8 manat pul olur. Bu adamda can qalar? 6 manata bu gün nə almaq olar? Həyat yoldaşım əlildir. Böyrəyindəki problemlərlə əlaqədar hərbi xidmətə aparmayıblar. Bu adam hərbi xidmətə yararsız idisə, yəqin ki, hökumət, dövlət buna xəstəliklə, əlilliklə bağlı müəyyən müavinət verməliydi. 6 baş ailə – yoldaşım, mən, 2 uşaq, bir də qaynım qalmışıq qoca qayınanamın aldığı dünən-srağagün 200 manat olan pensiyanın ümidinə. Qaynımın 22 yaşı var. Qardaşı kimi o da böyrəklərindəki problemə görə əsgərliyə aparılmayıb. O da dövlətdən bir qəpik yardım almır. Beləcə gözümüzü dikmişik 63 yaşlı qadının təqaüdünə”.

Həyətdəki nəhəng dəliklər diqqətimizi cəlb eləyir. Zərqələm Məmmədova deyir ki, ilan yuvalarıdır: “May ayından etibarən həyat-baca dağdan gələn sellə bərabər həyətə özüylə xeyli ilan-çiyan gətirir. Məhlə, pəncərəsi, qapısı olmayan ev ilanla dolur. Uşaqları həyətə buraxmağa qorxuruq”.

Zərqələmin atası Silduz Həsənov deyir ki, qızları bu kəndə gəlin köçəndən bir əlləri onların üstündədir. Baxmayaraq ki, S.Həsənov özü Mingəçevirdə məcburi köçkün həyatı yaşayır: “İnandırım Sizi, bu ailənin vəziyyətini görən dəsmal götürüb ağlamaq istəyir. XXI əsrdə yaşayırıq, mən 6-7 ildir Mingəçevirdən bu ailəyə odun göndərirəm ki, qışda soyuqdan qırılmasınlar. Kəndə qaz çəkiləndə hamı sevindi. Baxın, qaz xətti bu evə də gəlir. Ancaq pul yoxdur ki, qaz xəttini evə gedən qaz plitəsinə qoşub otağı isitsinlər, tapanda yeməklərini bişirsinlər. Elə həftə yoxdur ki, bu evin işığı kəsilməsin. Qonşudan, ordan-burdan borc-xərc 8-10 manat tapıb verirlər, 10-15 gün sonra bu hal yenə təkrarlanır. Bu insanlar içməyə su tapmırlar. Qabaqdan qanlı qış gəlir. Bircə dənə də olsun pəncərəsi olmayan bu evdə yağmurlu günlərdə daldalanmağa yer yoxdur. 50-60 il öncə çiy palçıqdan tikilən ev hər an uçmaq təhlükəsiylə üz-üzədir. Ümumiyyətlə, bu tikiliyə ev deməyə adamın dili gəlmir. Yayda istidən, qışda soyuqdan oturmaq olmur. Hansısa sənəd üçün rayon mərkəzinə gedəndə evin “kupça”sını istəyirlər. Gəlib yerində baxan yoxdur ki, bu insanlar burada nə cür yaşayırlar. Həyətdə ağac deyilən şey yoxdur. Çünki dərədir, hər tərəf daş-kəsək. Su, yararlı torpaq olmadığından heç nə əkmək mümkün deyil. Təsəvvür edin, mən köçkün adam Mingəçevir bazarından mer-meyvə alıb gətirirəm bu evə ki, uşaqlar nüvər eləsinlər”.

S.Həsənov bu cür vəziyyətin gec-tez sosial partlayışa səbəb ola biləcəyini deyir. Onun sözlərinə görə, ümdini hər yerdən üzən bu ailənin yalnız bir çıxış yolu qalıb; ÖZLƏRİNİ QANLI ÇAYA ATIB İNTYHAR ETMƏK (Fərqləndirmə bizimdir – red.)

Ailənin qaldığı otağa baxış keçiririk. Uçuq-sökük, divarları nəmişlikdən kif basmış tikilidə yaşayış olduğunu adam təsəvvür edə bilmir. Ev sahibəsi Qıtan Məmmədova neçə illərdir üzərinə karton sərilmiş torpağın üstündə yatdığını, məhz bu səbəbdən oğlanlarının böyrəklərində problem olduğunu dedi.

Heç yerdən, bir balaca da olsa, yardım ala bilməyən ailənin həyat şəraiti hər keçən gün daha da ağırllaşır.

Çəkiliş zamanı qonşu Natiq Səmədov da söhbətə qoşulur: “Mən bu ailənin qonşusuyam. Bu ailənin acınacaqlı vəziyyətini hər gün bu həyətdən keçəndə dəfələrlə şahidi oluram. İş yox, güc yox. Vəziyyətləri olduqca dözülməzdir. Dolana bilmirlər. Dövlət hansısa formada bunlara bir yardım etməlidir. Bu ailənin neçə dənə körpəsi var, məktəbə gedəni, getməyəni. Əslində bu insaların yaşayışına nəinki yaşamaq, heç sürünmək də demək olmaz”.

“Bəs indiyədək hansısa quruma vəziyyətinizlə bağlı məlumat vermisinizmi?” sualına Z.Məmmədova deyir ki, dəfələrlə Şəkinin İcra Hakimiyyətinə, Məşğulluq Mərkəzinə, DSMF-nin Şəki rayon şöbəsinə müraciət ediblər. Hər yerdə də laqeyd, etinasız münasibətlə üzləşiblər. Z.Məmməndova deyir ki, bir neçə dəfə Şəkinin icra başçısı Elxan Usubovun qəbuluna düşməyə cəhd ediblər: “Hər dəfəsində də “başçı yerində yoxdur” bəhanəsiylə bizi heç icra hakimiyyətinə buraxmayıblar. Halbuki Prezident İlham Əliyev hər dəfə bütün məmurlardan vətəndaş müraciətlərinə həssas yanaşmağı tələb edib. Əgər dövlətin aztəminatlı ailələr üçün təyin etdiyi ünvanlı sosial yardımı bizim ailəyə vermirlərsə, görəsən, kimlərə verirlər? Mən burdan ökə başçısı İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən artıq dərəcədə xahiş edirəm. Bizim varlığımızdan xəbərləri olsun. Ailəmizə, düşdüyümüz bu acınacaqlı vəziyyətdən çıxmaq üçün bizə köməklik göstərsinlər”.

Biz, yoxsulluq səviyyəsindən də aşağı həddə yaşayan Məmmədovlar ailəsiylə bağlı Çayqaraqoyunlu Bələdiyyəsinə üz tutsaq da bələdiyyədə kimsəni tapa bilmədik. Şəki şəhər (rayon) İcra Hakimiyyətindən, eləcə də rayon Məşğulluq Mərkəzindən isə suallarımıza cavab vermədilər.

Ümumiyyətlə, Çayqaraqoyunlunun problemləri yazmaqla bitmir. Bu gün kənddə iş yerləri mövcud deyil. 1800-ə yaxın əhalisi olan kənd yolsuzluqdan əziyyət çəkir. Əhali içməli su üzünə həsrətdir. Bütün bunlar kəndi acınacaqlı vəziyyətə salan faktların çox cüzi bir hissəsidır. Çayqaraqoyunlunu acınacaqlı vəziyyətə qoyan təkcə sosial şərait deyil, həm də kəndə cavabdeh olan məmurların laqeydliyi, diqqətsizliyidir.

diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt