Əsas Səhifə > Gündəm, Manşet > ƏƏSMN Qarabağ əlilindən sanatoriya yollayışına görə ödəniş tələb edir

ƏƏSMN Qarabağ əlilindən sanatoriya yollayışına görə ödəniş tələb edir


4-11-2019, 08:39
ƏƏSMN Qarabağ əlilindən sanatoriya yollayışına görə ödəniş tələb edir
DİA.AZ: - "Bir neçə gün öncə bir qrup Qarabağ qazisi ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadənin məhkəmə qərarını görməzliyə vurmasından, icra sənədi olmadan xaricdə müalicəyə ehtiyacı olan , düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinin pensiyasını dələduz “Rəvan” sığorta şirkətinə ödəyib, əlilin pensiyasını yarıqat etməsindən və hələ də geri tələb etməməsindən şikayətlənmişdi". Bu barədə DİA.AZ-a Qarabağ Qaziləri adından daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazır: "Bu deyilənlər konkret faktlara söykənir və özbaşınalığa hüquqi qiymət verilməsinə əsasdır. Nə yazıq, ƏƏSMN rəhbərliyi ciddi qanun pozuntularına qiymət verilməsini təmin etmək əvəzinə, mətbuat katibi Fazil Talıblının özünümüdafiə xarakterli cavabı ilə yetərləndi və başında “Qarabağ Qaziləri evsizlikdən şikayətləndi, nazirlik cavab tərtib etdi” başlıqlı qazilərin şikayətini əsassız sayan informasiya yer aldı. Həmin cavabda ƏƏSMN yetkilisi Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamında 2014-cü ilin 1 yanvarına kimi mənzil növbəsinə dayanan əlil -şəhid ailələrinin 2014-2018-ci illər arasında, yəni 5 il müddətinə mənzillə təmin olunmaları haqqındakı hissəni “2014-2028-ci illər” kimi göstərib. Başqa sözlə, 15 il müddətinə mənzil təminatının çözüləcəyi vurğulanıb . Bəs elə biz Qarabağ əlilləri də bundan şikayət etmişdik ki, 5 illik müddəti ƏƏSMN 15 illik müddətlə əvəz etdirib və bu da ƏƏSMN məmurlarının özbaşınalığına xidmət edir. Prezidentin 25.01.2019 tarixli 905 saylı Sərəncamı ilə 20.06.2014 tarixli 569 saylı sərəncamda dəyişiklik edilərək “2014-2018” ifadəsi “2014-2028” ifadəsi ilə əvəzlənib. Başqa sözlə, açıq-aşkar əlillərin mənzillə təminatı 10 il geriyə çəkilib! ? Təsəvvür edin, Qarabağ əlillərinin orta yaşı hazırda 60 civarındadır. 70-75 yaşına kimi bunlar yaşaya biləcək ki, mənzil yiyəsi də olsunlar?

Eyni zamanda, Qarabağ əlilinin pensiyasının yarıqat edilməsi “İcra haqqında” qanunun 65-ci maddəsi ilə əsaslandırılıb. Birincisi, ümumiyyətlə icra sənədinin özü yoxdur və bizim şikayətimiz də icra sənədi olmadan ƏƏSMN -in pensiyamızı başqasına ödəməsi özbaşınalığından idi. İkincisi, lap icra sənədi olsa da, axı, “İcra haqqında” qanunun 68.1.2 maddəsinə görə, tələb borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməz! Bəyəm ƏƏSMN məmurlarının bu qanun tələbindən xəbərləri yoxdur və yalnız 65-ci maddəni tətbiq edib Vətənin müdafiəsi zamanı əlil olan şəxsin pensiyasını yarıqat edirlər? ! Və hələ də yanlış ödədikləri ödənişi geri tələb etmirlər.

Xaricdə müalicəyə gəldikdə isə, Səhiyyə Nazirliyinin xaricdə müalicə üzrə komissiyası verdiyi rəylə bizim qrup halında Respublikadan kənarda müalicəyə göndərilməyimizi ƏƏSMN -ə göndərdiyi arayışda açıqlayıb. Lakin ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə 2 ildir yazır ki , ƏƏSMN heç bir ölkə ilə müqavilə bağlamadığından müalicəmizin xaricdə təşkili mümkün deyil. Yəni nazirlik öz görəvini görməkdən imtina edir, xaricdə müalicəyə ayrılan vəsaitləri mənimsəyir və əlil də müalicəsizlikdən dünyasını dəyişir! (?) Budur əlillərə, qazilərə dövlət qayğısı?

ƏƏSMN -in bu günlərdə baş verən daha bir özbaşınalığı da Qarabağ qazilərinə olan sayğısızlığı, rüşvət özbaşınalığını ortaya qoyur. Ədalət adına deyək ki, əvvəlki ƏƏSMN rəhbərliyinin heç biri belə özbaşınalığa yol verməyib. Əksinə, nazirliyin mərkəzi və yerli bölmələrindən özləri zəng edib, istirahət evlərinə, sanatoriyalara yollayış veriblər. Özü də bir qəpiksiz, qanunun tələbinə uyğun olaraq. İndi isə xəstəliyinə uyğun sanatoriya müalicəsi almaq istəyən Qarabağ qazisinə yollayış olmadığı bildirilib. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə müraciət edən əlilə “Bilgəh” sanatoriyasına anında yollayış təşkil edilib və ƏƏSMN -ə göndərilib. ƏƏSMN -dən isə əlilə zəng edib, yollayışın dəyərinin 15 faizini tələb ediblər. Bunun adını ƏƏSMN rəsmiləri nə qoyacaq, görəsən?

Bir sözlə, Qarabağ əlillərinin durumu olduqca ağırdır. Bizi sosial, hüquqi, siyasi yöndən qorumalı olan dövlət qurumu özü hüququmuzu kobud pozur".

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt