DİA.AZ bildirir ki, Qafqaz Xəbər Agentliyi uzun müddət “Butastone” şirkətinin həmtəsisçiləri olan Nadir İbrahimov və Namiq Əsədov arasında baş verən konfliktlə bağlı yazılar dərc etmişdi.
Qısa xatırlatma üçün bildirək ki, Nadir İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi.
Sonda tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxdı. Və nəticədə Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə “Akkord” şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını məhkəmədən tələb etmişdir. Məhkəmə isə onun iddiasını təmin etmişdir.
Ancaq redaksiyamıza daxil olan məlumata görə Namiq Əsədovla Nadir İbrahimov arasında bir ilə yaxın sürən “soyuq müharibə” ikincinin “psixoloji zəifliyi” səbəbindən dayanmışdır.
Məlumata görə, Namiq Əsədov Nadir İbrahimova yeznəsi, tanınmış biznesmen Nizami Piriyev vasitəsilə psixoloji təsir göstərərək, məhkəmə çəkişməsinin perspektivsizliyini ona anlatmış, bütün məhkəmə instansiyalarında guya Piriyevin yaxın adamları olduğunu başa salmışdır.
Sonda Nadir İbrahimov Namiq Əsədovla barışmaq məcburiyyətinə qalır. Ancaq bu barışığın üstündən iki həftə keçməmiş Namiq Əsədovun əsas dayağı olan Nizami Piriyev qəfil həbs olunur.
Çox güman ki, hazırda Nadir İbrahimov barışmağa tələsdiyinin fərqindədir və yəqin ki, peşimançılıq keçirir.
Çünki artıq yeznə-qayın Piriyev və Əsədov cəmiyyətin qınağına və hüququn hədəfinə tuş gəliblər.