Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bir dəfə tənbeh olunan rektor deyəsən, dərs çıxarmayıb...

Bir dəfə tənbeh olunan rektor deyəsən, dərs çıxarmayıb...


26-11-2015, 11:18
Bir dəfə tənbeh olunan rektor deyəsən, dərs çıxarmayıb...
DİA.AZ: - Bir neçə ay əvvəl həbsdən canını zar-zor qurtaran Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı sözügedən ali təhsil ocağının bir qrup tələbəsi adından DİA.AZ-a yeni ittihamlarla dolu müraciət ünvanlanıb.

Müraciət müəllifi olan tələbələrin verdikləri məlumatlara görə, bu təhsil müəssisəsində rüşvəti əvvəlki qaydada yığırlar, yəni nazirliyin müdaxiləsi belə yetərli olmayıb: "Bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Bu isə rektor üçün əlavə bazar deməkdir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata aylığa buraxıb.

Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb. Bu faktları təhsil nazirliyi araşdırmır, çünki nazirliyin özündə də bu işdə maraqlı olan qüvvələr var".

Tələbələrin diaaz.space-a daxil olan müraciətində daha sonra qeyd olunur ki, rektor nümayişkaranə formada hər kəsə bəyan edib ki, bu ölkədə kimsə ona "bata bilməz": "Onun həbsini gözləyirdilər, amma o, indi əvvəlkindən də qat-qat güclüdür. Görünür, yığdığı rüşvətlə problemlərini yoluna qoyub. Bu isə tələbələrin qara günlərinin davamı deməkdir"...

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt