Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”Bu gün, 15:08 |
![]() Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Musavat.com bildirir ki, sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub. Mayın 14-də Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim edib. Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb. Arif Babayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin adını daşıyan bu ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Sənətkar bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib: "Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, "Qarabağ şikəstəsi"nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz, Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz, muğamımız da o torpaqlara qaytarılır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq. Ağdamdakı Muğam Mərkəzi bu sahədə böyük rol oynayacaq. Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünya şöhrəti qazanmasına davamlı dəstək verən Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm". "Yeni Müsavat" olaraq böyük sənətkarımıza zəng edərək təbriklərimizi çatdırdıq. Səhhəti ilə maraqlandıqda "şükür Allaha, yaxşıyam indi", deyən Xalq artisti Prezident İlham Əliyevə və Birinci xanıma təşəkkürlərini çatdırdı: "Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun". Qarabağın işğalda olduğu illərdə Qarabağ, Ağdam niskilli söhbətlərimiz olan və ən böyük arzusunun Qarabağla bağlı olduğunu söyləyən sevimli sənətkarımız Ağdamda qurulan böyük büsata və ona göstərilən diqqətə görə də minnətdarlığını ifadə etdi. Eyni zamanda bizlərə də xoş sözlərini əsirgəmədi: "Sizdən də çox razıyam. Hər zaman diqqət göstərirsiniz". Arif müəllimə ötən həftə Prezidentin və Birinci xanımın iştirakı ilə Ağdamda keçirilən möhtəşəm tədbirlər, Ağdam Muğam Mərkəzindəki konsertdə yerinin göründüyünü də söylədik. Bildirdi ki, Prezidentin kövrəldiyi həmin tədbirləri də efirdən izləyib: "Allah qoysa, bir yerdə Ağdama gedərik. Sizə də çox sağ olun deyirəm, var olasınız!" Böyük Sənətkarımıza Uca Yaradandan sağlam ömür diləyirik və Prezidentin Sərəncamı ilə layiq görüldüyü Heydər Əliyev Mükafatı münasibətilə bir daha səmimiyyətlə təbrik edirik. Geri qayıt |