Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Böyük Britaniya səfirinin sərhədimizdə nə işi var?
Əsas Səhifə > Güney Press > Böyük Britaniya səfirinin sərhədimizdə nə işi var?

Böyük Britaniya səfirinin sərhədimizdə nə işi var?


23-04-2025, 14:00
Böyük Britaniya səfirinin sərhədimizdə nə işi var?
Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallegerin aprelin 20-də Gorusa səfərində iki məqam diqqətçəkicidir. Birinci məqam odur ki, eyni gündə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini də Gorusda olub. Bu o səfirdir ki, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verir. Belə bir təəssürat yaranıb ki, Böyük Britaniya və Fransa səfirləri Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərə səfərlərini razılaşdırıblar. Böyük Britaniya səfirinin sərhədə yaxın əraziyə səfəriylə bağlı ikinci məqam isə Con Qallegerin Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası ilə görüşməsidir. AB-nin Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur.
Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü hansı zərurətdən yaranıb?
“Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib ki, “Böyük Britaniyanın səfiri müşahidə missiyasının üzvləri ilə görüşdə Avropa Birliyinin monitorinq qrupu ilə çox faydalı görüş keçirdiyini vurğulayıb: “Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar. Zəngəzurdakıların dinc şəraitdə yaşamaq və işləmək hüququ var”. Sonuncu cümlə də diqqətçəkicidir. Səfir “Zəngəzurdakıların dinc şəraitdə yaşamaq və işləmək hüququ var” cümləsi ilə kimə işarə edib? Görəsən, səfirin fikrincə, kim və ya kimlər Zəngəzurdakıların dinc şəraitdə yaşamasına və işləməsinə mane olur?
Səfirin Ermənistan-Azərbaycan sərhədini ziyarəti və AB müşahidə missiyasi ilə görüşü böyük ehtimalla Londonun təlimatıyla həyata keçirilib, sadəcə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin belə bir qərarının məntiqini anlamaq çətindir. Xarici ölkə diplomatlarının Ermənistan-Azərbaycan sərhədinə səfərləri və orada müşahidə missiyası ilə görüşləri Azərbaycanda narazılıqla qarşılanır və bunu Bakı ilə tərəfdaşlıq münasibətləri olan London bilməmiş deyil. Çünki Ermənistan tərəfdən sərhədimizə yaxın ərazilərə təşkil olunan səfərlər belə bir təəssürat yaradır ki, guya Azərbaycan Ermənistanın həmin ərazisinə təhlükə yaradır. Bu isə Azərbaycan əleyhinə siyasətin tərkib hissəsidir.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi attaşesi aprelin 18-də digər səfirlər və hərbi attaşelərlə birgə Xankəndi və Şuşada olublar. Görünür, London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndiyə və Şuşaya səfəri ilə “balans” yaratmaq istəyib. Ancaq Böyük Britaniyanın Ermənistandakı səfirinin səfər proqramı fərqli olub”.

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının bölgədə olan Müşahidə Missiyası tamamilə destruktivdir və missiyanın üzvləri zaman-zaman pozucu addımlar atır. Onun sözlərinə görə, bu addımlar sülhə və təhlükəsizliyə ciddi əngəl yaradır:

“Ermənistan bu cür görüşlərlə guya regional təhlükəsizliyin təmin olunması və sülh proseslərinin irəliləməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığını gücləndirməyə çalışdığını göstərsə də, bir sıra dövlətlərin bu missiyanın əlində alətə çevrilməsi sirr deyil.
Aİ Müşahidə Missiyası faktiki olaraq bölgə üçün ciddi təhdidlər formalaşdırır. Bu baxımdan Böyük Britaniyanın Ermənistandakı səfirinin Avropa Müşahidə Missiyasının üzvləri ilə görüşü Azərbaycan üçün qəbuledilməz haldır. Ümumiyyətlə, Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilərin olmamasına rəğmən Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü paradoksal mənzərə yaradır. Böyük Britaniya və Aİ-nin bu cür fəaliyyətləri öz diplomatik siyasətlərinin və regional maraqlarının tərkib hissəsidir. Onlar insan hüquqları, sabitlik və sərhədlərdə gərginliyin azaldılması məqsədilə bu missiyaları dəstəklədiklərini bildirirlər. Lakin regionun əsas tərəflərindən biri olan Azərbaycanın narahatlıqlarının nəzərə alınmaması bu missiyaların effektivliyinə və qəbul olunmasına mənfi təsir göstərir. Əgər bu təşəbbüslər regionda balanslı şəkildə həyata keçirilsə, tərəflər arasında etimad mühitinin formalaşmasına töhfə verə bilər. Əks halda, bu addımlar regionda gərginliyin artmasına və sülh prosesinin uzanmasına gətirib çıxara bilər”.

Böyük Britaniya ilə Azərbaycanın tərəfdaş ölkə olduğunu xatırladan politoloq deyib ki, Azərbaycan və Böyük Britaniya uzun illərdir ki, strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirirlər. Bu münasibətlər enerji, ticarət, təhlükəsizlik və təhsil sahələrini əhatə edir:
“Britaniya hər zaman beynəlxalq təhlükəsizliyin, sülhün tərəfdarı olduğunu bildirib, bu mövqedən çağırışlar edib. Böyük Britaniya həmçinin regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolunu tanıyır. Hər iki ölkə antiterror mübarizəsində və beynəlxalq təhlükəsizlik platformalarında əməkdaşlıq edir. Bu baxımdan Britaniya səfirinin bu addımı anlaşılmazdır.
Hesab eirəm ki, Böyük Britaniyanın Ermənistandakı səfirinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə görüşü, Azərbaycanın maraqları və regional balans baxımından diqqətlə izlənilməlidir. Azərbaycan diplomatları, bu məsələləri beynəlxalq tərəfdaşlarla müzakirə edərək, ölkənin maraqlarını qorumağa çalışmalıdırlar”.

Geri qayıt