Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sülhlə bağlı tələsməyə ehtiyac yoxdur
Əsas Səhifə > Güney Press > Sülhlə bağlı tələsməyə ehtiyac yoxdur

Sülhlə bağlı tələsməyə ehtiyac yoxdur


23-04-2025, 15:03
Sülhlə bağlı tələsməyə ehtiyac yoxdur
"Ermənistan-Azərbaycan sülh danışıqları dalana dirənməyib". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Spiker bildirib ki, ortada tərəflər arasında razılaşdırılmış sənəd var. Simonyan qeyd edib ki, Sankt-Peterburqda Azərbaycan parlamentinin sədri ilə kiçik təkbətək söhbəti olub: "Məncə, çıxılmaz vəziyyətdən danışmağa ehtiyac yoxdur və ola da bilməz. Prosesin mümkün qədər tez başa çatdırılması Azərbaycan tərəfinin də marağındadır". Məlumat üçün əlavə edək ki, ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ATƏT-in baş katibi Firidun Sinirlioğlu arasında İrəvanda görüş keçirilib. Tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər. Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesi, o cümlədən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi müzakirə edilib. Rusiyalı hərbi ekspert, politoloq Aleksandr Perenciyev deyib ki, Nikol Paşinyan nə qədər hiyləgər olmağa çalışsa da, manevr taktikasına əməl etsə də, o, konstitusiyanı dəyişdirməli və sülh sazişini imzalamalıdır: "İrəvan daha yeni nəsə fikirləşə və ya konstitusiya ilə bağlı referendumu təxirə sala bilməyəcək. Hazırda isə Ermənistan və Qərbin müxtəlif oyunları davam edir". Onun sözlərinə görə, Ukrayna ətrafında münaqişə bitdikdən sonra İrəvanın tez bir zamanda “melodiyası”nı dəyişməsi ehtimalı yüksəkdir: "O vaxta qədər Azərbaycan təzyiq edəcək, İrəvan qaçmağa davam edəcək".

Millət vəkili Rasim Musabəyov deyib ki, sülh sazişi 17 bənddən ibarətdir və bu məsələ artıq razılaşdırılıb. Ancaq bu sənəddə Azərbaycanın iki mühüm tələbi yer almır. Deputatın sözlərinə görə, müqaviləni imzalamaq üçün Ermənistan "ev tapşırığını" etməlidir:

"Söhbət ATƏT-in Minsk qrupunun prosesdən kənarlaşdırılmasından yox, birbaşa ləğvindən gedir. Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir. Çünki Minsk qrupunun qalması "Qarabağ məsələsi"nin beynəlxalq gündəmdə saxlanması deməkdir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksə də, bir müddət sonra deyə bilər ki, "Qarabağ ermənilər üçün muxtariyyət olmalıdır". Bu, ikitərəfli münasibətlərin normallaşmasına zidd məsələ olar. Ona görə Azərbaycan tələb edir ki, ATƏT-ə birgə müraciət etməklə Minsk qrupunun fəaliyyətinə xitam verilməlidir. Ümumiyyətlə, beynəlxalq gündəlikdə "Qarabağ" adlı məsələ olmamalıdır. Ermənistan əvvəllər deyirdi ki, sülh müqaviləsi imzalansın, Minsk qrupuna sonra baxılar. İndi yumşalıblar, deyirlər ki, sülh sazişi ilə yanaşı, Minsk qrupunun ləğvinə dair müraciətə imza ata bilərlər. Əslində, Minsk qrupu mövcud deyil. Heç bir toplantı, müzakirə, qərar yoxdur. Onsuz da işləməyən qurum aradan qaldırılmalıdır".

Parlament üzvü vurğulayıb ki, Nikol Paşinyanın Konstitusiyanın dəyişdirilməsi tələbi ilə bağlı da mövqeyi yumşalıb:
"Baş nazir parlamentdə bəyan etdi ki, Müstəqillik bəyannaməsi cəfəngiyyatla doludur, Ermənistan dövlətçiliyinə ziddir. Paşinyan bildirdi ki, yeni Konstitusiyada həmin məqamlar olmayacaq. Belə başa düşürəm ki, yeni Konstitusiyanın preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Onun əvəzinə Avropaya inteqrasiya məsələsini Konstitusiyaya sala bilərlər. Yəni şirnikləndirici məqamlarla insanları referendum səsverməsinə cəlb etməyə çalışarlar. Paşinyanın vəziyyəti mürəkkəbdir. Düzdür, rəqiblərinin nüfuzu aşağıdır, ancaq referendumu pozmaq üçün rəqiblərinin hamısı birləşə bilər. Qanuna görə, seçicilərin yarısı seçki prosesində iştirak etməli və yarısından çoxu yeni Konstitusiyaya "hə" deməlidir".

Millət vəkili vurğulayıb ki, Müstəqillik Bəyannaməsi referendumla qəbul olunmayıb, parlamentdə qəbul olunub:
"Zəhmət çəksinlər, parlamentdə həmin bəndin qüvvədən düşməsi ilə bağlı qərar qəbul etsinlər. Referendumu o halda keçirmək mümkündür ki, ortada yeni Konstitusiyanın mətni olsun, ya da Konstitusiyaya hansısa dəyişikliklər mətni dərc olunsun. Hələki belə bir sənəd ortalığa çıxarılmayıb. Paşinyan ilin sonunadək Konstitusiya ilə bağlı sənədi dərc etməyə hazırlaşır. Ancaq referendumdan öncə parlament seçkisini keçirmək, çoxluğu təmin etmək niyyətindədir. Hakimiyyəti əlində saxlayan gücün Konstitusiya ilə bağlı referendumu öz xeyrinə keçirmək şansı artacaq. Əslində, bizim tələsməyə ehtiyacımız yoxdur. Azərbaycana qarşı ərazi iddiası Konstitusiyadan çıxarılsa, sabah ermənilər əllərinə fürsət düşən kimi yenidən iddialarla çıxış etməyəcəklərmi? Bunu bəzi ermənilər diskussiyalarda özləri də deyirlər. Həm də belə təcrübələr var. Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımışdı, hətta təminat da vermişdi. Ancaq buna baxmayaraq, Ukrayna ərazilərinin 20 faizini işğal edib. Azərbaycan ərazi bütövlüyünün təmin olunmasını hansısa kağız parçasına yox, öz qüdrətinə, ordusuna bağlayır. Yəni sülh sənədi bizdən çox Paşinyana lazımdır ki, sabah ona qarşı çıxan revanşistlərin istinad nöqtəsi olmasın".

Geri qayıt