Əsas Səhifə > Güney Press > Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı

Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı


Bu gün, 11:26
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı
Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Fərhad azyaşlı qızı Laləyə (adlar şərti verilib – red.) işgəncə verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 16 aprel 2024-cü ildə saat 18 radələrində Fərhad 2020-ci il təvəllüdlü qızı Laləni evin mətbəxində cəzalandırıb.

O, evin mətbəxində azyaşlının öz nəcisini stəkana yığdığını görüb. Mətbəx otağında çay qaşığını qaz sobasında qızdırıb, qaşıqla onun hər iki qollarını, bel nahiyəsini davamlı olaraq yandırıb.

İstintaq orqanı tərəfindən Fərhadın barəsində Cinayət Məcəlləsinin 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fəranə ilə 2016-cı ildə ailə həyatı qurub, bu evliliklərindən üç övladı dünyaya gəlib: “Aprelin 16-da təxminən saat 18 radələrində yaşadığım evdə qızımın mətbəxdə stəkanın içərisini öz nəcisini doldurduğunugördüm. Əsəbləşərək çay qaşığını götürdüm və peçin üzərində qızdıraraq hər iki qolunu yandırdım.

Daha sonra saat 19 radələrində arvadıma votsapda səs göndərərək qızımızın əllərini yandırdığımı dedim və ona krem almağı tapşırdım”.

Təqsirləndirilən şəxs bildirib ki, əsəbələri sakitləşəndən sonra elə həmin gün azyaşlı qızını Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparıb.

Azyaşlı zərərçəkmiş isə ifadəsində atası tərəfindən dağlanan zaman ağladığını bildirib.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhadın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il şərti cəza verilib.

Geri qayıt