Əsas Səhifə > Güney Press > Pensiya ilə bağlı qalmaqal:
Pensiya ilə bağlı qalmaqal:Dünən, 13:10 |
![]() “Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər”. Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib. Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir: "Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb". Pensiya yığım kapitalının ikiyə bölünməsi məsələsi ilə bağlı ictimaiyyətin fikirləri birmənalı deyil. Bu barədə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquqşünas Sahib Məmmədov öz “Facebook” səhifəsində yazıb ki, Milli Məclis üzvləri bəzən qeyri-standart açıqlamalar verir: “Sonra media nümayəndələri də bizlərdən izahat istəyirlər. Dünən Milli Məclisin deputatı, hörmətli Mübariz Qurbanlı belə bir fikir söyləyib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər. Mərkəzi İcra Hakimiyyəti orqanına 10 il rəhbərlik etdiyi dövrü çıxmaqla 1995-ci ildən Milli Məclis üzvü olan çox savadlı bir şəxsin bu fikirləri ilə bağlı mənim özümdə də suallar yaranıb. Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statsitikaya inansaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunların da çoxu qadınlardır. İndi Dövlət Sosial Müdafiə Fondu hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud qadın sadəcə könüllü olaraq evdar qadın olub? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçüb heç məşğulluq orqanlarında uçota da durmayıb”. S.Məmmədovun fikrincə, bir yol qalır: “Gərək qadın məhkəmə qaydasında idda qaldırsın ki, ərim məni işləməyə qoymur. Məncə, ərini məhkəməyə verə bilən qadın onun “işləmə” qadağasını da iqnor edə bilər. Digər problemə gəldikdə, qadın məhkəmə yolu ilə sübut etdi ki, onu işləməyə əri qoymayıb. Bu halda kişinin yığım kapitalı iki hissəyə bölünəcək və 90% halda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına çatana qədər minimum həddə çatmayacaq (bu ildən 46080 manat) və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir? Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu, necə baş verə bilər? Bu hal olsa əmin olun ki, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək”. S.Məmmədov deyir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə, ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa ərinin (arvadının) əmək pensiyasını ala bilər: “Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda, onun əmək pensiyası ərinin əmək pensiyasıdan azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər. Məndə hələ məsələnin ən sadə forması ilə bağlı suallar yarandı. Boşanma halında necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?” Geri qayıt |