Əsas Səhifə > Güney Press, Partiya > Köçəryanın dili ilə mesajlar çatdırılır
Köçəryanın dili ilə mesajlar çatdırılır20-02-2025, 09:46 |
![]() Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın mətbuat konfransında söylədikləri müzakirələrə yol açıb. Hakimiyyətdə olduğu müddətdə Qarabağla bağlı danışıqların dalana dirənməsində xüsusi pay sahibi olan Köçəryan, indi nəyin bahasına olursa-olsun, ATƏT-in Minsk qrupunun saxlanılmasının vacibliyini vurğulayıb: “Biz indi sürətlə dəyişən dünya ilə qarşılaşırıq. Heç kim dəqiq nə olacağını proqnozlaşdıra bilməz. Amma istiqamət təxminən aydındır. Bunun fonunda danışıqlar prosesində qarşısıalınmaz itkilərə səbəb olacaq addımların atılması axmaqlıqdır. Minsk qrupu nəyin bahasına olursa-olsun, qorunub saxlanılmalıdır. Əgər ATƏT-in Minsk qrupu indi buraxılsa belə, yeni beynəlxalq formatın formalaşdırılması son dərəcə çətin olacaq". Köçəryanın çıxışında Rusiyaya ünvanlanmış mesajlar da yer alıb. O, Qərbin Ermənistanla bağlı siyasətini tənqid edib: “Qərb ikili standartlarla Ermənistanı hansısa yolla Rusiyadan uzaqlaşdırmağa çalışır. Rusiya ilə ittifaq dövləti yaratmaqdan qorxmamalıyıq, regionda faktora çevrilməyin mümkün həll yollarından biri də Rusiya ilə ittifaq dövlətidir. Mənim prezident olduğum dövrdə belə bir təklif olmayıb, amma indi belə proseslərə çox praqmatik və çox konkret hesablama ilə yanaşmaq lazımdır". Millət vəkili Sahib Aliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın əbədi bağışlamayacağı və bir gün qanun qarşısında mütləq cavab verəcək Robert Köçəryanın açıqlamalarının çoxu onun öz fikirləri deyil. Deputat qeyd edib ki, Köçəryan hələ də “miatsum”çuluğa başladıqları vaxtdan bağlı olduğu, tapşırıqlarını yerinə yetirdiyi gücün tezislərini səsləndirir: "Azərbaycanın sərnişin təyyarəsini Qroznı üzərində vuran və məsuliyyəti öz üzərinə götürmək istəməyənlərin bu tezisləri niyə Köçəryana verdikləri aydındır. Mesajlar Köçəryanın dili ilə çatdırılır. Mesaj budur ki, Ermənistan danışıqları vasitəçisiz aparmaqla ən böyük səhvi edir, çünki o halda bir neçə ölkənin zəmanəti olmayacaq. Digər mesaj odur ki, ATƏT-in Minsk qrupu formatı qorunmalıdır, çünki sürətlə dəyişən dünyada sabah nə baş verəcəyini heç kim deyə bilməz. Yəni Ermənistan əlverişli məqamın yetişəcəyinə ümid bəsləyir. Məncə, bu, ən təhlükəli məqamdır. Diqqət açıq-aşkar zəifləyən mərkəzə yönəldilir və güclənən qütbdən uzaqlaşdırılır. Halbuki, təcrübəli kapitan özünün kiçik gəmisini fırtınada okeana çıxarmaz. Yaxud okeanda olarsa, ekipajı xilas etmək üçün böyük bir gəmiyə yaxın olmağa çalışar. Həmin şəxslər dünyada baş verənləri anlamır və Ermənistanı ciddi şəkildə təhdid edən addımlar atırlar. Şübhə etmirəm ki, yaxın vaxtlarda Baş nazir Nikol Paşinyan cildini dəyişəcək, heç nə olmamış kimi Rusiya prezidentinə zəng vuracaq və çoxəsrlik "dostluq" barədə tostlar deməyə başlayacaq". Parlament üzvü bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Rusiyanın G8-ə qayıtmalı olduğunu bildirirsə, bu, Ermənistan üçün də xarici siyasətdə yeni imkanların açılması deməkdir: "Qərbin və ya başqasının əlində oyuncaq olmaq cəlbedici deyil. Ermənistan Qərblə düşmənçiliyə getmədən Rusiya ilə düzgün siyasət apara bilər. Ermənistanın keçmiş rəhbərinin bağlı olduğu çevrələr terrorçu, hərbi cinayətkarın dili ilə yenidən onlara sığınmağın vaxtının yetişdiyini çatdırır. Əslində, burada söhbət sığınmaqdan yox, ritorikanı dəyişməkdən gedir. Paşinyan regionda Rusiyanın əleyhinə yönələn ciddi və önəmli addım atmayıb. Əksinə, çox zaman Moskva ilə sinxron hərəkət edib və indi də etməkdədir. Onun Rusiyaya qarşı demarş kimi qiymətləndirilə biləcək açıqlamaları səmimilikdən çox uzaqdır, gözə kül üfürməkdir". Geri qayıt |