Əsas Səhifə > Güney Press > Vətəndaşların silah əldə etməsi prosesi şəffaf olacaq

Vətəndaşların silah əldə etməsi prosesi şəffaf olacaq


18-02-2025, 12:01
Vətəndaşların silah əldə etməsi prosesi şəffaf olacaq
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Xidməti və mülki silah haqqında Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Qanuna əlavə edilən yeni - II-I hissəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.
Yeni sistemin məqsədi ölkədə silah satışı və qeydiyyatında şəfaflığı təmin etməkdir. Yenilik vətəndaşlara daha sürətli xidmətin göstərilməsini hədəfləyir.
Dəyişikliyi müsbət dəyərləndirən ekspertlər qeyd edib ki, silahın elektron qaydada satılması o anlama gəlmir ki, cinayətkarlıq artacaq. Əksinə, yeni üsulla silahı əldə edən şəxs ciddi araşdırılacaq və mənfi halların yaranması mümkün olmayacaq. Bununla da, təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan yaranacaq.
Vətəndaş qeydiyyatda olduğu ünvanı dəyişərsə, onda silahın olması barədə həm köhnə, həm də yeni ərazi üzrə polis orqanına məlumat verməlidir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında mülki silahın əldə edilməsi prosedurunun elektronlaşdırılmasını müsbət dəyərləndirib. Onun sözlərinə görə, bu dəyişiklik vətəndaşların silah əldə etməsi prosesinin şəffaflaşdırılmasına xidmət edir:

“Onlayn rejimə keçildiyi üçün hər şey şəffaf olacaq. Yəni 18 yaşına çatmış, sağlamlığı yerində olan, cinayət məsuliyyətinə cəlb olunmamış insanlar silah almaq hüququ qazanacaq. Bu cür məncə, daha yaxşıdır. Ümumiyyətlə, məsələnin elektronlaşdırılması müəyyən neqativ halların qabağını almağı asanlaşdırır. Bundan sonra yalnız kimin hüququ çatırsa, həmin şərtlər əsasında silah götürə bilər. Bəzi adamlar var idi ki, müəyyən yollarla arayış əldə edərək silah əldə edirdi. İndi isə həmin şəxslərin qarşısı alınacaq”.

Baş verən neqativ hallara toxunan ekspert qeyd edib ki, artıq elektron sistem olduğu üçün hər kəsin adı sistemdə olacaq və silah sahibləri daim nəzarətdə olduqlarını hiss edib, daha məsuliyyətli davranacaqlar:
"Ümumiyyətlə, silah sahibi olan şəxs ona məxsus olan silaha görə məsuliyyət daşıyır. Fərqi yoxdur o silahdan kim istifadə edib, kimin əlinə keçib və istməyərək olub. İstənilən halda silah sahibi evdə, üzərində daşıyarkən təhlükəsizlik qaydalarına riayət etməlidir. Qanuni alınan silahlar dövlət tərəfindən hamısı qeydiyyatdadır. Aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən evlərdə silahların saxlanılma şəraiti ilə tanış olunsa, nöqsanlar varsa, aradan qaldırılsa, verilən tapşırıqlara silah sahibi tərəfindən əməl olunsa, daha yaxşı olar”.

Geri qayıt