Əsas Səhifə > Güney Press > Sülh müqaviləsi gələn ilə qalır?

Sülh müqaviləsi gələn ilə qalır?


18-02-2025, 11:50
Sülh müqaviləsi gələn ilə qalır?
Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin nə zaman imzalanacağı hələ də açıq sual olaraq qalmaqdadır. Artıq Vətən müharibəsindən 5 il keçir və İrəvan sülh sənədinin imzalanmaması üçün bütün yollara baş vurmaqdadır. Bir sözlə, kapitulyant ölkə 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, ikinci “Dəmir yumruq” istəyir.

Bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan azından gələn ilə qədər sülh masasına oturmaqdan yayınmağa çalışacaq. Əsas kimi də gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri göstərilir. Belə fikirlər var ki, əgər sazişə imza atarsa, Paşinyan hökuməti həmin seçkiləri uduzar, revanşistlər yeni bir şans qazanarlar. Bunun əksini düşünüb, hətta bu ilin sonuna qədər sülh sazişinin əldə olunmasını mümkün sayanlar da az deyil.

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında Fransa və Hindistan kimi dövlətlərin Ermənistanı yeni bir müharibəyə təhrik etməsindən danışdı: “Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür. İl təzə başlayıb və Bakı ilə İrəvan arasında hələ ki ciddi gərginlik müşahidə olunmur. Amma Ermənistanın Azərbaycanla sərhəd bölgələrə əlavə texnika cəmləşdirməsi ilə bağlı xəbərlər yayılır. Eyni zamanda avropalı "təqaüdçü müşahidəçilər" tez-tez cəbhə bölgəsində müşahidə aparırlar. Bütün bunlar Azərbaycan tərəfində haqlı narazılıqlar doğurur. Ermənistanın qarşıdakı aylarda təxribatlar törətməsi istisna deyil. Çünki İrəvan hər zaman kənardakı havadarlarının tapşırıqlarını yerinə yetirib. Öz maraqlarından çıxış etməyib. Bu baxımdan sülh sazişinin yubanmasında əsas məsuliyyət Ermənistan tərəfinin üzərindədir. Digər tərəfdən, sülh müqaviləsi ilə bağlı Azərbaycanın qəti mövqeyi mövcuddur. İlk növbədə, Bakı tələb edir ki, işğal altındakı kəndlərimiz qaytarılsın, Zəngəzur dəhlizi açılsın və Azəbaycanın ərazi bütövlüyü rəsmi şəkildə Ermənistan tərəfindən tanınsın. Əgər bunlar baş verməsə, o zaman Ermənistan növbəti dəfə tarixi şansı itirəcək və dalan dövləti olmağa davam edəcək. Ermənistandakı parlament seçkilərinin sülh sazişinin imzalanmasına hər hansı bir təsiri yoxdur. Bu baxımdan, prosesləri sürətləndirərək ilin sonuna qədər sülh sazişinin imzalanması mümkündür. İrəvanın sürətlə silahlanması isə vəziyyəti dəyişir. Düşünməyə əsas verir ki, Ermənistan yeni revanşa hazırlaşır. Çünki Fransa və Hindistan kimi ölkələr işğalçı qonşularımızı yenə də yoldan çıxarmaqla məşğuldurlar".

Siyasi analitik Asif Nərimanlı isə bir qədər fərqli düşünür: “Azərbaycan-Ermənistan sülh sazişinin bu il imzalanması gözləntiləri rəsmi İrəvanın son qərarından sonra yenidən arxa plana keçdi. Çünki 17 maddəlik sülh sazişi layihəsində tələblərdən biri də üçüncü qüvvələrə məxsus qüvvələrin sərhəddən çıxarılması idi, lakin Ermənistan Avropa İttifaqının müşahidə missiyasının müddətini uzatdı. Bu o deməkdir ki, mövcud şərtlərdə razılaşma çətin görünür, hərçənd hadisələrin inkişafı dəyişə bilər, xüsusilə Tramp Administrasiyasının siyasi yanaşmaları Avropanı geosiyasi müstəvidə zəiflədə və təcrid edə bilər. Hadisələrin inkişafında Avropa İttifaqı qüvvələri bölgəni tərk edərsə, 17 maddəlik layihə üzərində razılaşma mümkün ola bilər. Amma bu, yenə də yekun sülh sazişi olmayacaq. 17 maddəlik layihə tərəflərin ortaq məxrəcə gələ biləcəyi məsələlərini özündə ehtiva edir, regional kommunikasiyanın açılması, sərhədin delimitasiyası, Ermənistan Konstitusiyası və digər normativ-hüquqi aktların dəyişdirilməsi kimi məsələlərdə ziddiyyətlər qalır. Bu baxımdan, sülh sazişinin bu il ərzində imzalanacağı ehtimalı azdır. Fikrimcə, sülh sazişini imzalamaq ehtimalı az olsa da 2025-ci ildə Bakı və İrəvan danışıqlarını intensivləşdirəcək”.

Geri qayıt