Əsas Səhifə > Güney Press > Azyaşlıların Həcc ziyarətinə aparılması...

Azyaşlıların Həcc ziyarətinə aparılması...


18-02-2025, 10:55
Azyaşlıların Həcc ziyarətinə aparılması...
"Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəlməyib". Bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib. “Bununla bağlı şayiələr var. Səudiyyə Ərəbistanın rəsmi saytında bununla bağlı xəbər yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir", - o qeyd edib.

İlahiyyatçı alim Hacı Atif İsmayılov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, uşaqların Həcc ziyarətinə aparılması tövsiyə olunmur, lakin bu məsələ valideynlərin öhdəsindədir:

- Azyaşlıların Həcc ziyarətinə aparılmasına dair Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Qadağanın olmadığını, lakin azyaşlıların aparılmasının tövsiyə edilmədiyini bildirib. İcazə verilən hallar və qadağalarla bağlı Səudiyyə Ərəbistanı Həcc Nazirliyi qərar verir. Ola bilər, orada bununla bağlı fikir mübadiləsi aparılır və belə qərara gəlinib ki, azyaşlılar Həcc ziyarətinə gətirilməsin. Ümumiyyətlə, Həcc ziyarətinin məxsusi şərtləri var. Kimlərə vacibdir və hansı hallarda. Şərtlərdən biri şəxsin yetkinlik yaşına çatmış olmasıdır. Yetkinlik yaşı isə müxtəlif ölkələrdə fərqlidir. Gərək yetkinlik yaşı ilə həddi-buluğ yaşı qarışdırılmasın. Həddi-buluğ yaşı başqadır, yetkinlik yaşı başqa. Ola bilər, oğlan və ya qız həddi-buluğ yaşına tez çatsın, amma yetkinlik yaşına bundan bir neçə il sonra yetişir. Yetkinlik yaşı o deməkdir ki, şəxs özünü dərk edir, həyatı anlayır. Yetkinlik yaşı oğlanlarda 14-15 yaşdan sonra, xanımlarda 13 yaşdan sonra başlanır. Ona görə də tövsiyə edilir ki, uşaqlar yetkinlik yaşına çatdıqdan sonra Həcc ziyarətinə aparılsınlar. Çünki bundan əvvəl Həcc ziyarətində olarlarsa, Həcc vacibatı onların öhdəsində qalacaq. Valideynin maddi imkanı çatırsa, övladını Həccə aparmağa, bu, müstəhəb, savab əməl hesab edilir, lakin Həcc əməli o şəxsin boynunda yenə qalır. Çünki yetkin insan deyil. Şəriətdə azyaşlıların Həcc ziyarətinə aparılmasına hər hansı qadağa, qəbahət yoxdur, bu, valideynin ixtiyarına buraxılır. Amma tövsiyə edilir ki, yetkinlik yaşına çatdıqdan sonra aparılması daha yaxşıdır. Bunu Həcc ziyarətini təşkil edən qurumlar tövsiyə edə bilər.

H.A.İsmayılov bildirdi ki, azyaşlıları Həcc ziyarətinə aparmaqdan çəkindirmək mümkün təhlükələrlə də bağlıdır:
- Həcc ziyarəti çətin bir əməldir. Hədsiz dərəcədə sıxlıq yaranır və bu, nəinki kiçik yaşlılar üçün, böyüklər üçün də təhlükə daşıyır. Lakin uşaqlar daha kövrək, gücsüz olduqlarından sıxlıqdan, mümkün çətinliklərdən daha çox zərər çəkə bilər. İstiyə, sıxlığa düşə bilər və səhhətində problem yaranar. Təhlükə, çətinlik ehtimalı hamı üçün var, uşaqlar üçünsə xüsusən, çətin ola bilər. Ona görə də tövsiyə olunur ki, valideynlər körpə uşaqları aparmaqdan çəkinsinlər, onların yetkinlik yaşına çatmalarını gözləsinlər.

Geri qayıt