Əsas Səhifə > Güney Press > Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir

Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir


17-02-2025, 17:15
Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir
İranda Xəzəryanı ölkələrin İqtisadi Forumu öz işinə başlayıb.
APA-nın xəbərinə görə, bu barədə "Tasnim" məlumat yayıb.
Forumun ilk günündə Xəzəryanı ölkələrin nazirləri, nazir müavinləri və digər özəl sektor nümayəndələrinin iştirakı ilə 7 ixtisaslaşmış panel və dəyirmi masa şəklində əsas işgüzar görüşlər keçirilir.
Panellərin nəticələri sabah baş nazirlərin iştirakı ilə keçiriləcək İqtisadi Foruma təqdim olunacaq. Sonda yekun bəyanatın imzalanması ilə əməkdaşlığın maksimum şəkildə inkişaf etdirilməsi haqda razılaşma əldə olunacaq.

Qeyd edək ki, bu gün və sabah Tehranda Xəzəryanı ölkələrin İqtisadi Forumu keçirilir.
Xəzər regionu, dünya iqtisadiyyatı və geosiyasəti üçün əhəmiyyətli bir məkandır. Xəzəryanı ölkələrin iqtisadi inteqrasiyası, bu ərazinin strateji mövqeyindən istifadə edərək regional inkişafı hədəfləyir. Lakin bu inteqrasiya prosesi bir sıra çətinliklərlə qarşılaşır, çünki Xəzəryanı dövlətlər arasında müxtəlif maraqların və siyasi qarşıdurmaların mövcudluğu, əməkdaşlığın inkişaf etməsinə maneə törədir.

Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Xəzəryanı ölkələrin iqtisadi əlaqələrini gücləndirmək üçün atılmalı olan addımlar və qarşılaşılan çətinliklər barədə danışıb:

"Xəzər forumu ard-arda bir neçə dəfə keçirilib. Əsas məsələ Xəzəryanı dövlətlərin iqtisadi inteqrasiyasını təşkil etməkdir. Amma məsələ də ondan ibarətdir ki, Xəzəryanı ölkələrin özlərinin arasındakı münasibətlərdə də bəzi problemlər mövcuddur. Yəni bəzi maraqların toqquşması müşahidə olunur. Amma əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Məsələn Türkmənistan qazının İran üzərindən Azərbaycana, buradan isə Avropaya nəqli, Cənub-Şimal dəhlizinin nəqliyyat koridorunun açılması əsas müzakirə məsələlərindəndir".

Ekspert yeni logistik xəttlərin açılmasından da söz açıb:
"Yeni logistik xəttlərin açılması Azərbaycanda körpü rolunu oynaya bilər. Buna görə də rəsmi Bakının bu formatda iştirakı normaldır. Lakin bu, qeyd etdiyim kimi bəzi hallarda iqtisadi maraqlara mane olur. Siyasi maraqların toqquşması normal iqtisadi qərarların verilməsində müəyyən maneələr yaradır. Yolların açılması isə hamıya sərf edir".

Natiq Cəfərli sonda siyasi məsələlərin, yollara nəzarətin, tarif siyasətinin-bütün bunların hamı üçün iqtisadi sərfəli olan layihənin gecikməsinə səbəb olduğunu bildirib.

Geri qayıt