Əsas Səhifə > Güney Press > USAID-in sonu
USAID-in sonuBu gün, 17:21 |
Donald Tramp administrasiyası sərt qərarları ilə dünya gündəminə səs salmaqdadır. Yeni hökumət bu dəfə ölkənin imicinə çox pis təsir edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesinə başlayıb. Artıq agentliyin rəsmi veb-saytının fəaliyyəti dayandırılıb və hazırda əlçatan deyil. Bundan əvvəl ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər: “USAID bərpa oluna bilməz”. Ötən həftə administrasiya ABŞ-nin xarici yardımlarını dondurub. Mask USAID agentliyini Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada iddia edilir ki, koronavirus məhz bu laboratoriyadan yayılıb. İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib. Bildirilib ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır. Donald Trampın elan etdiyi "Amerika hər şeydən əvvəl" xəttini həyata keçirməkdə israrlıdır və bu strategiyasını həyata keçirmək üçün USAID-dən başlayıb. 100-dən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollardan çox büdcəyə malikdir. Bu təşkilat dünyada, xüsusilə postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Agentlik Cənubi Qafqazda da bu siyasətini yeritməyə çalışıb. Qonşu Gürcüstanda baş tutmayan inqilab ssenarisində də bu təşkilatın xüsusi rolu olub. Tbilisi hakimiyyəti son açıqlamalarda bunu rəsmən təsdiqləyib. "USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib". Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "X"də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib. O vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb. Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Papuaşvili iddia edib ki, USAID-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. O, həmçinin həmin dövrdə ABŞ-nin Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib. USAID analoji fəaliyyətini illər öncə Azərbaycanda da həyata keçirməyə çalışıb, lakin cəhdləri baş tutmayıb. Belə ki, təşkilat müxtəlif qrant və ianələr hesabına Azərbaycanda öz planlarını reallaşdırmağa cəhd göstərib. USAİD-in ən böyük qərəzi və riyakarlığı ondadır ki, onun rəhbərləri Bakıda səfərdə olarkən Ermənistandan - tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. Qurum onlara heç bir yardım etməyib. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. 1991-ci ildən USAlD "Azərbaycana dəstək" proqramlarına 450 milyon dollardan çox vəsait sərf etsə də, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda 22 layihə üzrə İrəvana dəstək davam edir. Hesab edirik ki, adıçəkilən təşkilata ən böyük qiyməti Prezident İlham Əliyev verib. O, 2024-cü il dekabrın 18-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunub. “Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”, - deyən dövlət başçısı ardınca ümid etdiyini bildirib ki, Tramp administrasiyası onu qadağan edə bilər. Görünür, ABŞ-nin yeni hökuməti də USAID-in nə qədər təhlükəli olduğunu anlayıb və ilk tədbirlərindən biri də onu bağlamaqdır. Bir faktı da qeyd edək ki, USAID-in Azərbaycana qarşı qərəzi, xüsusilə, 2023-cü ildən sonra, daha dəqiq ifadə etsək, ölkə öz suverenliyini bərpa etdikdən sonra start götürdü. Keçmiş Bayden administrasiyası tərəfindən ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqlər başladı, Azərbaycanı cəzalandırmaq üçün "907-ci düzəliş" ortaya atıldı. Yəni Bayden administrasiyası Azərbaycanı yardımlardan məhrum etməklə "cəzalandırmaq" istədi. Qeyd edək ki, USAID-in direktoru ermənipərəst Samanta Pauer adlı xanımdır. O, dəfələrlə separatçılara dəstək verməsi ilə tanınır. Bu xanım bir dəfə iddia edib ki, Azərbaycanı tərk etmiş könüllü ermənilərin sayı 100 mindən çoxdur. Eyni zamanda, Qarabağda özünü "dövlət naziri" elan edən və hazırda Bakıda məhkəməsi keçirilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanın Samanta Pauerlə də sıx əlaqələri olub. Belə ki, Vardanyanın "Aurora" təşkilatının təsis etdiyi mükafatlardan biri məhz Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat 1 milyon dollar məbləğində qrant alır. Samanta Pauerin rus casus Vardanyanla bu qədər yaxın əlaqəsi ağıla başqa şübhələr də gətirir. Görünür, ABŞ prokurorluğu hesab edir ki, senator Bob Menendez (korrupsiya və rüşvətxorluqda ittiham olunaraq həbs edilib - red.) kimi, Samanta Pauerə də diqqət yönəldilməsinin vaxtı çatıb, hətta keçib. Azərbaycan da dəfələrlə USAID-lə bağlı rəsmi səviyyədə narazılığını ifadə edib. Məsələn, xarici işlər naziri Ceyhun Bayramov “Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”, - deyib. Trampın böyük ehtimalla təşkilata qarşı çıxmasının mühüm səbəblərindən biri də USAİD-in adının narkotik vasitələrin satışı və becərilməsində iştirakı ilə bağlıdır. Yayılan xəbərlərə görə, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Onun Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə mediada xəbərlər yayılıb. USAİD bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətlər verib. Bundan əlavə, təşkilat bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi ilə yadda qalıb. Məlumat üçün bildirək ki, 1970-ci illərdə ABŞ-də dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAİD-ə keçib və bu günə qədər bu praktika davam edir. USAİD hələ də ələ keçirdiyi media qurumlarını saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar xərcləyir. USAİD Nyu-Yorkun meri və prezident Donald Trampın kibertəhlükəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromat tapılması üçün Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya dair Hesabat Layihəsinə (OCCRP) 20 mln. dollar qonorar vermişdi. Bu ifşa, həmçinin OCCRP-nin jurnalist araşdırmalarının nə dərəcədə “ciddi” və “müstəqil” olduğunu nümayiş etdirir. Təşkilat, həmçinin hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil edib. Bundan əlavə, USAID-in Çinin Uhan şəhərində koronavirus tədqiqatlarını maliyyələşdirməsi barədə də xəbərlər var. Beləliklə, Tramp administrasiyası bədnam USAlD-in təkcə dünya deyil, ölkəsi üçün də necə bir təhlükə olduğunu başa düşüb və onun fəaliyyətinə xitam vermək, yaxud nəzarət altına almaq qərarı verib. Bu baxımdan, Prezident İlham Əliyevin sözügedən təşkilatla bağlı səsləndirdiyi tarixi proqnoz özünü doğruldub. Report.az Geri qayıt |