Əsas Səhifə > Güney Press, Partiya > "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək"

"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək"


Bu gün, 11:33
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək"
"DİA-AZ" Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun Pravda.az-a müsahibəsini təqdime dir:

- Siyavuş müəllim, bir neçə gün öncə ölkədə bələdiyyə seçkiləri keçirildi. Hökumət tərəf bildirir ki, seçkilər şəffaf keçirilib. Müxalifət isə nöqsanlara yol verildiyini iddia edir. Onlar bildirirlər ki, əgər hökumət şəffaflıqda birmənalı maraqlıdırsa, niyə seçki dairələri üzrə məntəqələrin cəmi 20%-də müşahidə kameraları var?

- Azərbaycanda həmişə azad, ədalətli, demokratik seçkilər keçirilib. Mən dünyanın bir çox ölkəsində seçki müşahidələrində iştirak etmişəm. Məsələn, ABŞ-də 1995, 1997, 1999-cu illərdə seçki prosesində, senator, o cümlədən qubernator seçkilərində iştirak etmişəm, seçki qərargahlarında olmuşam. Şərqi Avropada, post-sovet məkanında - Ukraynada, Gürcüstanda, Baltikyanı ölkələrdə keçirilən seçkilərdə də həmçinin... Azərbaycan qədər dəqiq, düzgün, ədalətli seçki keçirilən çox az ölkəyə rast gəlmək olur. ABŞ-də Corc Buş prezidentliyə namizəd olan zaman seçkilərə heç ATƏT-i buraxmadılar ki, siz kimsiniz, bizim seçkilərdə müşahidə aparasınız? Başqa ölkələrdə də bu cür addımlar atılır. Amma biz həmişə seçkilərdə beynəlxalq müşahidəçiləri dəvət edirik. Yerli müşahidəçilər iştirak edir, bütün siyasi partiyalara müraciət olunur. Seçki ilə, insan hüquqları ilə məşğul olan QHT-lər də proseslərdə iştirak edirlər. Veb-kamera, ümumiyyətlə, dünyanın heç yerində yoxdur. Azərbaycan isə məntəqələrin 20%-də veb-kamera quraşdırır ki, dünyadan birbaşa prosesi izləmək olsun. Bundan artıq nə şəffaflıq ola bilər? 70 min müşahidəçi müşahidə aparır. 16 min nəfər namizədliyini irəli sürmüşdü, qarşılıqlı, alternativli mübarizə gedirdi. İndiyə qədər bələdiyyə seçkisi ilə bağlı, demək olar, heç bir şikayət daxil olmayıb. Nə namizədlərin irəli sürülməsində, nə də imzatoplama kampaniyasında. Ötən il keçirilən prezident, o cümlədən parlament seçkilərində də eyni qayda oldu. Kim istəyirsə, namizədliyini irəli sürür. Seçicisi varsa, dəstəklənir.

- Belə şərhlər də var ki, əvvəlki illərə nisbətən ölkə siyasətində sanki durğunluq hökm sürür...

- Qəti şəkildə bu cür hesab etmirəm. 2024-cü ilin yekun hesabatını başa çatdırdıq. Azərbaycanda iki seçki keçirildi, hələ bir seçkiyə də start verildi. Bir ölkədə 3 seçki keçirilirsə, burada hansı durğunluqdan danışmaq olar? Hər seçkiyə 2 ay müddət verilir. Hələ əvvəlcədən də hazırlaşırsan. İl boyu aktiv siyasi proseslər gedib. Bundan başqa, ölkəmizdə 130-dan artıq beynəlxalq tədbir, dövlət tədbiri keçirilib. Azərbaycan sabitlik adasıdır, insanlar proseslərdə iştirak ediblər. Həm dinlərarası, həm mədəniyyətlərarası, həm iqtisadi əlaqələrlə, həm də başqa dövlətlərlə ikitərəfli münasibətlərlə bağlı tədbirlər keçirilib. Ən əsası isə cəmi 9 ay ərzində COP29 beynəlxalq tədbirinə hazırlaşdıq. Dünyanın 200 dövləti Azərbaycana dəstək verdi, Bakını seçdi. 80 ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak etdi. Ayrı-ayrı ölkələrdən 70 mindən yuxarı insan qeydiyyatdan keçdi, proqramlar qəbul edildi, nəticəsi oldu. Başqa ölkələrdə keçiriləndə heç nəticə yox idi. Bəs belə olan şəraitdə hansı durğunluqdan danışmaq olar? Hələ parlamentin nə qədər tədbirləri keçirilib, qanunlar qəbul olunub, beynəlxalq əlaqələr inkişaf edib. İkitərəfli dostluq qruplarının əlaqələri, o cümlədən beynəlxalq təşkilatlarda iştirak... Bizdə birqütblü deyil, təkcə Avropa qütbünü nəzərdə tutmuruq. Avropa, Asiya, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı... Siyasətdə durğunluq olduğunu deyənlərin heç biri bu proseslərdə iştirak etmirlər, sadəcə, kompüteri qarşılarına qoyub, nə fikirləşirlərsə, yazırlar. Təhlil aparıb, sonra nəticə çıxarmaq lazımdır. Təhlilsiz nəticənin heç bir əhəmiyyəti yoxdur.

- Sizin də son dövrlər siyasətdən kənarda olduğunuzu deyənlər var. Hətta belə fikirlər var idi ki, siz növbəti parlament seçkilərində mandat qazana bilməyəcəksiniz...

- Bilirsiniz, çox şeylər deyirlər, yazırlar, şərh edirlər, amma bu şərhlərin əsası yoxdur. 26-cı ildir ki, Milli Məclisin üzvüyəm. Parlament jurnalistlərinin, ayrı-ayrı mətbuat orqanlarının keçirdikləri sorğu əsasında 25 ildə 25 dəfə mənə “İlin ən fəal deputatı” adını veriblər. Sorğunu keçirənlər jurnalistlərdir, onlara təsir etmək olmaz, hərəsi bir mətbu orqanı təmsil edir. Bu il də zəng etdilər ki, 1 milyon izləyicimiz var, sorğu keçirdik, yenə siz birinci yerə çıxdınız. Kiminsə paxıllığının, hansısa addımı ata bilməməsinin günahkarı mən deyiləm. Günahı özlərində axtarmalıdırlar. Namizəd olduğum seçki dairəsində 11 alternativ namizəd vardı. Respublika üzrə ən çox namizəd bu dairədə idi. Namizədlərin hamısı azad şəkildə qeydiyyatdan keçmiş, seçki prosesinə qoşulmuşdu. Seçicilər bilirlər ki, kimə səs vermək lazımdır və veriblər. Buna görə də üç-beş nəfərin nəsə deməsi... Heç onlara əhəmiyyət vermirəm, yolumu davam edirəm.

- Axı əvvəllər, hətta sizi mitinqləri izləyən görmüşük. Real baxıb, real qiymət vermisiniz. Bəlkə, buna görə də deyirlər ki, bir qədər kənara çəkilmisiniz?

- Bəli, mitinqləri həmişə müşahidə etmişik. Axı indi elə bir mitinq yoxdur, çünki sosial baza, elektorat yoxdur. İnsanlar artıq gördülər ki, mitinqdən tamamilə sui-istifadə edirlər. Buna görə də bunları baykot ediblər. Xatırlayırsınızsa, 2020-ci ilin iyul ayında Tovuz rayonunda Ermənistan Azərbaycan sərhədində təxribat törətmişdi. Azərbaycana qarşı ağır çaplı silahlardan istifadə etmişdi. Azərbaycan Ordusu erməniləri susdurdu. Hələ 44 günlük Vətən müharibəsi başlamamışdı. İnsanlar sevincindən küçəyə çıxdı. Bundan sui-istifadə etməyə başladılar. Parlamentin binasına hücum çəkdilər. Yaxşı, nə baş verib ki, parlamentin binasına hücum çəkirsən, pəncərəsini sındırırsan. Biri inzibati binada çılçırağı çırpıb sındırırdı. Bu, dövlətin əmlakıdır ey! Məğlub olmuşuqsa, hansısa günahımız varsa, bu başadüşüləndir. Axı ermənilərin üzərində qələbə çalınıb. Deməli, sən bu qələbəni həzm edə bilmirsən, tamam başqa istiqamətə yönəldirsən. Bax, belə şərhləri yazanlar bu cür insanlardır - dövlətdə aparılan islahatları, inkişafı həzm edə bilməyənlər, xarici kəşfiyyata işləyənlərdir. Onlardan istifadə edirlər. Belələri indiki vəziyyətdə kütləvi toplantılarda yüz cür təxribat törədə bilərlər. Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur. Kim istəyirsə, əvvəlcədən elan edir, yer ayrılır, gedib mitinqini keçirir. Bunlar isə deyirlər ki, metrostansiyaların çıxışların keçirək. Metronun çıxışında onsuz da insanlar hərəkət edirlər. “Fəvvarələr meydanı”na gedək, elə indi orada on min adam o tərəfə gedir, on mini də bu tərəfə. Gedib onların qabağında şəkil çəkdirib xaricilərə göndərmək istəyirlər ki, guya hökumətin əleyhinə mitinq keçiriblər. Bu, baş tutan məsələ deyil. Ayrılan yerlər, stadionlar var, şərait yaradılır, təhlükəsizlik təmin olunur. Get, mitinq keçir…

- Şərh yazanlardan danışdınız. Əvvəlki müsahibələrinizdə demişdiniz ki, sosial şəbəkələrdə sizə yazılan şərhlərdən xəbəriniz var. İndi də şərhləri oxuyursunuz?

- Oxuyuram, oxuyan kimi bəlli olur ki, kim kimdir. Böyük əksəriyyəti xaricdə oturanlardır. Artıq vətəni satıblar, ayrı-ayrı dairələrə xidmət göstərirlər. Onların da ömrünə çox qalmayıb. Bunlar istifadə olunub, tullanılan adamlardır. Xaricdəkilərin siyasətinə lazım olmayanda kənara tullanılırlar, çünki onlar heç vaxt əlavə adam saxlamağı sevmirlər. Yaxın vaxtlarda şahidi olacaqsınız ki, xaricdə oturanların hamısını tamamilə öz ərazilərindən uzaqlaşdıracaqlar.

- Siyavuş müəllim, Azərbaycan Konstitusiyasında boşluqların olması barədə müzakirələr aparılır. Bəziləri isə Konstitusiyanın mükəmməl olduğunu deyirlər...
​​​​​
- Mükəmməl Konstitusiyadır, amma dövr inkişaf etdikcə, zaman keçdikcə müəyyən məsələlər ortaya çıxır. Ölkə inkişaf edir, yeni strukturlar yaranır, islahatalar həyata keçirilir. Bu islahatlar həyata keçirildikcə müəyyən məsələlər özünü göstərir. Hansısa məsələ vaxtilə Konstitusiyaya salınıb, o dövrün tələbi idi və bu gün isə artıq müəyyən dəyişikliklər olunmasının zərurəti ortaya çıxır. Məsələn, əvvəl bir qanun qəbul etmişik, bu gün artıq o qanun həmin reallığı əks etdirmir. Buna görə də dəyişiklik edirik. Müxtəlif insanlar müxəlif cür yanaşırlar. Konstitusiyanı tez-tez dəyişmək də olmaz. Konstitusiya elə bir sənəddir ki, daim qalmalıdır. İndi Amerikada da Konstitusiyaya dəyişiklik edilməsi gündəmə gəlib, bir namizədin 2 dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması təklif olunur. Doğrudan da, ədalətsiz məhdudiyyətdir. ABŞ-nin ən qızıl dövrü Bill Klintonun dövrü idi. Klinton iki dəfə seçildi, çox yaxşı nüfuzu var idi. Üçüncü dəfə də namizədliyini versəydi, o adam seçilə bilərdi. Amerikanı inkişaf etdirə, irəli apara bilərdi. Amma həmin müddəa imkan vermədi ki, Klinton üçüncü dəfə prezident seçilsin. Nəticədə, bu gün Amerikada baş verən hadisələr cərəyan edir. Amerika fundamental, öz dəyərlərindən kənara çıxaraq tamamilə başqa, demokratiyanın, insan hüquqlarının müdafiəçisi yox, əksinə - anti-demokratik, insan hüquqlarını tapdayalan, başqa ərazilərə göz tikən, başqalarının sərvətindən sui-istifadə edən bir dövlətə çevrilib. Nəzərdə tutduğumuz qanunların hər birində müvafiq dəyişikliklərə ehtiyac var. Konstitusiyada regional məsələlərlə də bağlı müəyyən məqamlar var. Vaxtilə birinci katiblik icra hakimiyyətinə çevrildi. Sonra bələdiyyələr yarandı. İndi işğaldan azad olunan ərazilərdə, o cümlədən Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndələri fəaliyyət göstərir. Bunların hamısının yekdil forması tapılmalıdır. Bu forma Konstitusiyada ehtiva olunur. Məsələn, seçki müddəti, seçkinin tarixi Konstitusiyaya salına bilməz. Bu, Seçki Məcəlləsində olmalıdır. Bu məsələ də xeyli müzakirə olundu. Prezident, bələdiyyə seçkiləri yox, Konstitusiyada parlament seçkilərinin keçirilmə tarixi yazılıb. Axı bu, Konstitusiyanın müddəası deyil, aidiyyəti yoxdur. Belə məqamlar var, yəqin, bununla əlaqədar mütəxəssislər işləyib hazırlayaralar. Bu, gələcəyin işidir. Hazırda Konstitusiya mükəmməl şəkildə həyata keçirilir, bunun əsasında ölkənin idarə olunması davam edir.

- Bu yaxınlarda təklif verdiniz ki, iki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır. Təklifinizin reallaşması gözləniləndirmi?

- Təbii ki, təkliflərimizi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, o cümlədən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə vermişik. Yəqin ki, onlar da hazırlayırlar. Vaxtilə 3 uşağı olanları demişdik. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib, güclü Ordumuz var. Ordu tədricən müqavilə əsasında olan sistemə keçir. Vətən müharibəsi göstərdi ki, müqavilə əsasında olanlar daha fəal döyüşürlər, daha aktiv, qorxmazdırlar. Digərlərinin haqqına girmirəm, amma 18 yaşındakı uşaqla 25-30 yaşındakı yetişkin insan eyni deyil. Biz bunu görmüşük. Həm də bu adamın iki övladı var. İki övladı saxlamağın özü də dövlətə bir köməkdir. Yaxşı, iki övladını evdə qoysun, həyat yoldaşı işləyir, ya işləmir. Bu adamı xidmətə apardılar. Məsələnin maddi və mənəvi tərəfləri var. İki övlad il yarım atasını görmür. Bu, uşağa travma verə bilər. “Atam haradadır? Evdə idi, birdən-birə hara yox çıxıb?” Elə uşaq var ki, artıq ağlı kəsir, 5-6 yaşı var. İndi hərbi xidmətlə bağlı yaş həddini də 30-a saldıq, əslində bu rəqəm keçmişdə 27 idi. Yaş həddi 27-yə salınsa, daha yaxşı olar. 27 yaşa qədər hərbi xidmətə çağırış düzgündür. Yəni 30-35 yaşlı adamla 18 yaşındakı eyni xidməti göstərə bilməz. Bu, hərbi Nizamnaməyə də uyğun gəlmir. Tamamilə başqa şeylərdir. Bir dəfə şahidi oldum ki, ata və oğlu eyni yerdə xidmət edirlər.

- Bəs alternativ hərbi xidmət müzakirə olunsa da, niyə hələ də bizim ölkədə həyata keçirilmir? Siz də bir az öncə dediniz ki, müharibə başa çatıb. Sülh imzalansa, alternativ hərbi xidmətə keçmək mümkündür?

- Həqiqi hərbi xidmət çağırış əsasında formalaşır. Alternativ hərbi xidmət müqavilə əsasındadır, həmin şəxslər əməkhaqqı alırlar. Alternativ xidmətin əsası isə bundan ibarətdir ki, kimsə psixoloji, dini və s. baxımdan əlinə silah götürə bilmir. Bu insanlardan bir çox ölkələrdə də başqa sahələrdə istifadə olunur. Həqiqi hərbi xidmətdən yarım dəfə artıq qulluq göstərirlər. Məsələn, hərbi hospitalda yaralıların daşınması. Xidmət il yarımdırsa, alternativ xidmət çəkənlərdə xidmət müddəti iki il olur. Bu adamın psixologiyası qəbul etmir, silah götürməyə qorxur. Ona zorla silahı necə verək? Bu məsələ bir neçə dəfə qaldırılıb, Konstitusiyamızda da var. Əvvəl qanun qəbul etmirdik ki, ölkədə müharibə gedir. Güman edirəm, sülh müqaviləsi bağlandıqdan sonra bu məsələyə toxunacağıq.

- Bəzi hüquqşünaslar bildirirlər ki, əfvetmə hüquqa ziddir. Əslində humanist yanaşmadır, sizin mövqeyiniz necədir?

- Dünyanın hər yerində əfv hüququ var. Qədim Romadan başlamış bu günə qədər əfv hüququ mövcuddur. Çinin 5 min illik tarixi var. İmperator samurayları öldürənləri əfv edirdi. Yaponiyada da həmçinin. Əfv etmək yuxarıda Allahın, yerdə hökmdarın, indi isə Prezidentin səlahiyyətlərinə daxildir və tam hüquq normalarına, haqqa, ədalətə, o cümlədən mənəvi dəyərlərə uyğun məsələdir. Əfvə zərurət var. Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən bu günə qədər çox sayda əfv fərmanı imzalanıb. Həm Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin dövründə 13 aministiya aktı qəbul olunub, 70-dən artıq əfv sərəncamı imzalanıb. İnsanlar hər bayramda həsrətlə gözləyirlər. Hər bir ana, ailə, övlad gözləyir ki, doğmaları əfvə düşəcək. Doğrudan da, vacib məsələdir.

Sizcə, yaxın dövr ərzində əfv sərəncamı gözləniləndir?

- Respublika Günü, Novruz bayramı və s. kimi əlamətdar günlərdə əfv sərəncamı imzalanır. Əfv Məsələləri Komissiyası, doğrudan da, çox məhsuldar işləyir. Hüquq-mühafizə orqanları, QHT-lər, parlament bu işə cəlb olunub. Müraciətlər çoxdur. Mənə də nə qədər müraciətlər olub. Ombudsman Aparatına və digər aidiyyəti orqanlara göndərirəm. Kimsə müraciət edir, günahını başa düşür, etiraf edir. Görürsən ki, himayəsində körpə uşaq, yaxud xəstə anası var. Yəqin ki, müraciətlərə baxırlar, Allahın izni ilə, həllini tapacaq.

- Siyavuş müəllim, Azərbaycan müxalifəti niyə yenilənmir?

- Onlar bunu özlərinə iş yeri seçiblər, peşə yox. Siyasət peşədir. Siyasətdə mütəmadi addımlar atılmalıdır. Biri görürsə ki, partiyasını irəli apara bilmir, geri çəkilməlidir, yerini yeni nəslə, yeni düşüncə tərzinə verməlidir. Hərdən iqtidarı tənqid edirlər. Halbuki müxalifətin də əksəriyyəti, demək olar ki, 1990-cı ildə olan müxalifətdir. Bir neçə nəfər kənara çəkildi. Digərləri isə həminki adamlardır. Buna gəlir mənbəyi kimi baxır, fabrik, zavod kimi istifadə edirlər.

- Özünüz dediniz, müxalifət də bu məsələdə hökuməti tənqid edir. Parlamentin tərkibi əsaslı şəkildə niyə yenilənmir? Məsələn, siz də illərdir, parlamentdəsiniz. Xalqın nüməyəndələrindən söhbət gedirsə, müxalifət də yenilənməlidir, parlament də...

- Parlament seçkili orqandır. Seçici gəlir, seçir. Parlament niyə yenilənmir? Budəfəki seçkidə 40 nəfər yeni üzv seçilib. Bu yenilənmədir də. Parlamentin hamısı birdən-birə gedib, birdən-birə gələ bilməz ki. Burada təcrübə, qanunlarla işləmək, debat kimi məsələlər var. Adi məsələ deyil. Bu illərə baxanda görürük ki, mərhələ-mərhələ dəyişiklik olub. Demək olar, parlamentin 80%-i yenilənib. Bundan əvvəlki seçkidə 30-35 nəfər, indi isə 40 nəfər yeni üzv gəlib. Hissə-hissə yenilənir. Köhnələrdən kim qalıb? Çox az, 10 nəfər. Bu, normal haldır. Dünyanın hər yerində belədir. Amerika Senatına, Konqresinə baxın... Hamısı o dəqiqə dəyişir? Xeyr. Makkeyn 50 il senator oldu. Məsələn, Böyük Britaniyada Brüs Corc var idi, deyirdilər ki, parlamentdə doğulub. 80 yaşı var idi, onun 50 ilini parlamentdə keçirmişdi. Hələ Türkiyədə nə qədər yaşlı nəslin nümayəndələri var. Yəni dünyanın hər yerində belədir. Görürsünüz, parlamentdən sonra icra başçısı təyin edirlər, proses dövründə nazir, komitə sədri təyin olunur və sairə...

- Naxçıvandakı dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Naxçıvanda dəyişikliklər gedir. Cənab Prezident İlham Əliyevin Naxçıvanla bağlı qəbul etdiyi 2023-2027-ci il proqramına uyğun işlər aparılır. Birinci növbədə Naxçıvanda azad iqtisadi zona yaradılır. Deməli, çox böyük iş yerləri açılacaq. Yaşıl enerji ilə də bağlı böyük proqram qəbul edilib. Naxçıvan yaşıl enerjinin mənbəyidir. Həm günəş, həm külək enerjisi, həm də dağ çaylarında su enerjisi... Üçüncüsü, Naxçıvanda su mənbələrinin müəyyən olunması, yağış sularının yığılıb saxlanılması və istifadəsi də ciddi məsələsidir. Bilirsiniz ki, Zəngəzur dəhlizi açıldıqdan sonra, açılmasa, İran vasitəsilə keçidlə bağlı yolların hamısı Naxçıvandan keçəcək. Bununla bağlı böyük turizm, otelçilik və digər məsələlər gündəmdədir. 2025-ci ildən başlayaraq Naxçıvanda ciddi işlər davam edəcək. İki elektrik stansiyasının yenidən qurulması nəzərdə tutulub. Minlərlə insan burada işləyəcək. Bütün məsələlər həllini tapdıqca nəinki Naxçıvanın özündən, Naxçıvandan kənardan da gəlib orada işləyə biləcəklər. Naxçıvandakı problem iş yeri problemidir. Qalan problemlər - işıq, qaz, yol, infrastruktur, məktəb, bağça, kənd mərkəzləri, internet ən yüksək səviyyədədir. Elə bir kənd yoxdur ki, yeni məktəbi olmasın. Bələdiyyə binaları, kənd icra nümayəndələrinin binaları yenilənib, yaşıllıqlar salınıb. Su problemi Naxçıvanda həmişə olub. İndi su dünyada problemdir. Keçmişdə arteziandan 20 metrlikdən su çıxırdısa - elə öz həyətimdən götürürəm - indi 50-70 metrdən su çıxır. Çox çətinləşib, çünki dağlara qar yağmadı, sular çəkildi, nəticədə quraqlıq yarandı. Naxçıvanda insanların böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Su olmayandan sonra kənd təsərrüfatı ilə məşğul olmaq çətindir.

- Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsindən istefa məsələsi gündəmdə olanda siz yerli mətbuata müsahibənizdə onunla bağlı müsbət fikirlər səsləndirdiniz. Yenə də həmin mövqeyinizdə qalırsınız?

- Bu insan uzun müddət işləyib, fəaliyyət göstərib. Sonra da istefa verib. Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək. Mən bu psixologiyadan tamamilə uzağam. Kiminsə sözü varsa, o adam işləyəndə üzünə desin, tənqid etsin. Görürsünüz ki, parlamentdə tənqidi çıxışlarım olur, həmişə fikirlərimi söyləyirəm. Nəyə görə? Dövlətə görə, dövlətin inkişafına görə, Prezidentimizin apardığı siyasətə qarşı insanlarımızın narazılığı yaranmasın deyə. Əgər hansısa məmur narazılıq yaradırsa, dövlətin bu sahədə olan siyasəti kənarda qalırsa, öz şəxsi məqsədləri naminə problem yaradırsa, bu deyilməli, tənqid olunmalıdır. Sözünüz var idisə, vaxtında Vasif Talıbova deyərdiniz. Niyə demirdiniz? Ümumiyyətlə, vəzifədən çıxandan sonra hamı başlayır ki, “mühit məni sıxırdı, o mühitdə işləyə bilmirdim”. İşləyə bilmirdin, ərizəni yazıb, çıxıb gedərdin. 10-15 il qəzet redaktoru işləyib, ancaq tərif yazıb. Hələ artıqlaması ilə desək, mədhiyyə yazır. Bunu işdən çıxarandan sonra başlayır ki, mühit məni sıxırdı, işləyə bilmirdim.

​​​​​​- Demişdiniz ki, Vasif Talıbovun istefası bir nəfərin - cənab Prezidentin iradəsindən asılıdır. Bu fikriniz də müzakirəyə səbəb olmuşdu. Axı Vasif Talıbov seçkili orqana rəhbərlik edirdi, təyinatla vəzifəyə gəlməmişdi ki, istefası tələb edilsin...

- Söhbət belə oldu ki, guya camaat ayağa qalxacaq, mitinq olacaq. Mən də dedim ki, xeyr, camaatın hamısı Prezidenti dəstəkləyir. Bu, Prezidentin siyasətidir. O insanlara hörmət qoyurlar ki, onlar Prezidentin siyasətini həyata keçirirlər. Naxçıvanda uşaqdan böyüyə qədər hər kəs Heydər Əliyev siyasətini, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasətini dəstəkləyir. Hamısı müsəlləh əsgərdir. Prezidentin bir işarəsi kifayətdir, başqa cür ola bilməz. Bunu başqa formada təqdim etmək istəyirdilər. Mən də o sözü istifadə etdim ki, bu, Prezidentin iradəsidir. Hər birimiz Prezidentin əsgəriyik. Prezident sabah desə ki, get Sərhəd Qoşunlarında əsgər kimi xidmət et, edəcəyəm. Çünki biz bu yolu seçmişiksə, yolumuz budur. Bizim yol dəyişən vaxtımız xeyil. Milli Məclisdəki hamı haqqında bunu deyə bilmərəm, öz fikrimi deyirəm. O komanda ki var, Heydər Əliyev komandası. Həmin komandanın hər bir əsgəri bu gün Prezidentin siyasətinin dəstəkləyicisidir, yanındadır, onun arxasındadır və Prezidentdən ötrü ölümə getməyə hazırdır!

- Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə münasibətləriniz həmişə müzakirə olunub. Bu müzakirələrlə bağlı yekun bir mövqe bildirərdiniz.

- Vallah, o, dövlətdə fəaliyyət göstərib, həmin vaxt mən də işləmişəm. Halbuki həmişə iclaslarda müəyyən fikirlərin əleyhinə çıxış edən mən olmuşam. Orada oturanların hamısı şahiddir ki, həmişə haqqı demişəm. Amma Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı tamam kənarda qalıb, məni müzakirə edirlər. Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb... Sadəcə, paralel işləmişik.

- Bəs hazırda gənc məmurlardan kimlərlə əlaqələriniz var? Bilirik ki, əvvəlki kadrlarla münasibətləriniz yaxşı idi. İndikilərlə necə, zənglərinizə cavab verirlər?

- Mənim zəngimə hamı cavab verir. Hamısı ilə münasibətim yaxşıdır. Mən YAP-da 10 il Gənclər Birliyinin sədri işləmişəm. Mənim sədr olduğum dövrdə yetişmiş gənclərdir. İstər Prezident Administrasiyasında işləyənlər, istərsə də nazirlər, komitə rəhbərləri - hamısı gözəl bilirlər ki, partiyada təşkilati məsələlərə rəhbərlik edirdim, həm də 25 il Gənclər Birliyində təşkilatı məsələlərə, seçkilərə rəhbərlik etmişəm. Mütəmadi ünsiyyətdə olmuşuq. Elə olub ki, hər birini səfərbər etmişəm, təbliğat kampaniyasında iştirak ediblər, partiya aktivləri olublar. Hətta bitərəf olanlar da gəlib bu məsələlərə qoşulurdular. Yəni gənc məmurların hamısı ilə çox gözəl münasibətim var. Yaşlı nəsillə də, gənc nəsillə də. Heydər Əliyev gözəl bir ailə yaratmışdı. Bu gün də cənab Prezident tərəfindən bu proses davam etdirilir. Hər kəs öz yerindədir, hərənin öz sahəsi var. Biri digərinin sahəsinə qarışmır. Gözəl qarşılıqlı ünsiyyət var. Partiya iclaslarında, dövlət tədbirlərində bir yerdə toplaşırıq.

- Bahalaşmadan narazılıqlar var. Kommunal xidmətlərin qiymətləri bahalaşdı. Bu ay kommunala nə qədər xərciniz çıxıb?

- Mən əvvəlcədən kommunala vəsait ayırıram. Qaz, işıq, lift... Ümumi hesablamamışam, amma bilirəm ki, kommunal xidmətlərə kifayət qədər xərcim çıxır.

- Rəqəm demək istəmirsiniz?

- Dəqiq rəqəm yadımda deyil... (gülür)

- Rəqslərinizlə də zaman-zaman gündəmə gəlirsiniz. Məsələn, sonuncu dəfə türkiyəli deputatla rəqsiniz xeyli paylaşıldı. Deyirlər, Siyavuş müəllim süfrədə yeyib-içəndir, amma bunu da təqidlə qarşılayırlar ki, siyasətçi bu cür hallara yol verməməlidir.

- Biz dünyəvi dövlətik. Nə dini dövlətik, nə də... Parlamentin yubileyi ilə əlaqədar böyük bir toplantı keçirildi, sonra parlament sədri ziyafət təşkil etdi. Ziyafətdə hamı əyləşib, sərbəstlikdir... Axı burda nə var? Yaxşı, toyda oynama, yasda ağlama, məscidə gedib namaz qılma (gülür), şəhərə çıxıb gəzmə... Bilirsiniz, telefon çıxandan sonra hərə əlinə bir telefon götürüb, şəkil çəkir, sosial şəbəkəyə qoyur. Adi şeydir. O boyda Bayden əlli dəfə təpəsi üstə yerə yıxılmışdı. O boyda Amerikanın başçısı. Nə oldu, nə dedilər? Heç nə. İnsandır də. Hər şey ola bilər. İnsan oynayar da. Türkiyədə tədbirlərə gedirsən, millət vəkili səhnədə mahnı oxuyur.

- Bəs niyə ancaq bizim millət vəkillərimiz belə şeylər edəndə gündəm olurlar, müzakirə obyektinə çevrilirlər?

- Çünki onu müzakirə edən adamların səviyyəsi çox aşağıdır. Biz Avropada da oluruq. Bu yaxınlarda NATO-nun İspaniyada keçirilən tədbirində idik. İspan kralı gəldi. Dedik ki, gedək görüşək, şəkil çəkdirək. Yaxınlaşdıq, bizimlə görüşdü, o da cənab Prezidentə salamlarını çatdırdı. Qoluna girdik, şəkil çəkdirdik. Camaatın arasında gəzirdi, söhbət edirdi, şampan içirdi. Normal haldır də. Heç kim demədi ki, o boyda ispan kralı bu boyda camaatın içində fırlanır. Bizdə hə. “Filankəs yeriyəndə ayağı büdrədi”. İdmanda qolum əzilmişdi. Çəkib bunu sosial şəbəkələrə qoyublar. Hə, qoldur, sınıb də, indi nə edək? “Filankəs koronavirusa tutuldu”. Böyük Britaniyanın Baş naziri də koronavirusa tutulmuşdu, yaxud hansısa ölkənin prezidenti. Hər şey ola bilər, birinin ürəyi tutur, birinin başı gicəllənir. Bu yaxınlarda həmkarlarımızdan biri televiziyada bir az özünü pis hiss etmişdi. Olur də, qan təzyiqi aşağı düşür. Bunu da saytlara qoydular. Hələ “qara mətbuat” var. Onsuz da yavaş-yavaş ortadan çıxacaqlar. İnsanlar inkişaf edirlər. Sən çıxışın mahiyyəti barədə müzakirə apar. Yoxsa filankəs qolun qaldırıb oynadı, oxudu, yıxıldı... Bunlar mövzu deyil.

- Şəhərdə gəzmək məsələsini vurğuladınız. Əvvəllər sizi daha çox “Tarqovı”da görürdük. İndi sanki bi qədər az görünürsünüz...

- Şəhərə yenə çıxıram, “Bayraq meydanı”na qədər piyada gedib qayıdıram, hərəkət edirəm. Camaatla görüşürəm. İnsanların əksəriyyəti fikirlərini orda deyirlər. İcitmai rəyi öyrənirsən. Bəziləri problemlərini deyir, təkliflərini səsləndirir. Bu da vacibdir ki, insanların arasında olasan. Ayda iki dəfə öz dairəmizdə oluruq, bir dəfə də Bakıda komitə sədri kimi qəbul keçiririk. Yəni ayda üç dəfə birbaşa insanlarla görüşlərim var. Onları narahat edən məsələləri dinləyirik, biz də ölkədə aparılan işləri danışırıq. Deyirik ki, internet televiziyalarında deyilənlərə qulaq asmayın, onların heç bir fundamental əsası yoxdur. İqtisadi əsası olmayan məsələləri qaldırırlar. Dedi-qodu, çayxana söhbəti. “Filankəs çayxanadan zəng etdi ki, bura avtobus işləmir”. Nə bilirsən? Bəlkə, səni ələ salır? O qədər belə hallar var ki.

- Deputatların qəbuluna adətən qeyri-adi istəklə gələnlər də olur. Sizdə necə?

- Çoxdur. Məsələn, biri gəlib deyir ki, vaxtilə dörd obyektimi söküblər. Obyekt pulgətirən obyekt idi. Deyirəm ki, axı indi hamısını geri qaytarırlar. Deyir ki, qaytarıblar, tikmək lazımdır. Mən də deyirəm ki, bunun yolları var - kredit götür, Sahibkarlığın İnkişafı Fondu var. Mən də köməklik edim, danışın. Deyir ki, mən niyə kredit götürməliyəm, sənin borcundur, gəl, mənə obyekt tik, ver. Görürsən ki, bəziləri hələ də köhnə əhval-ruhiyyədədirlər. “Deputat su çəkməlidir”. Mənə deyir ki, filan yerdə su var. Dedim ki, mən Fərhadam, gedim, Bisütun dağını külünglə yarım, su gətirim? (gülür) Fərhad Şirinin eşqinə gedirdi. Belə şeylər çox olur. Vaxtilə biznesmen, sahibkar kimi fəaliyyət göstərənlər vədlər veriblər, seçiləndən sonra da çıxıb gəliblər, əməl etməyiblər. Müraciət çox olur. Hələ bir neçə gün öncə oktyabr ayından bu günə qədər yığılan 102 məktubu ayrı-ayrı strukturlara göndərdik. Əvvəllər hüquq-mühafizə orqanlarından şikayətlər olurdu, indi bir dənə də olsun, şikayət yoxdur. İndi müalicə, sosial yardım, iş məsələləri önə keçib.

- Yenə də idmanla məşğul olursunuz?

- Bəli, indi də məşğulam...

- Həmişə sizi işləyən görmüşük. Nə vaxt deyəcəksiniz ki, artıq istirahət vaxtıdır?

- Hələ işləyirik, nə qədər ki canımız suludur. Hərdən elə bilirlər ki, mən yaşlıyam. Mənim o qədər yaşım yoxdur. Orta nəslin nümayəndəsiyəm, 56 yaşım var. Çoxları elə bilir ki, 70 yaşındayam. Siyasət qocaldıb də bizi. Bu yaşda camaat hələ təzə-təzə “xoda düşür”. (gülür) Allah rəhmət eləsin, bir dəfə Siruz Təbrizi ilə Gəncəyə müşavirə keçirməyə getmişdik. YAP-ın Partiyanın sədr müavini idi. Altı-yeddi nəfər getdik. İcra başçısı dedi ki, bu qədər adamın hamısı danışsa, beş saat çəkəcək. Zalda da doqquz yüz adam oturub. Məndən xahiş elədi ki, hamıya deyim, heç olmasa 10 dəqiqə çıxış etsinlər. Həsən Mirzəyev, Şahlar Əsgərov - hamısına dedim. Axırda Siruz Təbrizə də dedim ki, siz ağsaqqalsınız, sədr müavinisiniz, belə qərara gəldik ki, çıxış 10 dəqiqəlik olsun. Dedi ki, sən nə danışırsan, mən hələ 10 dəqiqəyə “xoda düşürəm”. İndi biz də, hələ təzə-təzə “xoda düşmüşük”. (gülür)

Geri qayıt