Əsas Səhifə > Güney Press > USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblərBu gün, 10:22 |
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təhlükəsizlik üzrə direktoru Con Vurhiz və onun müavini Brayan Makgill inzibati məzuniyyətə göndəriliblər. “Report” xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb. Buna səbəb onların Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşlarının agentliyin mühafizə olunan sistemlərinə çıxışına mane olmaq cəhdləri olub. Kanalın məlumatına görə, DOGE komandası əməkdaşların şəxsi fayllarına və USAID-in təhlükəsizlik sistemlərinə çıxış əldə etməyə çalışıb. Vurhiz və Makgill onların sistemlərə girişini təmin etməkdən imtina edəndə, DOGE əməkdaşları hüquq-mühafizə orqanlarına müraciət edəcəkləri ilə hədələyiblər. Nəticədə onlar mühafizə olunan sistemlərə çıxış əldə ediblər, lakin məhz hansı fayllara çıxışın əldə edildiyi məlum deyil. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, DOGE-nin rəhbəri İlon Mask isə təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. "Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək COVID-19 da daxil olmaqla milyonlarla insanı öldürən bioloji silahların hazırlanmasını maliyyələşdirib?" - Mask "X" sosial şəbəkəsində yazıb. Əvvəllər Tramp agentliyin təşəbbüslərini 90 gün müddətinə dondurub - bu müddət ərzində onların proqramları yoxlanılmalıdır. Geri qayıt |