Əsas Səhifə > Güney Press > Missiya arxasında gizlənən İrəvan:

Missiya arxasında gizlənən İrəvan:


Dünən, 12:40
Missiya arxasında gizlənən İrəvan:
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması ilə bağlı qərarı qarşıdakı iki il ərzində regiondakı proseslərə ciddi təsir göstərə bilər.

Bu da öz növbəsində Avropa İttifaqının perspektivdə Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirmək siyasətini davam etdirəcəyindən xəbər verir.

Qeyd edək ki, monitorinq missiyasının fəaliyyət müddətinin uzadılması barədə qərarı Aİ-nin Brüsseldəki səfirləri qəbul edib. Avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla şərti sərhədində qalacaqlar. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı 165 nəfər xarici və 44 nəfər erməni üzv olmaqla dəyişməz qalacaq. Bu qərarın yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, sözügedən missiya 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Qrupun tərkibinə 8 fransız jandarmı və Almaniyadan olan 15 polis daxildir. Avropalı müşahidəçilərin regionda qalması ilk növbədə, bölgədə gərginliyin artmasına gətirib çıxara bilər. Bu da həm Azərbaycan-Ermənistan sülh prosesinə, həm də Cənubi Qafqazda Qərb-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək.

Son iki ildə Avropa İttifaqının müşahidə missiyasının Azərbaycan-Ermənistan şərti sərhədinə yerləşdirilməsi iki ölkə arasında sülhün əldə edilməsində əsas maneələrdən birinə çevrilib. Nikol Paşinyan hakimiyyəti mövcud status-kvonu Ermənistan üçün daha əlverişli hesab edir. Yəni rəsmi İrəvan avropalı müşahidəçilərə Ermənistanın təhlükəsizliyinin təminatı kimi baxır. Azərbaycan və Ermənistan arasında sülh sazişi olmadığına görə şərti sərhəd potensial münaqişə mənbəyi olaraq qalır.

Müşahidəçilərin Ermənistanda qalması isə Nikol Paşinyan hökumətinə bir tərəfdən sülh müqaviləsindən yayınmaq, digər tərəfdən müharibə təhlükəsindən özünü sığortalamaq imkanı yaradır. Nəticədə, Ermənistan missiyanın olmasından istifadə edərək sülh müzakirələri ilə paralel silahlanma siyasətini həyata keçirir. Ermənistanın şərti sərhəddə getdikcə daha çox hücum silahları yerləşdirməsi qeyd edilən səbəblə bağlıdır.

Ona görə də Azərbaycan sülh danışıqlarında missiyanın şərti sərhəddən çıxarılması tələbini irəli sürüb. Azərbaycan Prezidenti ötən il dekabrın 17-də Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblərdən biri kimi Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini göstərib.

“Məlum olduğu kimi, 2025-ci ilin yanvarında Avropa İttifaqı missiyasının Ermənistanda mandatı başa çatır. 209 nəfərlik missiyaya növbəti dəfə mandat verilməsinə cəhdlər göstərilir ki, Azərbaycan da bunun qəti əleyhinədir. Paşinyan isə özbaşına deyil, ona bu missiyanın başında dayanan Makron təzyiqlər göstərir”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Ermənistan sülh müqaviləsi üzrə 17 bəndin 15-nin razılaşdırıldığını xəbər verir. Ancaq tərəflər arasında mübahisəli qalan məsələlər heç də deyildiyi qədər az deyil. Bunlardan biri də müşahidə missiyasının fəaliyyətinə xitam verilməsi ilə bağlıdır. Ermənistan parlamentinin sədri Alen Simonyan kompromis variant kimi müşahidəçilərin sərhəddən geri çəkilməsini və ofis rejiminə keçməsini təklif etmişdi. Ancaq missiyanın səlahiyyət müddətinin yenidən iki il uzadılması Ermənistanın bu məsələdə daha çox siyasi manipulyasiya ilə məşğul olduğunu təsdiq edir.

Müşahidəçilərin olması Ermənistana Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən yayınmaq imkanı da yaradır. Yəni müşahidəçilər 1991-ci ildə SSRİ dağıldığı dövrə aid inzibati sərhədlərdə yerləşdirilib. Bununla da İrəvan 1991-ci ilə dair sərhədləri Ermənistanın beynəlxalq sərhədləri kimi tanınmasına nail olmaq istəyir. Halbuki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Ona görə də müşahidə missiyasının yerləşdiyi şərti ayırıcı xətti Ermənistanın dövlət sərhədi kimi təqdim etməsi sülh prosesinə ziddir.

Avropa İttifaqının müşahidə missiyasının növbəti iki il ərzində Ermənistanda qalması regionda geosiyasi sabitliyə də problem yaradacaq. Çünki missiyaya hərbi status veriləcəyi gözlənilir ki, bu bölgədə marağı olan Rusiya və İran tərəfindən sakit qarşılanmayacaq.

Ermənistanın Azərbaycanla şərti sərhədi həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədləridir. Nikol Paşinyanın KTMT sərhədinə Avropa İttifaqının hərbi missiyasını yerləşdirməsi perspektivdə regionda Qərb-Rusiya qarşıdurmasını gücləndirə bilər. Eyni zamanda, NATO üzvü olan ölkələrin Cənubi Qafqazda fəallaşması İran-Ermənistan münasibətlərinə də təsirsiz ötüşməyəcək.

Çünki İran regionun problemlərinin bölgə dövlətləri tərəfindən həlli prinsipinə üstünlük verir. Tehranın bu mövqeyi Rusiya ilə yanvarın 17-də strateji tərəfdaşlıq sazişinin imzalanması zamanı Kreml tərəfindən dəstəklənib. Ermənistanın Azərbaycanla şərti sərhədə ABŞ-nin sərhəd mühafizə qrupunu da cəlb etməyə çalışdığını nəzərə alsaq, maraqlar toqquşması qaçılmaz görünür.

Müşfiq Abdulla
"Cebheinfo.az"

Geri qayıt