Əsas Səhifə > Güney Press > Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilibBu gün, 15:35 |
Tərtərdə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsində İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov, qazilər, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər, könüllülər və gənc idmançılar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin Akt zalında davam etdirilib. Tədbirdə öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək gəncləri bayram münasibəti ilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Rayon rəhbəri gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin ölkə gəncliyinin inkişafında dərin izlər buraxdığını, bu gün gənclər siyasətinin Ulu Öndərin ən layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi- ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərdiyini deyib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında, məhz onun hakimiyyəti dövründə yetişən vətənpərvər gənclərin 30 ildən sonra xalqımıza qələbə sevincini yaşatdığını ,öz qanları-canları bahasına yeni tarix yazdıqlarını bildirib. Rayon rəhbəri gənclərin respublikanın, eləcə də rayonun ictimai-siyasi həyatında həmişə fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, yanvar ayının 29-da keçirilən bələdiyyə seçkilərində də gənclər fəallıq göstəriblər. Bələdiyyəyə namizədliyi qeydə alınan 84 nəfər gəncdən 42 nəfəri yüksək səs toplayaraq bələdiyyə üzvülüyünə seçiliblər. Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsində İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov gəncləri təbrik edərək, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, rayonda Gənclər Mərkəzinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, süni örtüklü idman meydançalarının tikilib istifadəyə verilməsi, park və istirahət guşələrinin yaradılması gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, sağlam, hərtərəfli inkişaf etmələrinə xidmət edir. Sonra söz gənclərə verilib. Azad Qaraqoyunlu kənd tam orta məktəbin müəllimi Könül Məmmədova, Rayon Mərkəzi xəstəxanasında Poliklinika şöbəsinin psixoloqu Təranə Əmiraslanova, könüllülərdən Əsmər Yusifli, Ləman Aslanova, Tərtər Peşə Məktəbinin tələbələri İlahə Ələkbərova, Mirzə Baxşəliyev, gənc şair Əfqan Məmmədov, Sarıcalı kənd tam orta məktəbinin müəllimi Nurlana Zeynalova, rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Sona Köçərli və boks üzrə dördqat zona çempionu Pünhan Verdiyev çıxış ediblər. Çıxışçılar gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından söhbət açaraq, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanlar təqdim edilib. "DİA-AZ" Geri qayıt |