Əsas Səhifə > Güney Press > Metropolitenin "minnətli" qiymət artımı...
Metropolitenin "minnətli" qiymət artımı...Dünən, 07:16 |
Metroda gediş haqqı axırıncı dəfə 2024-cü il iyulun 1-də artırılıb. Sərnişinlər həmin gündən ictimai nəqliyyatda 50 qəpikdən hərəkət edirlər. Qiymət bundan cəmi 1 il 5 ay əvvəl artırılmışdı. “Bakı Metropoliteni” Tarif Şurasına müraciətini məhz sərnişindaşımanın maya dəyərinin artması ilə əlaqələndirmişdi. Amma audit yoxlamaları başqa həqiqəti üzə çıxarır. Bizimyol.info xəbər verir ki, Hesablama Palatasının apardığı audit məhz sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığını müəyyənləşdirib. Audit sərnişindaşıma fəaliyyəti üzrə subsidiyaların düzgün tənzimlənmədiyini ortaya çıxarıb. Yəni xərclər şişirdilib, vəsait təyinatı üzrə istifadə olunmayıb. Bu da sərnişindaşımanın maya dəyərinin artmasına səbəb olub. Hesablama Palatası rəqabət mühitinin pozulduğunu da düşünür. Tender komissiyası ciddi boşluqlarla fəaliyyət göstərib. Uzunmüddətli debitor borc yaranıb, cərimə tətbiq edilməyib. Audit yoxlamalarında bəzi ifadələrin üzərindən sakit keçirik, hərçənd, çox əhəmiyyətli məsələlərdən danışılır. Məsələn, yazılıb ki, mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirilməsi üzə çıxıb. Belə çıxır, “Bakı Metropoliten”i ağına-bozuna baxmadan ehtiyaclar siyahısı tuturmuş, dotasiya gözləyirmiş. Hələ 2024-cü ilin sonlarında “Bakı Metropoliteni”nə subsidiyaların azaldılması müzakirəyə çıxarılmışdı. Onda qurumdan bildirilmişdi ki, dövlət büdcəsindən metropolitenin sərnişin daşınması üzrə xərclərinin qismən ödənilməsi üçün ayrılan subsidiya vəsaiti əmək haqlarının və DSMF-yə ayırmaların bir hissəsinin, eləcə də elektrik enerjisi, kommunal xidmətlərin ödənilməsinə yönəldilir. Bu ifadələr qiymət artımına zəmin yaradılması təəssüratı oyadır. Sanki “Bakı Metropoliteni” indiki qiymətin də qənaətbəxş olmaması mesajını verirdi. Təsadüfi deyil ki, 2025-ci ilin ilk günlərində metroda qiymətin artırılması ehtimalı ilə bağlı şayiə də yayılmdışdı. İndiyə qədər “Bakı Metropoliteni”nə nə qədər dotasiya ayrılıb. Hələ pandemiyadan əvvəl hər il 40-45 milyon manat subsidiyadan söhbət gedirdi. Bu qədər vəsait müqabilində metropoliten iddia edirdi ki, sərnişindaşımanın xərci borcunu ödəmir. Metroda gediş haqqı heç də aşağı deyil. Amma həmişə “Bakı Metropoliteni”nin minnətini eşidirik. İndi məlum olur ki, ayrılan vəsait məqsədyönlü xərclənmirmiş. Təkcə sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırılması qurumun gördüyü işin mahiyyətini tam ortaya qoyur. Geri qayıt |