Əsas Səhifə > Güney Press > İran Azərbaycana "sevgisində" səmimi olmalıdır
İran Azərbaycana "sevgisində" səmimi olmalıdırDünən, 14:00 |
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb. Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Azərbaycanın baş nazirinin müavini İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafı və Cənubi Qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib. Sözügedən səfəri dəyərləndirən ekspertlər hesab edir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İranda apardığı danışıqlar iki ölkənin münasibətlərinə müsbət dinamika gətirmək üçün bir cəhddir. İranda görüşlərdə tərəflər iqtisadi, ticarət, enerji, infrastruktur, hərbi əməkdaşlıq və regionda sülhü yaratmaq üçün birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib. Yəni sözügedən görüşlərdəki standart ifadələr heç nəyi dəyişmir və həm Azərbaycanın İrana, həm də İranın Azərbaycana qarşı olan münasibəti dəyişməz olaraq qalır. Milli Cəbhə Partiyasının başqan müavini Tural İrfan isə “Sherg.az”ə açıqlamasında deyib ki, Azərbaycan İran da daxil olmaqla bütün qonşularla normal münasibətlərin tərəfdarıdır. Həmçinin İranla da həmişə qonşuluq ənənələrimizə uyğun normal əlaqələrin tərəfdarıdır: “Hesab edirəm ki, İran Azərbaycana qarşı yönəlmiş siyasətində dəyişiklik etsə, münasibətlər müsbət istiqamətdə inkişaf edə bilər. Zəngəzur dəhlizi və Ermənistana silah yardımı kimi anti-Azərbaycan addımlarından vaz keçərsə, İslam və qonşuluq ənənələrimizi pozmağa çalışmazsa, iki dövlət arasında əlaqələr yüksələ bilər. Əsasən son zamanlarda İranın bəzi ruhaniləri Azərbaycana qarşı açıq hücuma keçərək tədbirlər keçirir, bəyanatlar verir, təxribat xarakterli hərəkətlərə yol verirlər. Hesab edirəm ki, bu kimi məsələlərin həlli üçün ikitərəfli görüşlərin olması müsbət haldır”. Geri qayıt |