Əsas Səhifə > Güney Press > İki düşmən Bakıya görə bir araya gəldi

İki düşmən Bakıya görə bir araya gəldi


Bu gün, 17:10
İki düşmən Bakıya görə bir araya gəldi
Ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumunda müdafiə sistemi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında soyuqluq müşahidə olunur.

Eyni zamanda Azərbaycanın İran və Avropa İttifaqı (Aİ) ilə də münasibətlərində eyni vəziyyət hökm sürür. Bəzi ekspertlər bu soyuqluğu pərdəarxası maraq toqquşması kimi şərh edirlər.

Azərbaycanın hazırda əsas müttəfiqi kimi Türkiyə, İsrail, Pakistan göz önünə gəlir. Həmçinin bu siyahının arxa planında son zamanlar Çinin də adı vurğulanır.

Üç güc mərkəzi ilə məsafəli siyasət sərgiləyən Bakının nə kimi planları var? Azərbaycan bütün bu mürəkkəb kombinasiyaları necə, hansı üstünlüklə yekunlaşdıracaq?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, hazırda əsas yanaşma Azərbaycanın İranla Rusiya arasında qalması və müəyyən mənada Qərblə toqquşması istiqamətindədir:

“Mövcud situasiya xüsusilə də regionda Tehran və Moskvanın birgə mübarizəsini təşkil edir. Bu arqumenti gücləndirən kifayət qədər faktlar var. Azərbaycana qarşı molla təfəkkürlü İranla eyni cəbhədə yer alan ateist avropalı tapmaq mümkündür (faktiki olaraq bir-birinə düşmən olan iki təfəkkür eyni cəbhədə dayanır). Bundan başqa, kommunistlərlə mollalar Bakıya yanaşmada eyni istiqamətdə yer alılar.

İran ilə Rusiyanın real təsir mexanizmi sual altındadır. Tehranın Bakıya qarşı təsir rıçaqları coğrafi olaraq Naxçıvana gedən yol üzərindədir. Yəni nəticə olaraq İran sona qədər Azərbaycanla bağlı mövqe sərgiləyə bilmir. Çünki din, tarixi amil və Cənubi Azərbaycan məsələsi bu imkanları məhdudlaşdırır”.

Ekspert bildirib ki, Azərbaycanla İran arasında heç vaxt pozulmayan iqtisadi əlaqələr var:

“Bu, bizim üçün vacib prosesdir, amma Tehranın prizmasından əhəmiyyəti daha böyükdür. Azərbaycan İran üçün nəfəslik rolunu oynayır. Ona görə də Tehran Bakıya qarşı gedə bilmir.

Rusiyaya gəldikdə isə Ukrayna müharibəsi Kremlin də, Tehranın da gücünü tükədir. 2022-ci ildən sonrakı proseslər hər iki ölkənin Cənubi Qafqazdakı mövqeyini zəiflətdi. Hazırda milli maraqlar naminə Tehran Moskva ilə bir araya gəlməyə çalışır.

Rusiyanın da Azərbaycana təsir imkanları zəifləyib. Orduda aparılan davamlı islahatlar, NATO-ya inteqrasiya, Türkiyə ilə əməkdaşlıq Kremlin təsirlər imkanlarını xeyli məhdudlaşdırdı.

Hazırda Bakının Ankara ilə birlikdə yaratdığı müttəfiqlik, həmçinin Gürcüstan, İsrail, Pakistan və Macarıstanla münasibətlər Azərbaycana iqtisadi diktə imkanı verir”.

Geri qayıt