Əsas Səhifə > Güney Press > "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda,
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda,Bu gün, 16:39 |
“Baydenin prezidentliyi dövründə ABŞ-ın “erməni işi”nə dəstəyi pik həddə çataraq 2023-ci ildə Konqresdə keçmiş qondarma rejimin müstəqilliyinin tanınmasına çağırış edən qətnamənin təqdim olunması (qəbul olunmasa belə), 14 yanvar 2025-ci il tarixində isə ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması ilə yadda qaldı. Bu dəstəyin Tramp hakimiyyəti dövründə davam edib-etməyəcəyi ciddi sual doğurur”. Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyev Trampın ikinci Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına böyük ümid bəsləyir və onun seçki öncəsi ritorikasını qələbə üçün, erməni seçicilərinin səsini qazanmaq üçün hesablanmış taktika hesab edir. Politoloqun fikrincə, Tramp dövründə münasibətlərdə müsbət trendə geri dönmək siyasi inisiativlər tələb edəcək: “Məsələn, Tramp bu günlərdə Marko Rubionu Entoni Blinkenin yerinə dövlət katibi təyin etdi. Maraqlıdır ki, Rubionun ABŞ dövlət katibi təyin olunması ANCA (ABŞ Erməni Milli Komitəsi) tərəfindən alqışla qarşılanıb. Onu yeni vəzifəsinə görə ilk təbrik edənlərdən biri də Ermənistan XİN Ararat Mirzoyandır. Onun 2022-ci ildə Laçın yolundakı ekoaksiya zamanı “Artsaxı” (red.- Qarabağı) xilas edin” çağırışını nəzərə alaraq qarşıdakı dövrdə ABŞ dövlət katibinin Ermənistana və ümumilikdə ermənilərə, o cümlədən Azərbaycana münasibətdə hansı mövqeyi tutacağını anlamaq olar. 2023-cü ildə ABŞ Konqresinə təqdim olunan, guya “Qarabağın blokadası”na görə Azərbaycana və ölkə Prezidentinə qarşı sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsinin müəlliflərindən biri də o idi”. Şəhla Cəlilzadə qeyd edib ki, Vətən müharibəsindən ötən dövrdə qlobal erməni şəbəkəsinin ABŞ Konqresi və Dövlət Departamentində təbliğat işləri maksimum artıb. Məsələn, ANCA “Erməni İşi” üzrə xidmətlərinə görə keçmiş senator Marko Rubionu 2020-ci ildə “B-“ dərəcəsi ilə qiymətləndirmişdisə, o, 2022-ci ildə “A+” olub, hazırda isə “B+” dərəcəsinə malikdir. Yəni, “Erməni işi”nə ən yaxşı xidmət edən ABŞ senatorlarından biri artıq dövlət katibidir. Bununla yanaşı ehtimal olunur ki, ABŞ Ermənistanın çoxtərəfli oyunlarını tezliklə anlayacaq və öz milli maraqlarından çıxış etməklə Azərbaycanla münasibətlərin balanslaşdırılmasına gedəcək. Politoloq vurğulayıb ki, Trampın İranla bağlı sərt siyasətə geri dönəcəyinə dair gözləntilər fonunda Ermənistanın İranla hərbi-siyasi münasibətlərini dərinləşdirməsi, həmçinin Mirzoyanın Rusiya XİN Lavrovla görüşündə verilən bəyanatlar Ermənistanın regional əməkdaşlıq platformasından real və faktiki uzaqlaşa bilməyəcəyini sübut edir. “Mirzoyan Rusiya ictimaiyyəti qarşısında nəinki ABŞ-la strateji tərəfdaşlıq siyasətinə keçid etdiyini deyə bilmədi, hətta Avrointeqrasiya ilə bağlı sualı da cavablandıra bilmədi. Lavrov isə öz növbəsində Ermənistanı qardaş dövlət və təbii strateji müttəfiq adlandırdı. İki ölkə arasında ticarətin ötən bir ildə iki dəfə artaraq 12 milyard dollar olduğunu qeyd etdi. Bütün bunlar göstərir ki, Rusiyanın təzyiqi və İranla münasibətlər fonunda Ermənistan, bölgəyə xarici gücləri dartıb gətirə bilməz və buna görə ABŞ da öz növbəsində regional balansda öz mövqeyini qoruya bilmək üçün Azərbaycanla münasibətlərin bərpasına yönəlməli olacaq. Bu münasibətlər qarşılıqlı maraqların təmin olunması kontekstində inkişaf edə bilər”-deyə Şəhla Cəlilzadə əlavə edib. Geri qayıt |