Əsas Səhifə > Güney Press > “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik olduDünən, 18:31 |
“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu söküb yerində bina inşa etməsi ilə bağlı yaranan narazılığı bir neçə dəfə işıqlandırmışıq. Şirkətin qanunsuz hərəkəti ilə bağlı “Lider” idman klubunun rəhbəri İlham Sərdarova dəymiş zərərin ödənilməsi üçün uzun müddət məhkəmə çəkişmələri davam etdi. Nəticədə “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) zərərçəkmiş İlham Sərdarovla barışmağa məcbur oldu. İndi isə İlham Sərdarovun adı çəkilən məsələdə vəkili olmuş İ.Hacıyevlə məhkəmə çəkişməsi davam edir. Buna səbəb İlham Sərdarovun vəkili ilə bağladığı müqavilə öhdəliyini yerinə yetirməməsidir. Belə ki, İlham Sərdarova məxsus idman klubu sökülən zaman vəkilin çalışdığı “Himem Consulting” MMC şirkəti ilə müqavilə imzalanıb. Müqavilə şərtlərində razılaşdırılıb ki, İlham Sərdarov alacağı kompensasiyanın (sökülmüş obyektə görə ödənilən ümumi kompensasiyanın dəyəri 1.7 milyon manata yaxındır) 2 faizi qədər ödəniş edəcək. Lakin bütün məhkəmə çəkişmələri bitəndən sonra, qanunsuz söküntü aparan şirkətlə İlham Sərdarov arasında barışıq əldə ediləndən sonra vəkillə müvəkkil arasında razılıq əldə olunmayıb. İlham Sərdarov müqavilədə nəzərdə tutulan 2 faizlik hissəni ödəməkdən imtina edib. Buna görə də “Himem Consulting” MMC məhkəməyə üz tutub. MMC iddia ərizəsində İlham Sərdarova tikinti şirkəti tərəfindən ödənilmiş nağd pul və daşınmaz əmlakın ümumi dəyərinin 2 faizi olan 34 min 628 manatın tutularaq onlara ödənilməsini istəyib. İlham Sərdarov isə qarşılıqlı iddia verərək “Himem Consulting” MMC ilə bağladığı müqavilənin etibarsız sayılmasını istəyib. İlham Sərdarov bunu belə izah edir ki, məhkəmə çəkişmələri davam edən ərəfədə İ.Hacıyevdən lazımi xidməti ala bilməyib. Xətai Rayon Məhkəməsi “Himem Consulting” MMC-nin iddiasını qismən təmin edərək İlham Sərdarovdan 10 min manatın tutularaq iddiaçıya ödənilməsinə qərar verib. İlham Sərdarovun iddiası isə təmin edilməyib. Bundan sonra “Himem Consulting” MMC Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə Xətai Rayon Məhkəməsinin qətnaməsini qismən ləğv edib. Belə ki, İlham Sərdarovdan 10 min yox, 22 min 640 manat vəsaitin tutularaq “Himem Consulting” MMC-yə ödənilməsini qət edib. İlham Sərdarov Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verməsə də sonradan kassasiya şikayəti verib. “Himem Consulting” MMC İlham Sərdarovun kassassiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardad qəbul edilməsini istəyib. Musavat.com Geri qayıt |