Əsas Səhifə > Güney Press, Partiya > "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər"

"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər"


Bu gün, 10:37
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər"
"Yanvarın 18-də İmişlidə Dövlət Yol Polisinin avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Həmin gün İmiş Rayon Prokurorluğu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlığından iki şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açdı. Artıq ibtidai istintaq aparılır. Dəhşətli hadisədir, çünki söhbət azyaşlıların ölümündən gedir. Heç bir şübhə yoxdur ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən şəffaf, obyektiv şəkildə araşdırılacaq, cinayətkarlar cəzalarını alacaqlar. Bu heç müzakirə məsələsi də deyil, aksiomdur. Azərbaycan hüquqi dövlətdir, başqa cür ola bilməz. DİN elə hadisə baş verən gün operativ olaraq qəza ilə bağlı video görüntünü yaydı. Görüntülərdən də məlum olur ki, DYP avtomobili yol ayrıcındakı digər avtomobilə dəyir, nəticədə, polis maşını yoldan çıxır, səki ilə hərəkət edən azyaşlıların ölümünə səbəb olan hadisə baş verir. Diqqətdən yayınmayan məqam budur ki, radikal müxalifət bu cür bədbəxt hadisədən də müəyyən siyasi dividentlər qazanmaq niyyəti güdür. Dərhal hadisəyə siyasi rəng qatmağa başladılar, Azərbaycan polisinin adını ləkələməyə çalışdılar, anti-Azərbaycan dairələrin təhriki, onların təşkilatçılığı ilə tələm-tələsik etiraz dalğasının yaranmasına da rəvac verdilər. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi müstəvidə tənzimlənir. Yaranan ixtişaşlarda saxlanılanlar var. Bunun da motivləri araşdırılır. Xarici müdaxilə, sifarişə bağlı məqamlar da üzə çıxarılır və araşdırma predmetidir".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

​​​​​​"Üzümü həmin anti-milli ünsürlərə tutub deyirəm ki, heç vaxt unutmayın, Azərbaycan polisi hər zaman öz vəzifəsini şərəflə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin qorunmasında müstəsna xidmətləri olub. Bu gün də Azərbaycan stabil dövlətdir, müsəlman dünyasında sabitlik adasıdır, hər bir vətəndaş özünü təhlükəsiz hiss edir. Bu, nəyin sayəsindədir? Bütün bunlarda polisimizin müstəsna rolu var. İki il öncə Brüsselə səfərim var idi. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq komitəsi çərçivəsində bu səfər baş tutmuşdu. Bizim nümayəndə heyətinə Brüssel rəsmiləri bildirdilər ki, axşam saat 22:00-dan sonra otelə qayıtmağınızı xahiş edirik. Sual verdik ki, niyə? Dedilər ki, axşam 22:00-dan sonra Brüsseldə - Avropa İttifaqının və NATO-nun mənzil qərargahının yerləşdiyi bir paytaxt şəhərində təhlükəsizliyinizə 100% təminat verə bilmirik, hər şey baş verə bilər. Biz həmin an bir-birimizə baxıb dedik ki, Azərbaycanın və Bakının nə qədər təhlükəsiz olduğunu indi daha çox dərk etdik. İndi isə Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər. Buna qətiyyən ehtiyac yoxdur. Sizə bircə fakt deyim ki, ABŞ özünü demokratiyanın beşiyi sayır, amma hər il, təxminən, 1200 nəfərdən çox insan məhz polis təzyiqləri nəticəsində qətlə yetirilir. Azərbaycan polisi isə öz vətəndaşını qoruyur. Bu cür hadisənin baş verməsini heç istəməzdik, amma təəssüf ki, belə hallar da baş verir. Burada ayrı-ayrı polis əməkdaşının günahı varsa, bu, bütövlükdə Azərbaycan polisinin günahı deyil. Kimlərsə cinayət tərkibli əmələ imza atıbsa, mütləq cəzalandırılacaq. İnsanların başına gələn faciədən siyasi qazanc əldə etmək vicdansızlıqdır. İmişlilər mərd, dövlətə, dövlətçiliyə bağlı, öz Prezidentini sevən, ağı qaradan seçməyi bacaran insanlardırlar. Heç vaxt imkan verməzlər ki, anti-Azərbaycan dairələrin çirkin niyyətləri belə bədbəxt hadisələr fonunda rəallaşsın", - deputat bildirib.

Geri qayıt