Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ:
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ:Bu gün, 11:25 |
Yanvarın 14-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ermənistan XİN-in məlumatında deyilir ki, diplomat “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı XİN-ə dəvət olunub. Rusiya səfirinə müvafiq nota təqdim edilib. “Yeni Müsavat” xatırladır ki, Dmitri Kiselyovun verilişində Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışılır. Etiraz da əsasən bu ifadə ilə bağlıdır. Diqqətçəkicidir, Rusiyaya qarşı bu demarş Vaşinqtonda ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasından dərhal sonraya təsadüf edir. Yəni İrəvan artıq ayaqlanmış, ruhlanmış kimi görünür və şübhə yox ki, Bakı ilə danışıqlarda da bundan sonra daha destruktiv mövqe sərgiləyəcək. “ABŞ-ın Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərməsi qonşu ölkələr olan İran, Azərbaycan və Türkiyəyə ciddi təsir göstərə bilər. Ümumilikdə bu sazişin imzalanması Qafqaz regionunda gərginliyi artıracaq potensiala malikdir. Həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə ciddi bir əngəl kimi görünür”. Bunu axar.az-a türkiyəli siyasi ekspert Engin Özər deyib. Onun sözlərinə görə, sazişin imzalanmasında ABŞ üçün əzəli rəqiblər olan İran və Çin faktoru dayanır: “Çinin ”Bir kəmər, bir yol" layihəsi Avropa ilə əlaqəni üç əsas istiqamətdə təmin edir. Birincisi, şimal marşrutu Rusiya və Belarus üzərindən keçirdi, lakin müharibə səbəbindən bu yol bağlanıb. Dəniz marşrutu Qırmızı dəniz üzərindən Aralıq dənizinə bağlanırdı, lakin husilərin hücumları bu istiqamətdə ciddi problemlərə səbəb olub və gəmilər Ümid burnunu dolanmaq məcburiyyətində qalır. Real olan layihə isə Orta Dəhliz adlandırılan və Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana bağlanmasını nəzərdə tutan marşrutdur. ABŞ bu dəhlizi əngəlləyərək Avropa və Çin arasında ticarəti zəiflətməyə çalışır". Politoloqun fikrincə, bu sazişin imzalanması Qafqaz regionunda vəziyyəti gərginləşdirə bilər: “Yaxın gələcəkdə İsrailin İrana qarşı əməliyyat başlatması gözlənilir. Bu vəziyyətdə Ermənistanla İran arasında mümkün ittifaqları əngəlləmək məqsədilə bu addımlar atılır. Paşinyan dövründə bu ittifaqlar nisbətən zəiflədilib. Yaxın zamanda baş verə biləcək İran müharibəsi bölgədə əhalinin hərəkətliliyinin dəyişməsinə səbəb olacaq. Belə bir münaqişə sonrası böyük bir qaçqın dalğası gözlənilir”. Özərin sözlərinə görə, ABŞ-ın İrəvana sərhəd mühafizə qrupu göndərməsi də Ermənistanla sərhədyanı ölkələr üçün arzuolunan deyil: “Zəngəzurun açılmaması isə Türkiyənin Orta Asiya və Çinlə əlaqələrinin zəifləməsinə gətirib çıxaracaq. Bu, nə Türkiyə, nə də Azərbaycan üçün müsbət inkişafdır. Ancaq fiziki baxımdan Ankaranın bu məsələdə edə biləcəyi çox şey yoxdur. Türkiyənin bu məsələyə ciddi reaksiya göstərməsi mümkün deyil, çünki Ermənistan müstəqil dövlətdir və necə ki, KTMT ilə əməkdaşlıq edir, ABŞ-la da razılaşma əldə edə bilər”. Yada salaq ki, yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” demişdi. Dövlət başçısı eyni zamanda, Bakının yeni administrasiya dönəmində ABŞ-Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu söyləmişdi. Bəs imzalanan Blinken-Mirzoyan sənədi buna nə dərəcədə əngəl ola bilər? Tramp dönəmində Zəngəzur dəhlizi açılacaqmı? Nəhayət, Ermənistan regionda öz pozucu planlarına Amerikanın diqqətini qazanmaqda davam edə biləcəkmi? Politoloq Qədir Aslan “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, imzalanan xartiyadan sonra Zəngəzur dəhlizinin açılması prosesi sürətlənəcək. Onun sözlərinə görə, bölgəyə qüdrətli dövlət gəlməliydi ki, onun vasitəsi ilə koridor işə düşsün:" Ancaq Rusiya və İran bu prosesdə istisnadır. Biz yaxın aylarda yeni təmasların şahidi ola bilərik. Eyni zamanda, Bakı və İrəvan arasında danışıqlar da intensivləşəcək və Ermənistan blokadadan çıxmaq üçün səylərini artırmalı olacaq. Regionda yeni bir canlanma və müsbət dinamika gözləyirəm". Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə açıqladı ki, Paşinyanı hakimiyyətə Birləşmiş Ştatlar gətirib və onun himayəsi altında fəaliyyətdədir. Ekspert vurğuladı ki, Birləşmiş Ştatlar Paşinyan iqtidarını getdikcə möhkəmləndirir: “Bunun üçün onun əlini gücləndirir ki, hakimiyyətdə uzun müddət qala bilsin. O da ABŞ qarşısında öhdəlik götürüb ki, Rusiyanın Ermənistanda təsirini azaltsın, nüfuzunu aşağı endirsin. Paşinyan da Rusiyaya qarşı boykot taktikasından istifadə edir. Hazırda KTMT-də fəaliyyətini dondurub və Avrasiya İqtisadi Birliyində aktiv iştirak etmir. Paşinyanın siyasəti Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək və xəyanət yolu tutmaqdır. Onun Birləşmiş Ştatlardan aldığı dəstəklə bir qədər də cəsarətləndiyi görünməkdədir. İmzalanan xartiya da buna bariz nümunədir”. A.Məsiyev dedi ki, bu saziş həm də Azərbaycan əleyhinə yönəlib: “Birləşmiş Ştatlar həmin sənəddə sərhədlərin dəqiqləşməsi üçün Alma-Ata razılaşmasını dəstəkləyir. Bu da Ermənistanın mənafeyindən çıxış etməkdir. Çünki Azərbaycan əraziləri işğal altında saxlanan 30 il ərzində 1991-ci ilin Alma-Ata razılaşması gündəmə gəlməmişdi. Bundan əlavə, nəqliyyat xətlərinin açılmasında Ermənistanın suverenliyi xüsusi qeyd edilir. Bu sənədə əsasən, Ermənistan 10 noyabr üçtərəfli razılaşmasından imtina edir. Halbuki İrəvan həmin anlaşmada öhdəlik götürmüşdü ki, dəhlizə nəzarət Rusiyaya verilir. Xartiya isə üçtərəfli sənədin 9-cu bəndindən imtinanı nəzərdə tutur. Beləliklə, Paşinyan Qərbin dəstəyinə arxalanaraq Azərbaycana hücuma keçib: həm silahlanma, həm yardımlar almaq, həm müxtəlif platformalardan istifadə etmək... Avropa Birliyi və ABŞ isə Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa çalışır. Bu da bizim bölgəni xaosa çevirə bilər. Ümumilikdə ABŞ-Ermənistan arasında bu yaxınlaşma regionda münaqişəni alovlandırmağa hesablanıb”. Geri qayıt |