Əsas Səhifə > Güney Press > “Qara qutu” Rusiyanın əlinə keçib?
“Qara qutu” Rusiyanın əlinə keçib?Dünən, 16:42 |
Rusiya teleqram kanalları Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin pilotları ilə aviadispetçerlər arasındakı söhbətin tam stenoqramının yayıldığını iddia edirlər. Beləliklə qəza ilə bağlı açıqlanan detalların təhrif edilməsinə və diqqətin qəzanın əsas səbəbindən başqa məcraya yönləndirilməsinə çalışıldığı müşahidə olunur. İddiaya görə, təyyarə vurulduqdan sonra Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, əvvəlcə Bakıya qayıtmağı seçib, sonra istiqamət dəyişdirərək nəticədə Aktauya enmək barədə bütün qərarları guya ekipaj müstəqil qəbul edib. Dispetçerlərin əvvəlcə Qroznıya, daha sonra Mahaçqalaya eniş etməyi təklif kimi irəli sürdüyünü iddia olunur. Hətta guya heyətə Rusiyanın digər hava limanları haqqında məlumat da verilib. Lakin ekipaj oraya enməmək qərarına gəlir və təkliflərdən “imtina edir”. Rusiya tərəfi bu addımları atmaqla məsuliyyətdən yayınmağa çalışır? Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadənin fikrincə, təəssüf ki, Rusiya tərəfi hələ də faktları gözardı edərək özünü təmizə çıxarmaqla məşğuldur. Rəsmi şəkildə olmasa da müvafiq media qurumları və teleqram kanalları vasitəsilə ictimai rəyə yanlış və həqiqəti əks etdirməyən məlumatlar ötürülür. Politoloq deyib ki, əslində hadisənin baş vermə anının görüntüləri, şahid ifadələri və s. faktlar “qara qutu”da olan məlumatlar oxunmadan belə təyyarənin vurulduğunu və bunun da Rusiya ərazisində baş verdiyini sübut edir: “Rusiya tərəfi müxtəlif bəhanələr və saxta dəlillər yaymaqdansa öncə dron hücumlarının intensiv baş verdiyi bir zamanda hava məkanının bağlanmamasına aydınlıq gətirməlidir. İkincisi, hətta səhlənkarlıqla da olsa təyyarənin vurulduğunu etiraf edərək üzr istəməli və günahkarların cəzalandırılması istiqamətində addımlar atmalıdır. Rusiya tərəfi radioelektron mübarizə qurğuları vasitəsilə təyyarənin idarəolunmaz hala gətirildiyi ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Yalnız bundan sonra təyyarəyə eniş izni verilib verilmədiyi haqda nələrisə müzakirə etmək olar”. Yusif Bağırzadənin sözlərinə görə, pilotlarla dispetçer arasında danışıqların stenoqramları da sübut edir ki, təyyarəmizə eniş izni verilməyib və baş vermiş cinayət hadisəsini ört-basdır etmək üçün təyyarə Xəzər üzərindən Aktauya yönləndirilib: “Radioelektron mübarizənin təsiri ilə idarəolunmaz halda olan bir təyyarənin pilotlarının hara uçmaqla bağlı müstəqil qərar qəbul etdiyini iddia etmək ağılsızlıqdan başqa bir şey deyil. Faktlar ortadadır və bu faktları gözardı etmək mümkün deyil”. Geri qayıt |