Əsas Səhifə > Güney Press > Qəbul imtahanları elektron olacaq
Qəbul imtahanları elektron olacaqDünən, 22:01 |
Yaxın gələcəkdə ali məktəblərə qəbul imtahanlarının rəqəmsal formada həyata keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə danışıb. O bildirib ki, bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin elektron şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq. Bəs, imtahanların rəqəmsal formada keçirilməsinin nə kimi müsbət və mənfi tərəfləri ola bilər? Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, imtahanların rəqəmsal formaya keçirilməsinin daha çox müsbət tərəfləri olacaq: “İmtahanların rəqəmsal formaya keçidinin müsbət məqamları ondan ibarətdir ki, namizədlər imtahan verdikdən dərhal sonra imtahan nəticələri barəsində məlumat ala biləcəklər. Açıq yazılı suallar saxlanılsa da, onların yoxalanılması 3-4 həftə deyil, fikrimcə, 5-10 gün ərzində həyata keçirilə bilər. Bundan əlavə, elektron imtahanların müsbət tərəflərindən biri namizədin kompüter arxasında əyləşərək sualları cavablandırması olacaq ki, bu, imtahan verənlər üçün daha əlverişlidir. Çünki əlavə kağız daşıyıcılarda kağızın zədələnməsi, müəyyən səhvlərə yol verilməsi kimi problemlər var. İmtahanlar kompüterlə olanda bu kimi hallar olmayacaq. Bundan başqa, imtahanları rəqəmsallşadıra bilsək, bir yox, bir neçə vaxtda imtahan keçirmək olar. Məsələn, buraxılış imtahanı yalnız bir dəfə keçirilir. Bunu artıq bir neçə cəhd formasında etmək olar”. Mütəxəssis prosesin mənfi ola biləcək tərəflərinə də toxunub: “Mənfi məqam kimi burada ümumi prosesə kənar müdaxilələrin olma ehtimalını vurğulamalıyıq. Yəqin ki, bunun qarşısını almaq üçün təhlükəsizlik tədbirləri mütləq olacaq. Kibertəhlükəsizlik yüksək səviyyədə təşkil ediləcək”. Geri qayıt |