Əsas Səhifə > Güney Press > "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar"

"Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar"


Bu gün, 12:05
"Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar"
Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun TNS-ə müsahibəsi.

- Ceyhun müəllim, əvvəlcə dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə, sizə təşəkkür edirik. Yanvarın 15-dək millət vəkilləri üçün tətil idi. Həmkarlarınız arasında ölkədən və ya Bakıdan kənarda olduqlarını bildirənlər az olmadı. Siz necə keçirirsiniz tətil günlərini? İstirahət edə bilirsiniz?

- Demək olar ki, 5 il ərzində uzunmüddətli istirahət etməmişəm. Parlament işləməsə də, televiziyalar, qəzetlər davamlı olaraq zəng edirlər. Gün ərzində bəzən 10-15 müsahibə, bir neçə çəkiliş, bəzən bir neçə tədbir, seçicilərlə görüşlər olur. Ona görə istirahət etmək bir az çətindir. Başqa bir neçə həmkarımız var ki, onların da istirahət üçün vaxtı olmur. Bəzən insanlar elə düşünür ki, parlament fəliyyəti yalnız iclaslarla məhdudlaşır.

Mən parlamentlə yanaşı, müəllim kimi fəaliyyət göstərirəm. Kitablar üzərində işləyirəm, məqalələr yazıram. Ona görə hələ ki, arzuolunan formada istirahət yoxdur. Mənə elə gəlir ki, əsas işdir. Cəmiyyət, dövlət üçün faydalı olmaqdır ki, biz də bunun üçün çalışırıq.

Bu il ən böyük gözləntilərimizdən biri Ermənisatanla sülh müqaviləsi imzalanmasıdır...

- Görüşümüz yeni ilin əvvəlinə təsadüf edib. Maraqlıdır, 2024-cü ili necə qiymətləndirirsiniz? Ötən il nələri qazandıq, itirdiklərimiz nələr oldu? Bu ildən hansı gözləntiləriniz var?

- Ötən il dünyada daha çox müharibələri, qarşıdurmaları gördük. Ağır dövr oldu. Proqnozlara görə, bu il də mürəkkəb vəziyyət hökm sürəcək. Ümumilikdə 2024-cü il Azərbaycan üçün uğurlu oldu. Ən önəmli məsələlərdən biri o oldu ki, Azərbaycan öz qələbəsini möhkəmləndirə bildi.

Vacib məsələ ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri belə, bu məsələdən əziyyət çəkirlər. Azərbaycan isə bunu təmin edə bildi.

Eyni zamanda, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atıldı. Cəmiyyətdə bununla bağlı müəyyən müzakirələr gedir, amma birdən-birə bütün sahələrə vəsait ayırmaq çətindir.

Ötən ilin ən önəmli məsələlərindən biri COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçiriliməsidir. Qarabağa, Şərqi Zəngəzura insanların köçürülməsi, məskunlaşmanın təmin olunması, eyni zamanda ölkəmizin inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi və digər hadisələri qeyd edə bilərik. Bütün bunlardan çıxış edərək, ötən ilin Azərbaycan üçün uğurlu olduğunu deyə bilərik.

2025-ci ildə bizim ən böyük gözləntilərimizdən biri Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Eyi zamanda, ictimai-siyasi sabitliyin qorunması...

Nə üçün bu məsələni dönə-dönə vurğulayıram? Bu gün açıq görünür ki, bir sıra dövlətlər ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Biz bu tendensiyaları görəcəyik. İnsanların şüuruna, düşüncəsinə təsir etmək üçün müxtəlif istiqamətlərdə fəaliyyətlər var. Düşünürəm ki, 2025-ci il dünyanın əksər ölkələri üçün sınaq və çətinliklər ili olacaq. Hətta inkişaf etmiş, güclü olan dövlətlər üçün də problemlər olacaq. Bunun işartılarını artıq görürük. Yaxın Şərq bu gün qaynayır. Bir çox ölkələrdə qeyri-sabitlik var. Qərbin bir sıra dövlətlərində problemlər var. BMT bir təşkilat kimi nə rolunu oynaya, nə sözünü deyə bilir.

Bütün bunların fonunda, gözləntilərimiz əldə etdiyimiz uğurların saxlanılması ilə bağlıdır.

Ermənisatının ayaqda qalmasında əsas rol oynayan dövlətlərdən biri İran olub...

- Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bütün dünyada ciddi rezonans doğurub. Prezident müsahibəsində bir sıra ölkələrə mesaj verib. Ölkə rəhbəri İranla əlaqələrə də toxunub, səfirliyimizə hücumun planlaşdırılmış terror aktı olduğunu açıqlayıb. Biz hər zaman mehriban qonşuluq şəraitində yaşamaq istəsək də, İran əks addımlar atıb, hər zaman Azərbaycan əleyhinə iş aparıb. Ölkə başçımızın bu ciddi mesajından sonra İranla əlaqələrin gələcək perspektivlərini necə dəyərləndirirsiniz?

- Bu məsələdən bəhs edərkən, ümumilikdə Azərbaycan-İran münasibətlərinə nəzər salmalıyıq. İranla münasibətimizdə zaman-zaman bir sıra problemlərin baş verdiyini görümüşük. 2020-ci ilə qədər olan dövrdə və bu dövrə kimi İran, hamımıza məlum olduğu kimi, Ermənistanın mövqeyini dəstəkləyib. Ermənistanın ayaqda qalmasında əsas rol oynayan dövlətlərdən biri İran olub. 2020-ci ildə biz qələbəmizi təmin etdik. Bu dövrdə İran yenə dəstəyini davam etdirirdi.

Ölkə başçımız İlham Əliyev 2021-ci ildə Şərqi Zəngəzura, Cəbrayıla səfər edərkən əlini Xudafərin körpüsünə uzadaraq onu dostluq körpüsü adlandırdı. Bununla da İrana mesaj verdi ki, bu günə kimi nə baş veribsə, biz bunların arxada qalmasını və sizinlə yeni əməkdaşlığın inkişafını istəyirik. Amma nə baş verdi? Prezidentin yerli mediaya müsahibəsində də qeyd etdiyi kimi, İran yenə də Ermənistana öz dəstəyini davam etdirdi. Avtomobillərin getməsi, erməni nömrələrinin vurulması, hətta bir az da dərinə getsək, terrorçuların Qarabağa getməsi və s. çoxlu sayda faktları gördük. Bu hadisələrin pik həddi kimi isə səfirliyimizə hücum, polisin gec gəlməsi, həmin insanın bu günə kimi cəzalandırılmaması və s. amilləri qeyd edə bilərik. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti yenə də İranla münasibətləri normallaşdırmağa çalışdı. Söhbət səfirliyimizin fəaliyyətini yenidən bərpa etməsindən gedir. İranın Təhlükəsizlik Şurasının rəhbəri Azərbaycana gəldi, görüşlər keçirdi.

Amma Ərdəbil məscidinin din xadiminin həm Prezident İlham Əliyevi, həm də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi, səsləndirdiyi fikirlər onu göstərdi ki, İran öz siyasətini dəyişmək fikrində deyil. Prezident çox əsaslı və qətiyyətli formada yerli mediya müsahibəsində İranın bu addımlarını tənqid etdi və öz münasibətini bildirdi. Biz ümid edirik ki, bu xəbərdarlıqlardan sonra İran öz siyasətini dəyişəcək və bu təxribatçı addımlara son qoyacaq. İndi bu hərəkətlərini Suriya ilə və ya hansısa məsələ ilə bağlayır. Suriya müsəlman ölkəsidir. Azərbaycanın ona yardım etməsi təbiidir. Bu məsələdə İran bizi ittiham edə bilməz. Biz qardaş Suriya xalqının yanındayıq. İranın da mənsub olduğu dinimiz bunu bizdən tələb edir. Buna görə Azərbaycana qarşı tənqid səsləndirmək, bizi ittiham etmək əsassızdır. İran tərəfinin öz siyasətlərini dəyişəcəklərini gözləyirik. Baş verən hadisəyə görə üzr istənilməlidir. Əslində, İranın bu gün özünün vəziyyəti o qədər də yaxşı deyil. Ona görə İran Azərbaycanla bütün körpüləri yandırmaqda maraqlı olmamalı və öz siyasətini dəyişməlidir.

İran öz dini ideologiyasını Azərbaycana ixrac etmək üçün ciddi-cəhdlə çalışır...

- Ceyhun müəllim, İran Azərbaycana hər zaman din üzərindən təzyiq göstərməyə, təxribat törətməyə cəhd edib. Ölkəmizin aidiyyəti dövlət orqanları bu təxribatların qarşısını alır. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, vaxtilə Dini Qurumlarla İş ürzə Dövlət Komitəsində fəaliyyət göstərmiş və təbii ki, sahənin mütəxəssisi kimi Azərbaycanda bu gün dinlə bağlı vəziyyəti necə dəyərləndirirsiniz? Dini radikalizmə qarşı aparılan mübarizə öz effektini göstərir?

- Bu məsələyə bir neçə aspektdən yanaşmalıyıq. Birinci xüsusi qeyd etməliyik ki, İran uzun illərdir və bu gün də Azərbaycanda dini mühitə təsir etmək üçün ciddi səy göstərir. Biz bunu bütün istiqamətlərdə açıq-aydın görürük ki, İran Azərbaycanda dini mühiti dəyişmək, öz dini ideologiyasını ölkəmizə ixrac etmək üçün ciddi-cəhdlə çalışır. Bu sahəyə böyük maliyyə vəsaiti yönəldir. Sosial media vasitəsilə bu işlər həyata keçirilir. Ayrı-ayrı istiqamətlərdə bu addımların davamlı olaraq atıldığını görürük. Təkcə İran deyil, bəzi Ərəb ölkələri də bu istiqamətdə çalışırlar. Türkiyədə bəzi camaatlar Azərbaycanda özləri üçün müəyyən bir dini bazanı yaratmağa çalışırlar.

Qeyd etməliyik ki, Azərbaycan uzun illərdir zəngin təcrübə qazanıb. Bizim ölkəmizdə bütün dinlərin, məzhəblərin nümayəndələri tarix boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayışblar və yaşayırlar.

Amma qeyd etdiyim bu cəhdlər bizim ölkəmizdə dini durumu ciddi şəkildə təhdid edir. İnsanların dini inancından istifadə edərək onları müxtəlif istiqamətlərdə yönləndirməyə çalışırlar. Bu, İran üçün prioritet məsələdir. Onlar burada baza yaratmağa çalışrlar.

Biz nə etməliyik? Burada iki istiqamətdə işlər getməlidir.

İlk növbədə, davamlı olaraq insanlar arasında dini maarifləndirmə aparmalıyıq. İkinci isə radikalizmlə mübarizədir. Bu gün Azərbaycanda bu istiqamətdə işlər görülür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi addımlar atır. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu sahədə davamlı olaraq müxtəlif tədbirlər görürlər. Amma bu məsələni hər zaman diqqətdə saxlamalıyıq.

Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan üçün ən ciddi təhdid təşkil edən məsələlərdən biri dini radikalizm və ekstremizmdir. Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmaq cəhdləri olacaq.

Biz Qarabağ məsələsini həll etdik. Növbəti mərhələdə Azərbaycanı bir neçə istiqamətdə məğlubiyyətə uğratmağa, daxili ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar. Əsasən iki istiqamətdə iş gedəcək.

Müsəlman ölkələri din vasitəsilə ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar. Eyni zamanda, bəzi Qərb dairələri də missionerlik, xristianlığın təbliği istiqamətində səylərini davam etdirəcəklər.

Qeyd etdiyim kimi, hazırda bu kimi məsələlərə qarşı dövlət qurumları tərəfindən addımlar atılır. Amma biz bu məsələni hər zaman xüsusi diqqətdə saxlamalı, davamlı işlər aparılmalıyıq. Hər an ayıq-sayıqlığımızı qorumalıyıq.

Artıq dini təhsil sahəsində keyfiyyət fərqini dini mərasim və verilişlərdə görürük...

- Ceyhun müəllim, 2018-2020-ci illərdə Azərbaycan İahiyyat İnstitutunun rektoru vəzifəsində çalışmısınız. Hazırda həmin təhsil ocağında müəllim kimi fəaliyyət göstərirsiniz. Sizcə, sağlam dini biliklərə yiyələnmiş gənclərimizin sayını daha çox artırmağa ehtiyac varmı? Ümumiyyətlə, bu gün cəmiyyətimizdə dini maarifləndirmə sahəsində hansı problemləri vurğulaya bilərsiniz?

- Birinci onu qeyd etməliyik ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizin müstəqillik tarixində, dini fəaliyyət sahəsində ən önəmli addımlardan biridir. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi çox vacib bir qurum yaradıldı. O zaman bu qurumu Ulu Öndər Heydər Əliyev yaratdı. Müasir dövrdə isə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, fəaliyyətə başlaması çox önəmli idi. Azərbaycanda dini təhsilin bazasını formalaşdırmaq üçün ən önəmli addımlardan biri idi. 2018-ci ildə yaradılan Azərbaycan İlahiyyat İnstitutu bu gün öz fəaliyyətini ən yüksək səviyyədə qurub. İnstitut yarananda çalışdıq ki, ən peşəkar mütəxəssis və müəllimləri bir araya gətirək. Hazırda institutun müəllim, kadr hazırlığı baxımdan heç bir problemi yoxdur. Artıq mütəxəssislərin yetişdirilməsi istiqamətində də işlər görülür. Ümumilikdə bu sahəni tənzimləmək çox çətindir. Uzun illər ərzində bəzən xaricdə oxuyan, bəzən hansısa ölkənin ideologiyasına xidmət edən şəxslər məscidlərdə fəaliyyət göstərib. İnstitut yeni yaranıb. Tələbələri məzun olduqca, məscidlərdə yerləşdirilir. O mənada, biz deyə bilərik ki, bu gün institut prosesə öz töhfəsini verir. Cəmiyyətdə din və dövlət anlayışına müxtəlif yanaşmalar var. Amma düşünürəm ki, din təhsilini dövlət verməlidir. Dini dövlət idarə etməlidir. Dinin dövlətdən ayrı olması o anlamı ifadə edir ki, dövlət dini ehkamlar, şəriətlə idarə olunmur. Dinin dövlətdən ayrı olması idarəçiliyin dünyəvi xarakter alması deməkdir. Din dövlətdən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Dövlət dini sahəyə görə məsuliyyət daşıyır, etiqad azadlığını təmin edir, eyni zamanda öz dəstəyini göstərir. Vətəndaşın da borcu odur ki, qanunları yerinə yetirsin. İnstitutun yaradılması, ümumiyyətlə din sahəsinə diqqət və qayğı önəmlidir. Buna sahib çıxmasaq, başqaları edəcək və gələcəkdə bizə problem yaradacaqlar. O anlamda, institutun fəaliyyətini xüsusi vurğulaya bilərik. İldən-ilə tələbələrin sayı artır.

2023-cü ilin sonunda yaradılan Bakı İlahiyyat Kolleci də artıq fəaliyyət göstərir. Ötən il 20 nəfər qəbul edildi. Bütün bunlar mərhələli şəkildə bu töhfəsini verəcək. Biz artıq dini təhsil sahəsində keyfiyyət fərqini bəzi dini mərasim və verilişlərdə görürük. Proses zamanla daha yaxşı məcrada inkişaf edəcək.

- Ceyhun müəllim, kolleclərin sayının artırılmasına ehtiyac varmı?

- Şəxsi fikrim belədir ki, bəli, buna ehtiyac var. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışdığım zaman bu sahədə müəyyən işlər görülürdü. O zaman bizdə din xidmətləri müşavirliyi var idi. Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə ümumi bir qərar qəbul edildi ki, ölkədə 10 dini kollec fəaliyyət göstərsin. Proses başladı, amma sonradan qərar dəyişdi. Kolleclərin ləğvi ilə bağlı addımlar atıldı. 2023-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir kolleci yaratdı (red: Bakı İlahiyyat Kolleci). Zamanla bu cür kolleclərin artırılması məsələsinə baxmaq olar. Biz bu barədə düşünməliyik. Din elə bir məsələdir ki, onu insanların həyatından tamamilə sıxışdırıb çıxarmaq qeyri-mümkündür. Ona görə biz bu sahəni idarə etməliyik.

- Son illər məscidlərimizə din xadimlərinin təyin edilməsi sahəsində həyata keçirilən islahatları necə dəyərləndirirsiniz? Sizcə, bu yolla problemi, həmçinin bölgələrimizdə də həll etmək mümkün olacaqmı?

- Bilirsiniz ki, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişklik edildi. Bundan sonra məscidlərə din xadimlərinin təyinatı məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə olundu. Əvvəl bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Proses ağırdır və 30 ildir, yığılıb qalan problemlərin həlli üçün müddət lazımdır. Bu prosesi izləyirəm. Xeyli addımlar atılıb. Məscidlərdə kadr dəyişikliyi həyata keçirilir. Azərbaycan İlahiyyat İnstitutunun məzunları təyin olunur. Bu gün bəzi məscidlərdə İlahiyyat İnstitutunun müəllimləri də imam kimi fəaliyyət göstərirlər. Artıq bu addımın nəticələri özünü məscidlərin fəaliyyətində göstərir. Amma biz bu işin nəticələrini bir neçə ildən sonra daha yaxşı görəcəyik.

- Bu gün ölkədə rəsmi nikah olmadan dini kəbin kəsən mollalar hələ də var. Bu problemi kökündən həll etmək mümkündürmü?

- Bu məsələdə bir neçə məqam var. Parlamentdə bununla bağlı qanun qəbul edilib. Qanunda da bir sıra məsələlər təsbit olundu. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin illər öncə bu məsələ ilə bağlı bir fətvası var idi. Burada da qeyd olunmuşdu ki, rəsmi nikah olmadan dini nikah bağlanmasın. Bölgələrdə aidiyyəti strukturların, dövlət qurumlarının üzərinə böyük bir vəzifə düşür ki, qanunun icrası təmin olunsun. Hesab edirəm ki, əvvəlki dövrlərlə müqayisədə bu problemdə bir az azalma var. Bu məsələ yalnız dövlət qurumlarından asılı deyil. Əhali arasında maariflənmə, təbliğat getməlidir. Sadəcə kəbinlə ailə quran, bundan sonra müəyyən çətinliklər yaşayanları çəkib göstərməliyik ki, insanları çəkindirə bilək.

- Ceyhun müəllim, bu gün cəmiyyətimizdə mənəvi dəyərlərin aşınması poblemi var. Bunun yaranmasında sosial şəbəkələrin, xüsusilə “TikTok” platformasının xüsusi rolu vurğulanır. Bu platforma artıq idarəolunmaz bir vəziyyətə gəlib. Sanki qlobal güclər bu prosesi tətikləyir, xalqların min illərlə qoruyub saxladığı dəyərlərini məhv etmək istəyirlər. Artıq bir çox ölkələr “TikTok”un bağlanması ilə bağlı qərar qəbul ediblər. Bu sosial şəbəkənin Azərbaycanda da bağlanması qeyd olunan problemlərin aradan qalxmasında müsbət təsirini göstərə bilərmi?

- Cəmiyyətdə gedən mənəvi aşınmanın əsas günahkarı “TikTok” və ya sosial media deyil. Bu, dünyada gedən bir prosesdir. Kimsə düşünürsə ki, “TikTok”u bağlasaq, tərbiyə, əxlaqi dəyərlər yüksələcək, mən belə düşünmürəm. Qadağa hər zaman insanları başqa yollara vadar edir. İnsanlar “TikTok”a daxil olmaq üçün başqa yollar tapacaqlar. Bir müddət bağlandı və biz bunu müşahidə etdik. Müzakirələr gedir və belə fikir yaradırlar ki, sanki bizim cəmiyyətdəki neqativ halların əsas günahkarı “TikTok”dur. Sosial media silahdır. Çalışmalıyıq ki, bu silahdan yaxşı işlərdə istifadə edək. Bu gün Qərb öz məqsədləri üçün sosial mediadan məharətlə istifadə edir. Bir silahdan kimsə sənə qarşı istifadə edirsə, sən də eyni silahı ona qarşı istifadə etməlisən.

Cəmiyyətdə mənəvi dəyərlər ona görə aşınır ki, ailələrimiz öz rolunu oynaya bilmir, cəmiyyətdə, bəzən məktəblərdə müəyyən proseslər gedir. Bunlar dünyada gedən proseslərdir. Biz bunun qarşısını almaq üçün nə etməliyik? Davamlı təbliğat, maarifləndirmə olmalıdır. Ailə institutu, məktəblərimiz daha güclü olmalıdır. “TikTok”dan maarifləndirici vasitə kimi istifadə etməliyik. “TikTok”un Çin seqmentinə daxil olsanız, dəyərlərin necə təbliğ olunduğunu görəcəksiniz. Təəssüf ki, bizdə bəzi insanlar bu vasitələrin verdiyi imkanlardan sui-istifadə edir.

- Siz Milli Məclisin Elm və təhsil komitəsinin üzvüsünüz. Azərbaycanda təhsillə bağlı ciddi tənqidlər səsləndirilir. Siz də vurğulayırsınız ki, təhsillə bağlı insanlarımızın narazılığı çoxdur. Bu sahədə ən çox hansı ciddi problemləri vurğulaya bilərsiniz?

- Əslində, bu gün təhsildə müəyyən problemlərlə yanaşı, inkişafı da görürük. Təkcə ötən il Azərbaycanda bir neçə universitet yaradılıb. Çox sayda məktəblər təmir olunur və s. Dövlətin, xüsusilə cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısını görürük. Təhsil elə bir sahədir ki, hər zaman müzakirələr olur. İslahatlar həyata keçirilir və bu islahatlarla bağlı addımlar atılır. Hazırda xüsusilə müəllimlərin sertifikasiyası ilə bağlı müzakirələr aparıldığını görürük.

Qeyd edim ki, təhsillə bağlı qarşımızda duran ən önəmli məsələlərdən biri məktəblərimizdə təhsillə bərabər təlim-tərbiyənin ən yüksək formada qurulmasıdır. Təhsillə paralel tərbiyə işi yüksək səviyyədə qurulmalıdır. Azərbaycan universitetlərinin dünyada reytinqinin artırılması istiqamətində işlər görməliyik. Qərbdə mövcud olan müasir texnolgiyalar, innovasiyaların ölkəmizə cəlbi istiqamətində addımlar atılmalıdır. Bu gün bu addımların, müəyyən mənada, atılmasına çalışılır. Müəllimlərin maaşı məsələsi var ki, dövlət bununla bağlı addımlar atır. Gələcəkdə də atılacaq. Bu istiqamətdə hədəflər, planlar var. Eyni zamanda, universitetlərdə tədris prosesinin daha da təkmilləşdirilməsi, universitetlərin yataqxana ilə təmin olunması qarşımızda duran ən önəmli məsələlərdəndir.

- Tez-tez sosial şəbəkələrdə gənclərə tövsiyələrinizi görürük. Bu yolla gənclərə öz sözünüzü çatdıra bilirsinizmi? Belə deyək, geridönüşlər sizi qane edirmi?

- Gənclər gələcəyimizdir. Biz onların inkişafı üçün çalışmalıyıq. Düşünürəm ki, tövsiyələrim oxunur, izlənir. Biz gənclərlə daim işləməliyik. O zaman nəticə olacaq. Apardığımız işin müəyyən nəticəsi var. Belə ki, hər həftənin sonu gənclər üçün müəyyən tövsiyələr paylaşıram. Mənəviyyatla, dəyərlərlə bağlı. Hətta onları bizim müəllimlərimiz, yaşlı nəsl də oxuyur. Hesab edirəm ki, sosial medianı daha çox bu məqsədlər üçün istifadə etməliyik. Mən də çalışıram ki, sosial medianın maarifləndirici gücündən maksimum istifadə edim.

- Ceyhun müəllim, bu il ölkəmizdə referendum keçiriləcəyinə dair iddialar var. Təbii ki, referendum qərarını ölkə başçısı verir. Sizin fikrinizcə, Azərbaycanda referendum keçirilməsinə ehtiyac varmı?

- Bununla bağlı müzakirələr gedir. Hələlik konkret heç bir fikir, heç bir açıqlama yoxdur. Biz gözləməliyik. Zaman-zaman müzakirə edilib. Bu məsələlər araşdırılıb və ola bilər ki, Konstitusiyaya bəzi dəyişkliklərə ehtiyac olsun, referendum keçirilsin. Bu barədə cəmiyyətə bir müddətdən sonra məlumat veriləcək. Söhbət seçki prosesindən, seçki ilə bağlı məsələlərdən gedir ki, bu da zamanla həllini tapa biləcək məsələdir.

- Suriyada 61 illik rejimin devrilməsindən sonra yeni reallıqlar yaranır. Azərbaycan da bu ölkə ilə diplomatik münasibətlər quracağını bəyan edib. Bölgədə proseslər hansı istiqamətdə inkişaf edəcək? Suriya illərdir, davam edən fəlakətlərdən, faciələrdən, terrordan qurtula biləcəkmi?

- Əslində, Suriyada prosesləri proqnozlaşdırmaq.
Geri qayıt