Əsas Səhifə > Güney Press, Partiya > Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çeviribBu gün, 06:29 |
Rusiya həmişə Ermənistanın düşməni olub. Bunu Ermənistanın müxalif Avropa Partiyasının sədri Tiqran Xzmalyan deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla 44 günlük müharibədə Ermənistanı dəstəkləməyərək ona “xəyanət” edib: “Buna baxmayaraq, Ermənistan Rusiya ilə ticarətini davam etdirir. Bu ticarət cinayətdir, çünki bunlar sanksiyaya məruz qalan mallardır. Rusiya bunları Ermənistan vasitəsilə ərəb ölkələri və Sinqapura satır. Ermənistan Rusiyanı zənginləşdirmək üçün kriminal sxemdə iştirak edir və alınan pullar Ukrayna ilə müharibəni davam etdirməyə, Gürcüstan və Ermənistanda müxalifət və demokratiyanın yatırılmasına qarşı istifadə olunur. Ermənistanın burada iştirakı biabırçılıqdır. Rusiya həmişə Ermənistanın düşməni olub, bunu heç vaxt gizlətməyib”. Xzmalyan etiraf edib ki, sanksiyalara məruz qalan Rusiya Qərbdən ala bilmədiyi malları Ermənistan vasitəsilə əldə edir. Erməni müxalifətinin iddialarından da göründüyü kimi, Ermənistan hər yerdə və hər işdə olduğu kimi bu məsələdə də riyakarlıq, ikiüzlülük nümayiş etdirməklə məşğuldur. Bir tərəfdən Qərbin istəyi ilə Rusiyadan uzaqlaşır və Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün çaba göstərirlər, digər tərəfdən, Rusiya ilə ticarət əlaqələrini "bənzəri olmayan bir sürətlə inkişaf" etdirirlər. Milli Məclisin deputatı Azər Badamov “Sherg.az"a açıqlamasında Rusiya ilə əməkdaşlığın davam etdirilməsinin Ermənistana hava-su kimi lazım olduğunu deyib. Onun sözlərinə görə, 2022-ci ildən sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2,4 milyard dollardan 14 milyard dollara çatıb. Halbuki Ermənistanın Avropa Birliyi ilə ticarət dövriyyəsi cəmi 1,9 milyard dollar təşkil edir: “Bu baxımdan bu gün Ermənistanın dövlət büdcəsinin gəlirləri Rusiya ilə aparılan ticarəti üzərində qurulub. Son bir neçə ildə Ermənistanda Rusiya ilə ticarət aparan mindən çox şirkət yaranıb. Bu şirkətlərin işi Rusiyada istehsal olunan malları dünya bazarlarına çıxartmaq və Rusiya üçün vacib olan malları isə idxal etməkdən ibarətdir. Keçən il də bu fəaliyyətlə məşğul olan təkcə bir şirkətin Ermənistan büdcəsinə 8 milyon dollar vergi ödədiyi məlum olub. Beləliklə, Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanc mənbəyinə çevirib. Amma təəccüblüsü odur ki, bu hərəkətlər Qərbin gözü qarşısında baş verir və onlar Ermənistana gözündə tükün var belə demir. Təbii ki, Ermənistanın Rusiyanı sanksiyalardan yayındırmasına Qərbin belə münasibəti ikili standartların nəticəsidir. Onlar üçün şəxsi maraqlar ümumi maraqlardan üstündür. Ona görə də Ermənistana qeyd etdiyimiz hərəkətlərə görə sanksiyalar tətbiq etmək əvəzinə ona maliyyələr ayrılır və silahlandırırlar. Yəni onların marağı Cənubi Qafqazda da yeni bir gərginlik ocağı yaratmaqdır. Ona görə də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına mane olur və Ermənistanı yenidən revanşizmə hazırlamaq üçün hər cürə dəstək tədbirlərini davam etdirirlər”. Geri qayıt |