Əsas Səhifə > Güney Press > Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir

Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir


Dünən, 20:14
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib. Bu barədə “Tasnim” məlumat yayıb. Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. IRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yaranmış gərginliklə bağlıdır:

“Çünki bu səfər mediada əvvəlcədən elan edilməyib. Hesab edirəm ki, sözügedən səfər gözlənilməzdir. Ermənistana səfəri də bura daxil etməklə Tehran hakimiyyəti səfərdə əsas məqsədini ört-basdır etməyə çalışır. İranın Ərdəbil əyalətinin İmam Cüməsi Ayətullah Seyid Həsən Amilinin dekabrın sonunda təşkil etdiyi məclisdə Azərbaycan-Türkiyə əleyhinə və İslam dünyasının birliyinə qarşı edilən çıxışlar ciddi narahatlığa səbəb olub. Azərbaycan bununla bağlı İran tərəfinin üzr istəməsini istəyib. Fikrimcə, Tehran hakimiyyəti Amilinin etdiyi yanlışlığı düzəltməyə səy göstərir. Ona görə də sözügedən səfər daha çox İranın siyasi ideoloji təmsilçisinin səhvi düzəltmək üçün baş tutub. Bu çərçivədə səfər zamanı ikitərəfli əlaqələrin inkişafına dair bəzi məsələlər də müzakirə oluna bilər”.
Geri qayıt