Əsas Səhifə > Güney Press > Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü

Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü


6-01-2025, 14:47
Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü
2024-cü il dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan
Televiziyasına müsahibəsində Bakı-Qroznı reysini yerinə yetirən “Embraer
190” tipli sərnişin təyyarəsi faciəsi ilə bağlı fikirlərini bildirməklə bir daha
prinsipial və qəti mövqeyə malik liderlik xüsusiyyətlərini nümayiş etdirib.
Dekabrın 26-sında Azərbaycanda matəm elan olunması, Prezident
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın vida mərasiminə qatılaraq
həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı və təskinlik verməsi,
dərdlərinə şərik olması xalqımızın ağır və çətin günlərində, milli kədər
anlarında xalqla bir yerdə olduğunu, mübarizliyini, dəyanətini göstərdi. Bu,
dövlətin ali rəhbərliyinin insanpərvərliyinin, həmrəyliyinin, milli-mənəvi
dəyərlərimizə, adət-ənənələrimizə olan dərin ehtiramın təcəssümüdür.
Qəza ilə bağlı Azərbaycan Prezidentinin ilk gündən kəskin mövqeyi,
dəmir iradəsi və ədalətin bərpası, həqiqətin üzrə çıxarılması istiqamətində
öz qəti sözünü deməsi sayəsində qarşı tərəf geri çəkilməyə, öz
məsuliyyətini dərk etməyə məcbur oldu.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–
Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak
olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə
bələdçiləri ilə görüşüb.
Görüş zaman Prezident İlham Əliyev ekipaj üzvlərinin qəhrəmanlığını
xüsusi olaraq qeyd edib. Bildirib ki, “doğrudan da böyük fədakarlıqdır. Mən
bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa
bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan
təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə
bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər
üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun
yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər,
bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu
vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə,
soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək
keyfiyyətlərini göstərir”.
Görüşdə ölkə başçısı məlumat verib ki, təyyarənin “Qara qutu”ların
açılması prosesinin başlanılıb. Bütün təkliflərə və təkidlərə baxmayaraq
Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz
edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir.
Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların
toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya
nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb
və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Bununla da
bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Ən
əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və
radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb.
Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi
barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün
bu məlumatlar olacaq.
Görüş zamanı ölkə başçısı ekipaj üzvlərinin fədakarlığını xüsusi qeyd
edib: “Məhz ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı
sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu”.
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını
həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı
layiqincə qiymətləndirildi. Təyyarə qəzasında həlak olan üç ekipaj üzvünün
II Fəxri xiyabanda dəfn olunması isə bu qəhrəman vətən övladlarına verilən
böyük dəyərdir. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən,
sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və
fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və
Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də
Zülfiqar Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə
təltif etməsi isə xalqımızın qəhrəmanlarına verdiyi dəyərin növbəti
təzahürdür.
Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil,
həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya
verilib, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan
təqsirkarların cəzalandırılması qətiyyətlə tələb ediləcəkdir.
Cənab Prezident həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini
qəbul edərək Azərbaycan dövlətinin hər zaman onlarla olacağını bəyan
edib və yüksək mükafatları şəxsən təqdim edib. Eyni zamanda Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-
yə ekipaj üzvlərinin ailələri və sağ qalmış ekipaj üzvləri ilə daimi əlaqə
saxlamaq və onları narahat edən məsələləri operativ şəkildə həll etmək
tapşırılıb.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt