Əsas Səhifə > Güney Press > İşçilər bəzən bilmirlər ki...
İşçilər bəzən bilmirlər ki...6-01-2025, 08:55 |
Praktikada, Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinin və qaydalarının pozulması hallarına da tez - tez rast gəlinir. Bu faktı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına edilən müraciətlər də təsdiq edir. Müəyyən səbəbdən iş yerində olmayan digər işçinin əmək funksiyası həvalə edilərkən, bu işçinin razılığı alınmır və əmək haqqı müvafiq qaydada ödənilmir. İşçilər də, işdən azad olunmaq və sair hallardan qorxaraq,bu əmək hüquqlarının pozulmasına etiraz etmirlər. İşçilərin əmək hüquqlarının bu qaydada pozulmasına, əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən-Həmkarlar ittifaqları və dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti də həmişəki kimi göz yumur, müvafiq qərarlar qəbul etmirlər. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: Müəyyən səbəblərdən (iş yerində olmayan, məzuniyyətdə və ya ezamiyyətdə olan, müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş və sair) iş yerində olmayan işçinin - əmək funksiyasının icrasına yalnız tərəflərin razılığı ilə yol verilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə yalnız işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş vəzifə (taarif) maaşının yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra əvəzedici işçi onun razılığıilə həmin vəzifəyə keçirilir, ya da hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə əməl etməyən, işçinin əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə qorxu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur. Azər Quiyev Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.link) Geri qayıt |