Əsas Səhifə > Güney Press > "Azəriqaz" abonent uçotu sistemlərində
"Azəriqaz" abonent uçotu sistemlərində3-01-2025, 12:03 |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib. "DİA-AZ" bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. "Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq", - İB bildirir. Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib. Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb. Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir. - 48 % abonent üzrə - 32 qəpik, - 39 % abonent üzrə - 1 manat 43 qəpik, - 13 % abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik. Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb. Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 %) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib. Qərar yanvarın 2-dən qüvvəyə minib. Geri qayıt |