Əsas Səhifə > Güney Press > “Qara qutu”dan gələn səsə doğru
“Qara qutu”dan gələn səsə doğruDünən, 15:08 |
Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin qəzadan əvvəl Rusiya tərəfindən vurulduğu versiyası təsdiqlənməkdədir. İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Çeçenistan paytaxtına yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. “Caliber.Az” redaksiyası etibarlı hökumət mənbələrinə istinadən yazıb ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib. “Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır”, - deyə mənbə qeyd edib. O da bildirilirb ki, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəyə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. “Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır”, - deyə nəşrdə vurğulanıb. Bildirilir ki, Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır: “Təyyarənin salonundan olan videogörüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işinə dəlalət edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir”. Qeyd edək ki, “Euronews” da AZAL-ın təyyarəsinin Rusiya hava məkanında vurulması barədə yazıb və Azərbaycan rəsmi mənbələrindən bunun təsdiqləndiyini bildirib. Görünən odur ki, Azərbaycan tərəfində təyyarəyə hücum edilməsi ilə bağlı dəlillər var. Amma Rusiya tərəfi rəsmi şəkildə hələ ki, deyilənləri təsdiqləməyib. Onu da bildirək ki, Moskvadan təkzib də verilməyib. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi ekspert və hüquqşünas Fərhad Mehdiyev deyib ki, AZAL-ın sərnişin təyyarəsinə kənar müdaxilə, onun vurulması danılmazdır: - Çünki ortada faktlar var. Təyyarənin qalıqlarının üzərindəki mərmi izləri təyyarəyə hərbi müdaxilə edildiyini açıq şəkildə göstərir. Eyni zamanda, sərnişinlərin çəkdikləri videolar var ki, təyyarənin göyərtəsində maskaların düşdüyü görünür, plastmasın bir hissəsinin qopması görünür. Bunlar da onu göstərir ki, təyyarədə havada olarkən deşik açılıb. Bütün ekspertlər deyirlər ki, əgər quş sürüsü təyyarənin ancaq motor hissəsinə, qanadları hissəsinə zərər yetirə bilir. Ona görə də təyyarənin havada quş sürüsü ilə toqquşması versiyası sıradan çıxır. Onu da deyim ki, təyyarənin uçduğu hündürlükdə quş sürüsünün olması ehtimalı çox azdır. Hazırda quşların miqrasiya etdiyi fəsil də deyil. Böyük ehtimalla, təyyarənin “Pantsir” raket sistemi ilə vurulması barədə yazılanlar, iddialar doğrudur. Həm də “Euronews” kimi ciddi bir media orqanı Azərbaycan rəsmilərinə istinadla bu məlumatı yayırsa, demək ki, bu versiya həqiqətə daha çox yaxındır. Buradan da məlum olur ki, təyyarəmiz Rusiya tərəfindən vurulub - qəsdlə, yaxud bilməyərəkdən. Məlumatlar var ki, həmin vaxt Çeçenistan Ukrayna tərəfindən dron hücumuna məruz qalırmış, bunun qarşısının alınması üçün “Pantsir”dən istifadə edilib, səhvən sərnişin təyyarəsi vurulub. Əgər belədirsə, o zaman bunun özü də acınacaqlı və təəssüf doğuran haldır. Necə ola bilər ki, hərbçilər dronla təyyarəni ayırd edə bilmirlər? Onu da qeyd edim ki, “Pantsir” qurğusunun həm topu var, həm də raketi var. Biz təyyarənin hansı məsafədə vurulduğunu bilmirik, amma topla üç kilometrə qədər məsafədəki hədəf vurula bilər. Raketlə isə 15 kilometrə qədər məsafədəki hədəf vurula bilir. Raketlərin qəlpə təsiri ola bilir və hədəfdən təxminən 7 metr kənarda partlayır. Hadisə şahidləri, yəni sərnişinlər deyirlər ki, havada olarkən iki dəfə partlayış səsi eşidiblər. Böyük ehtimalla, təyyarə raketlə vurulub. - Daha hansı fakt təyyarəınin vurulması arqumentini gücləndirir? - Təyyarə qəzasının görüntüsü yayılandan bilinirdi ki, bu qəzada nəsə başqa məqamlar var. İlkin ehtimal kimi quş sürüsü ilə toqquşma irəli sürüldü - həm də Rusiya tərəfindən. Amma dediyim kimi, quş sürüsü ilə toqquşma ehtimalı çox az idi. İkincisi, təyyarənin qəzadan əvvəlki uçuş görüntüləri bu qəzanın kənar müdaxilənin nəticəsində baş verməsinə ciddi şübhələr yaradırdı. Məsələn, biz görürük ki, təyyarə Aktau hava limanına çatır, sonra sola dönməyə məcbur olur. Demək ki, təyyarə lazım olan hündürlüyü ala bilmir, hündürlüyün tutulmasında problem vardı. Uyğun hündürlük olmadığına görə, pilot eniş edə bilmir və təkrar cəhd edir ki, daha aşağı məsafəyə endirsin və enişi həyata keçirsin. Biz sərnişinlərdən birinin həmin anda çəkdiyi videodakı səs yazısından eşidirik ki, stüardessa “20 nəfər qabağa gəlsin” deyir. Bu, o deməkdir ki, təyyarənin burun hissəsinin aşağı salınmasına ehtiyac olub ki, hündürlük tənzimlənsin. Təyyarənin hündürlük problemi quyruq hissəsi ilə tənzimlənir. Quyruq hissəsi isə mərmilərə tuş gəldiyinə görə bu tənzimləməni görünür ki, həyata keçirə bilməyib. - Sizcə, qəsdlə, yoxsa ehtiyyatsızlıqdan vurulub? - Əlimizdə konkret bilgilər olmadığına görə deyə bilmərik ki, bu hadisə qəsdlə törədilib. Ehtiyyatsızlıqdan edilibsə, o zaman bu, çox kobud bir ehtiyyatsızlıqdır. Beynəlxalq Mülki Aviasiya Konvensiyası – Çikaqo Konvensiyası mövcuddur. Bu sənədə 1986-cı ildə üç maddə əlavə edilib ki, həmin maddələrə əsasən Konvensiya tərəfləri dövlətlər öz hava ərazisində uçan təyyarələrin təhlükəsizliyini təmin etməyə borcludur və mülki təyyarəyə hansısa formada silahdan istifadə etməməlidirlər. Mən deyə bilmərəm ki, Rusiyada mülki aviasiya xətti bağlanmadan silahdan istifadə qərarını, əmrini hansı məmur verib. Uçuş sahəsini mülki aviasiyaya bağlamadan Rusiya hava hücumuna qarşı hərbi sistemi işə salıb. Bu, çox təhlükəli və kobud bir pozuntudur. Dünya aviasiya tarixində belə hallara çox az rast gəlinir. Təəssüf ki, bizim sərnişin təyyarəmiz bu halla üz-üzə qaldı. - Qaranlıq qalan məsələlər çoxdur. Ən önəmlisi isə təyyarənin Rusiya ərazisindəki yaxın aeroportlara enişinə icazə verilməməsi, pilotun məcbur olub Xəzəri keçərək Aktau hava limanını seçməsidir... - Təyyarənin vurulması və bunun qəzaya səbəb olması kifayət qədər aydındır. Aydın olmayan məsələlər var ki, bunlardan da biri məhz sizin dediyinizdir. Təyyarə təxminən səhər saat 8 radələrində vurulub. Çünki 8:20-da Qroznı hava limanına enməli idi. Amma Aktauda qəza vurulandan təxminən 3 saat sonra olub. Yəni üç saat ərzində təyyarə Rusiya hava məkanında uçub, eyni zamanda, Xəzər dənizi üzərinə yön alıb. Həmçinin Rusiya həmin vaxt GPS sistemini bağlayıb. Ola bilsin ki, Rusiya bununla dronların hərəkətinə maneə törətmək üçün bu sistemi bağlayıb. Amma GPS sisteminin bağlandığı yerdə mülki təyyarələr “kor” qalır, istiqaməti görə bilmir. Bütün bunlar bilindiyi halda, Rusiya hərbi qurumu kobud səhvə yol verib. Çikaqo Konvensiyasına əsasən, dövlət GPS sistemini bağladığı anda həmin uçuş sahəsini mülki aviasiya üçün bağlamalıdır. Amma Rusiya dövləti bunu etməyib və üstəlik kobud qanun pozuntusuna yol verərək silahdan istifadəyə icazə verib. Əsas sual odur ki, niyə təyyarə yaxın hava limanına eniş etməyib. Təxmin edirəm ki, təyyarənin hidravik sistemi vurulandan sonra dərhal dayanmayıb ki, üç saat ərzində uçuş həyata keçirə bilib. Hidravik sistem maye ilə işləyir. Təyyarə zədələnəndən sonra maye az-az boşalır və pilot artıq hündürlüyü heç bir şəkildə tənzimləyə bilmir. Vurulandan sonra ən yaxın hava limanına eniş edə bilərmiş. Çünki hidravik sistemi işlədən maye yaxın əraziyə eniş etməyə imkan verəcək qədər ola bilərdi. Çox güman ki, pilot yaxın hava limanına enmək üçün icazə istəyib, amma icazə verilməyib. Bundan sonra məcbur olub Aktauya doğru uçub. Aktauya çatanda isə eniş üçün hündürlük tənzimlənə bilməyib və nəticədə qəza baş verib. Rusiya tərəfi niyə yaxınlıqdakı hava limanına enişə icazə verilmədiyinə rəsmi şəkildə aydınlıq gətirməlidir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu suallara Moskvadan cavab tələb etməlidir. - Hələlik Rusiya tərəfi təyyarənin vurulması versiyasını rəsmi təsdiqləməyib. Əgər Rusiyanın vurduğu təsdiqini taparsa, hüquqi istiqamətdə hansı addımlar atılmalıdır? - Araşdırma aparılmalıdır, təyyarənin vurulması versiyası rəsmi təsdiqləndikdən sonra Rusiya tərəfi hansı ölkənin təyyarəsi vurulubsa, həmin ölkədən nümayəndələr dəvət etməlidir. Düzdür, təyyarənin qəzaya uğradığı ərazi Qazaxıstan ərazisidir, amma Rusiyanın özündə kifayət qədər araşdırılası məqamlar var. Dediyim kimi, niyə GPS sistemi bağlanıb, niyə yaxın aeroporta enişə icazə verilməyib, ümumiyyətlə, niyə Konvensiyanın silahdan tətbiqə qəti icazə verilmədiyi halda, silahdan mülki təyyarənin uçduğu istiqamətdə atəş açılıb? Bu suallar açıq qalır. Bunlar aydınlaşandan, rəsmən təsdiqdən sonra Rusiya bu qədər insanın ölümünə görə, əvvəlcə üzr istəməlidir. Bundan sonra isə Rusiya dövləti addımlar atmalıdır. Qəzada həyatını itirmiş insanların ailələrinə ciddi kompensasiya ödənişi edilməlidir. Mən həlak olanlara rəhmət diləyirəm, ailə üzvlərinə başsağlığı verirəm. Ailə üzvünü itirmək çox ağır hissdir, bunu heç bir kompensasiya əvəz edə bilməz. Amma qanunsuzluq etmiş dövlət, yəni Rusiya ailələrə kompensasiya ödəməlidir. Bu təyyarə qəzaya nasazlığa, pilotun səhvinə görə uğramadı. Təyyarə kifayət qədər ciddi hücuma məruz qalıb, raket qəlpələri nəticəsində ciddi zədələr alıb. Buna səbəb olan dövlət qanuna, Konvensiyaya uyğun olaraq addımlar atmalıdır. - Sizcə, Rusiya bu addımları atacaqmı? - Mən deyə bilmərəm ki, bunu edəcək, yaxud etməyəcək. Qanun bu addımları atmağı tələb edir. Amma maraqlıdır, Rusiya ümumiyyətlə, rəsmi şəkildə bu kobud səhvini etiraf edəcəkmi, üzr istəyəcəkmi, kompensasiya ödəyəcəkmi?! Bütün hallarda, nəticələr ortaya çıxandan sonra Azərbaycan tərəfi Rusiyadan bunu tələb etməlidir. Onsuz da istintaqla müəyyənləşəcək, “qara qutu” müəmmalara aydınlıq gətirəcək. Rusiya bu qədər faktların qarşısında yaxasını kənara çəkməməlidir. Geri qayıt |