Əsas Səhifə > Güney Press > Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir?

Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir?


Dünən, 12:34
Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir?
"Bu açıqlamanı Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının yaxınlarda sonuclanacağı kimi şərh etmək olar".

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın Türkiyə ilə qarşılıqlı səfirliklərin açılması və diplomatik münasibətlərin bərpası istiqamətində prinsipial razılığın əldə olunduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, bu münasibətlərin normallaşması prosesi mənasına gələcək və özündə sərhədlərin açılmasını da ehtiva edə bilər:

"Ancaq bilirik ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması, səfirliklərin açılmasına bənzər proselər Bakı ilə İrəvan arasında normallaşma, onlar arasında sülh müqaviləsinin imzalanması ilə əlaqəlidir. Bunu dəfələrlə Türkiyə rəsmiləri ən yuxarı - prezident, xarici işlər naziri səviyyəsində müxtəlif rəsmiləri tez-tez bəyan ediblər. Onlar bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin qurulması sıx şəkildə Azərbaycanla Ermənistan arasında münasibətlərdən, burada əldə olunacaq nəticələrdən asılıdır".

Bu mənada, həmsöhbətimizə görə, Ermənistan parlamenti rəsmisinin həmin açıqlamasını iki cür yozmaq olar:

"Bir tərəfdən onu erməni tərəfinin təmənnası kimi yozmaq olar. Ya da Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının yaxınlarda sonuclanacağı kimi də şərh etmək olar. Bu mənada erməni parlamenti rəsmisinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin səfirliklərin açılma prosesində olduğu barədə açıqlaması o deməkdir ki, Bakı ilə İrəvan aparılan sülh müzakirələrinin sonuna gəliblər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Ankara ilə İrəvan arasında səfirliklərin açılması istiqamətində konkret addımların atılacağını düşünmürəm"

Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlardan məsul Ruben Rubinyan baş nazir Nikol Paşinyana Türkiyə ilə qarşılıqlı səfirliklərin açılması və diplomatik münasibətlərin bərpası barədə prinsipial razılıq əldə olunduğunu bildirib. Bunu "Yerevanskiy nablyudatel" "Telegram" kanalı yazıb.

Kanalın iddiasına görə, razılaşma Azərbaycanla sülh sazişinin imzalanmasından asılı olmayaraq həyata keçirilə bilər. Prosesin 2025-cü ilin yanvarında başlanacağı gözlənilir. Məlumatda qeyd edilir ki, 2015-ci ildə Ermənistan prezidenti tərəfindən geri çağırılmış protokollar parlemntə yenidən ratifikasiya üçün təqdim olunacaq.

Söhbət 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanmış "Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında” və "Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafı haqqında” protokollardan gedir. Bu sənədlər daha sonra Türkiyə tərəfindən dayandırılmışdı.

Geri qayıt