Əsas Səhifə > Güney Press > 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub

67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub


Dünən, 15:41
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, əvvəlcə hava şəraiti ilə əlaqədar Qroznıdan Mahaçkalaya, daha sonra Aktauya yönləndirilən təyyarə orada eniş edə bilməyib və qəzaya uğrayıb.

Təyyarənin göyətrəsində olan 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Azərbaycan Baş Prokurorluğu hadisə nəticəsində 32 nəfərin sağ qaldığını bildirib.

Sağ qalanlar əsasən təyyarənin arxa hissəsində əyləşiblər.

Manqistau vilayətinin Səhiyyə İdarəsinin məlumatına görə, qəza yerində dörd nəfərin meyiti aşkar edilib. Operativ qərargah hər iki pilotun həlak olduğunu bildirib.

Hadisə ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb. Azərbaycan Prezidenti Bakıya qayıdan kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.

Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Komissiyaya Baş nazir Əli Əsədov rəhbərlik edir. Təyyarə qəzasının səbəblərini yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktauya yola düşüb.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Geri qayıt