Əsas Səhifə > Güney Press > Minlərlə manat yenə havaya sovrulub
Minlərlə manat yenə havaya sovrulubDünən, 13:58 |
Ölkədə tədavülə yeni 3 qəpikliklər daxil edilib. Dizayn əvvəlkindən çox da fərqlənmir, kiçik dəyişiklik diqqət çəkir. İl ərzində ölkəyə xaricdə kəsilən 114 mindən çox sikkə gətirilib. Bunlar, əsasən, 1, 3 və 5 qəpiklik dəmir pullardır. Bizimyol.info xəbər verir ki, ölkəyə daha çox Almaniyada sikkə gətirilib. Dəmir pulların istehsalının 84,4 faizi Avropa ölkəsinin, qalanı Türkiyənin payına düşür. 1, 3 və 5 qəpikliklər mis və poladdan hazırlanır. Yəni daha böyük dəmir pullara nisbətən burada bahalı metallara ehtiyac duyulmur. Bununla belə, heç də ucuz başa gəlmir. İqtisadçı Natiq Cəfərli 3 qəpiklik dəmir pulun istehsal xərclərinin azı 25 qəpik olduğunu bildirir. Tədavülə yeni dizaynlı 3 qəpikliklərin daxil edilməsi bir neçə istiqamətdən məntiqsiz görünür. Birincisini yuxarıda yazdıq. 25-30 qəpik xərcləməklə 3 qəpiklik kəsmək heç bir halda məntiqli görünə bilməz. Hələ onu demirik ki, bunun xaricdə istehsalı bizə uyğun deyil. İkincisi, indi 1, 3 və 5 qəpikliklərə heç ehtiyac yoxdur. 3 qəpiklik bir yana, hətta 5 qəpikliyi nəinki marketlər, heç dilənçilər də götürmür. İstifadəyə yararlı olmayan bu qədər dəmir pulun kəsilməsi, ölkəyə gətirilməsi minlərlə manatı havaya sovurmaqdan başqa bir şey deyil. Nə ehtiyac vardı? Kart əməliyyatları çox artıb. İnsanlar pulqabında ən yaxşı halda manatlıq gəzdirir. Biz isə qəpik-qəpik oynayırıq. Bu il qəpiklərə görə azı 30 min manat havaya sovrulub. Həmin pula hər hansı problemi həll etmək olardı. Ölkə iqtisadiyyatı da dəmir pul kəsmək kimi idarə olunur. Məntiqsiz addımlar bir-birini əvəz edir. Qarşıda ölkəni manatın dəyər itirməsi gözləyir, amma biz xırda pul dərdi çəkirik. O 3 qəpiyə ən yaxşı halda bir qutu kibrit almaq mümkündür. Bir ovuc toplasan, bəlkə saqqız düşər. Belə xəbərlər cəmiyyətdə də neqativ qarşılanır, insanlarda ümidsizlik yaradır. Geri qayıt |