Əsas Səhifə > Güney Press > Türk ulusunun vahid əlifbası: daha nə etməliyik?

Türk ulusunun vahid əlifbası: daha nə etməliyik?


Dünən, 12:13
Türk ulusunun vahid əlifbası: daha nə etməliyik?
Türk dövlətlərinin ortaq əlifbaya ehtiyacı vardı və bu zərurət tarixin yaddaşı ilə bahəm, çağdaş dövrün çağırışlarından doğub. Türk Dövlətləri Təşkilatının (TDT) XI sammitində çıxış edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilat üzvləri arasında latın qrafikasına əsaslanan vahid əlifbanın qəbul edilməsinin əhəmiyyətini məhz bu səbəbdən vurğulamışdı.

2024-cü il sentyabrın 12-si türk dünyasının tarixində mühüm bir səhifəyə çevrildi. Türk Dövlətləri Təşkilatı ümumi türk əlifbası layihəsini rəsmi olaraq təsdiqlədi və bununla milyonlarla türk dillərində danışan insanları birləşdirəcək mədəni və dil birliyi istiqamətində daha bir addım atdı. Bu hadisə illər boyu özlərini bu möhtəşəm məqsədə həsr etmiş alimlərin, dilçilərin və mədəniyyət xadimlərinin uzunmüddətli səylərinin zirvəsi oldu.

Türk Dünyası Ümumi Əlifbası Komissiyasının üzvlərinin iştirakı ilə keçirilmiş iclasın əsas məqsədi əldə olunmuş təcrübə və biliklərin mübadiləsi, görülmüş işlərin yekunlaşdırılması və bütün türk xalqları üçün vahid baza olacaq bu layihənin təsdiqi idi.

Komissiya 1991-ci ildə hazırlanmış, latın qrafikasına əsaslanan ümumi türk əlifbası layihəsini yenidən nəzərdən keçirdi, müasir reallıqları nəzərə alaraq, 1993-cü ildə təkmilləşdirilmiş versiyanı qəbul etdi.

Türkiyə və Azərbaycan belə bir addıma hazırdır - təşəbbüsün Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi statusunda olan Türkmənistan tərəfindən dəstəklənməsi məqsədəuyğun sayılmışdı.

Belədirsə, qardaş türk dövlətərinin ortaq əlifba layihəsinin keçmişi və bu günü necədir, gələcəyi necə olacaq?

... Türk dövlətlərində vahid əlifbanın tətbiqi ideyası ilk dəfə 1991-ci ildə, SSRİ dağıldıqdan sonra gündəmə gəldi. Təbii ki, bu təşəbbüsün əsas müəllifi Türkiyə idi. Fikir Türk Dövlətləri Təşkilatının 2009-cu ildə, əvvəlcə Türk Şurası adı ilə yaradılmasından çox əvvəl irəli sürülüb.

1990-cı illərdə Türkiyə bölgədə əhəmiyyətli rol oynayırdı. Xüsusilə Azərbaycanda və Özbəkistanda birgə liseylər və digər təhsil müəssisələri açılırdı, burada türk dili intensiv öyrədilirdi. Türkiyədən olan iş adamları Bakıda və Daşkənddə əvvəllər görünməmiş supermarketlər və böyük ticarət mərkəzləri açırdı. Hətta Bosfor sahillərində çəkilən seriallar sürətlə populyarlıq qazanırdı. Amma qəti qərarın verilməsi üçün illər sonrakı ortaq fikir gərəkirdi.

Bu tarixi işin arxasında duran bir ad var ki, o ad türk xalqlarının yaddaşına əbədi həkk olunacaq - akademik Afad Qurbanov. Görkəmli türkoloq, alim-dilçi, müasir Azərbaycan əlifbasının yaradıcısı və böyük ictimai xadim, məhz o, ümumi türk əlifbası ideyasının əsas ilhamvericisi oldu. Afad Qurbanov bütün türk dünyasını yalnız dil sahəsində deyil, həm də mədəni aspektdə birləşdirə biləcək bir layihə təklif etdi.

1991-ci ilin payızında İstanbulda keçirilən "Müasir türk əlifbası" simpoziumu çərçivəsində Afad Qurbanovun layihəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dilçilərin müzakirəsinə təqdim edildi. 34 hərfdən ibarət olan bu əlifba, bunlardan 29-nun türk dilindən götürüldüyü halda, bütün türk dillərinin zəngin və müxtəlif fonetik sistemini tam əhatə edirdi. Afad Qurbanov 1993-cü ildə belə deyirdi: “Ümumi əlifba yalnız bir dil vasitəsi deyil, həm də türk xalqlarını siyasi, iqtisadi və mədəni birlik arzusunda birləşdirən bir körpüdür”.

Onun əməyinin böyüklüyü və müdrikliyi simvola çevrildi. Afad Qurbanovun xidmətləri nəticəsində o, Türkiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət edildi və Türk Dil Təşkilatının fəxri üzvü qəbul edilən ilk azərbaycanlı oldu. Bu, təkcə onun istedadına deyil, həm də türk dünyası üçün etdiyi işin böyüklüyünə verilən yüksək qiymət idi.

Ümumi türk əlifbasının qəbul edilməsi sadəcə bir qərar deyil. Bu, türk xalqlarının birliyə və əməkdaşlığa olan arzularının gerçəkliyə çevrildiyinin rəmzidir. Bu əlifba, ümumi tarix, ədəbiyyat, mədəniyyət və ənənələrin öyrənilməsi, qorunması və təbliğ olunmasında əsas baza olacaq. O, türk xalqlarının həyatında yeni bir mərhələnin açarı olacaq — burada dil ayırmır, birləşdirir.

Vahid əlifba yaradılması prosesi son illərdə fəallaşıb. Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində bu məqsədlə xüsusi komissiya yaradılıb və bu komissiyaya hər bir üzv dövlətdən iki nümayəndə daxil edilib.

Bu ilin sentyabr ayında Bakıda keçirilən Türk Dünyası Ümumi Əlifba Komissiyasının üçüncü iclasında ekspertlər layihənin bütün maraqlı tərəflər tərəfindən razılaşdırıldığını elan etdilər.

“Bu fədakar işin nəticəsində, türk dillərində mövcud olan müxtəlif fonemləri təmsil edən 34 hərfdən ibarət ümumi türk əlifbası təklifi üzrə razılıq əldə edildi”, – deyə mediaya rəsmi açıqlamada bildirilib.

Komissiya üzvləri vurğulayıblar ki, ümumi əlifba yaradılarkən hər xalqın dil irsinin qorunmasına xüsusi diqqət yetirilib. Əlifba 34 hərfdən ibarətdir və burada latın əlifbasının A, B, C kimi standart hərfləri ilə yanaşı, diakritik işarələrdən istifadə olunan Ň və Ŭ kimi orijinal hərflər də mövcuddur.

Müasir türk əlifbası 29 hərfdən ibarətdir. Bu isə o deməkdir ki, unifikasiya çərçivəsində beş yeni hərf əlavə ediləcək. Belə bir genişmiqyaslı islahatın reallaşdırılması üçün Ankara tədris proqramlarının, sənədlərin və göstərici nişanların dəyişdirilməsi üçün xərcləri qarşılamağa hazırdır.

Azərbaycan isə 1991-ci ildən latın qrafikasına keçid edib və hazırda əlifbasında 32 hərf var. Buna görə də Azərbaycan müəyyən dərəcədə uyğunlaşmağa məcbur olacaq. Digər TDT ölkələrinə gəlincə – Qazaxıstan, Qırğızıstan və hətta Özbəkistan – onların bəzisi hələ də kiril əlifbasından istifadə edir.

Bir il əvvəl Rəcəb Tayyib Ərdoğan ümumi əlifbanın əhəmiyyətini vurğulayarkən, bu layihənin TDT üzvləri arasında həmrəylik yaratmaq və çağırışlara effektiv cavab vermək üçün vacib olduğunu söyləmişdi. Bu dəfə isə Bişkek sammitində vahid əlifbanın “birlikdə gələcək qurmağımızın göstəricisi” olduğunu bəyan etdi.

Fəqət postsovet məkanındakı türkdilli dövlətlərin bir qismində subyektiv və obyektiv problemlər mövcuddur.

Ən çətin vəziyyətlə qarşılaşan ölkələrdən biri Qırğızıstandır. Ölkədə hələ latın qrafikasına keçid barədə ciddi düşünülməyib. Hazırda 36 hərfdən ibarət əlifba istifadə olunur ki, bu da rus əlifbasına üç əlavə simvolun daxil edilməsindən ibarətdir. Bundan əlavə, ölkədə rəsmi dövlət dili ilə yanaşı, qanunla qorunan və əksər sənədlərin təkrarı üçün istifadə edilən rəsmi statuslu rus dili də mövcuddur.

Qazaxıstan hazırda 42 hərfdən ibarət kiril əlifbasından istifadə edir. 2017-ci ildə ölkənin ilk prezidenti Nursultan Nazarbayev latın qrafikasına keçid qərarı qəbul etdi. Siyasi ekspertlərin fikrincə, bu addım əsasən Rusiyadan asılılığı azaltmaq məqsədi daşıyırdı. Yeni əlifbanın tam tətbiqi üçün 2025-ci ilə qədər mərhələli keçid planlaşdırılmışdı. Fəqət hazırda rəsmi Astana prosesi 2031-ci ilə qədər uzadaraq tələsməməyi tövsiyə edir.

Özbəkistanın vahid türk əlifbasını qəbul etməsi texniki baxımdan daha asandır. Ölkə artıq uzun müddətdir latın qrafikasına keçib və hazırda iki yazı variantından istifadə edir. 1993-cü ildə qəbul edilən əlifba əsasən türk modelinə əsaslansa da, sonradan ingilis təsirinə məruz qalaraq bəzi fərqli simvollar əlavə edildi.

Prezident Şövkət Mirziyoyev ölkədə əlifba islahatlarına yeni təkan verib. İngilis əlifbasına uyğun variantların yerinə, artıq türk əlifbasına xas olan hərflərin geri qaytarılması təklif olunur. Məsələn, "ç" və "ş" səslərinin qrafik təsviri üçün "ç" və "ş" kimi türk simvollarından istifadə edilməsi planlaşdırılır. Latın qrafikasının ölkədə geniş tətbiqi tələb olunmasına baxmayaraq, bu dəyişikliklər hələ də tam qəbul edilməyib. Özbəkistan cəmiyyəti bu məsələdə iki əsas qrupa bölünüb. Belə ki, 35 yaşdan aşağı gənclər latın qrafikasını üstün tutursa, yaşlı nəsil kiril əlifbasından imtina etmək istəməyərək çox vaxt yeni əlifbada yazılmış mətnləri oxumaqda çətinlik çəkir.

Bu vəziyyət Özbəkistanın vahid türk əlifbasına keçid prosesində nisbətən az çətinliklə üzləşə biləcəyini göstərir. Xüsusilə də, hazırkı kimi paralel yazı sisteminin qorunması halında.

Onu da deyək ki, Mərkəzi Asiya xalqları əlifba dəyişikliklərini birinci dəfə yaşamır. 1917-ci il inqilabına qədər bu bölgədə ərəb qrafikası istifadə olunurdu. Lakin 1920-ci illərin ortalarında bütün türk dilləri üçün latın əlifbasına keçid qərarı qəbul edildi. 1930-cu ildən bu qayda tətbiq edilməyə başlandı. Lakin artıq on il sonra, SSRİ-nin qrafik birliyini təmin etmək məqsədilə, bütün xalqlar kiril əlifbasına keçdi.

Keçidlər həmin o dövrdə əhalinin böyük hissəsinin savadsız olması səbəbindən, nisbətən asan başa gəldi. Amma bu gün vəziyyət tam fərqlidir. Özbəkistanın 30 ildən çox müddətdir latın qrafikasına keçidi başa çatdıra bilməməsi, belə dəyişikliklərin mürəkkəbliyini nümayiş etdirir.

Yeni latın əlifbasının tətbiqinin Mərkəzi Asiyadan olan işçi miqrantlara təsiri xüsusi diqqət tələb edir. Bu işçilərin əsas istiqaməti hələ də Rusiyadır və yaxın illərdə bu vəziyyətin dəyişəcəyi ehtimal edilmir.

Mərkəzi Asiyadan gələn gənc miqrantlar artıq rus dilini bilməməkdən əziyyət çəkirlər. Bu arada Moskva, rus dili daxil olmaqla, miqrantlara qoyulan tələbləri sərtləşdirir: imtahandan keçə bilmədinsə, geri qayıt. Uzunmüddətli perspektivdə latın qrafikasının tətbiqi, kiril əlifbasını oxuya və yaza bilməyən nəsillərin ortaya çıxmasına səbəb ola bilər. Belə bir vəziyyətdə onlar Rusiyada necə çalışacaqlar? Unutmayaq ki, sadəcə Rusiyada 1 milyondan çox özbəkistanlı işçi var. Alternativ işçi miqrasiyası istiqamətlərinə baxılsa belə, Mərkəzi Asiya regionundan bu qədər insanı işlə təmin edə biləcək başqa bir dövlət yoxdur.

Türk Dünyasının ortaq əlifbasının uyğunlaşdırılması prosesində türk dili əlifbasına yenidən baxılması planlaşdırılmır. Bu barədə Türkiyə Dilçilik Cəmiyyətinin sədri, professor Osman Mert müsahibədə bildirib.

O.Mert 1928-ci ildə qəbul edilən və 29 hərfdən ibarət olan türk dili əlifbasının türk dilinin səslərini çatdırmaq üçün kifayət etdiyini vurğulayıb. Bununla yanaşı, digər türk dillərinin zənginliyini əks etdirən beş əlavə hərf (Q, X, Ň, Ə və Ŭ) ortaq əlifbada öz əksini tapıb.

Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın sentyabrın 9-da Bakıda keçirilmiş üçüncü iclasını şərh edən Mert, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, ortaq əlifba TDT ölkələrinin bir-birinə daha da yaxınlaşmasına şərait yaradacaq və bu ölkələrin dünya birliyinə inteqrasiyasını sürətləndirəcək:

“Dünya əhalisinin ən azı 70 faizi latın əlifbasından istifadə edir. Ortaq türk əlifbası yazının “çərçivəsini” formalaşdıracaq ki, bu da həm ölkələrarası əlaqələri möhkəmləndirəcək, həm də beynəlxalq səviyyədə Türk dünyasının mövqeyini gücləndirəcək”, - deyə Mert bildirib.

Professorun sözlərinə görə, ortaq əlifbanın tətbiqi vahid bir ölkənin əlifbasını dəyişdirmək məqsədi daşımır. Azərbaycan, öz milli əlifbasını qoruyaraq istifadə etməyə davam edəcək. Qazaxıstan, Qırğızıstan və Özbəkistanda isə dəyişikliklər yalnız parlamentlərin müvafiq təsdiqindən sonra qüvvəyə minəcək.

“Hər bir ölkənin əlifbasında əlavə olaraq birdən üçə qədər fərqli hərf ola bilər. Ancaq 29 hərf bütün TDT ölkələri üçün ümumi olacaq”, - deyə o izah edib.

Osman Mert, ortaq əlifbanın yalnız dil məsələsi deyil, həm də Türk dünyasının siyasət, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində yaxınlaşması üçün bir vasitə olduğunu vurğulayıb.

“Təsəvvür edin, Türkiyənin qərb bölgələrindən olan bir Edirne sakini Altay dağlarına səyahət edib, orada istənilən türk dilində yazılmış bir mətni oxumaq imkanı əldə edəcək. Bu, Türk dünyasının həqiqi mənada birliyini təmin edəcək,” - deyə Mert qeyd edib.

Türkiyə Dilçilik Cəmiyyətinin rəhbəri, ingilis dilində olduğu kimi, türk əlifbasında olmayan hərflərin istifadəsinin də mümkünsüz olmadığını vurğulayıb.

“Bu gün Türkiyə vətəndaşları ingilis dilində yazı yazarkən “W” və “Q” hərflərindən istifadə edir. Eyni şəkildə, ortaq əlifbada olmayan hərflərdən istifadə edərək qazax və ya digər türk dillərində sözləri yazmaq mümkündür”, - deyə o izah edib.

... Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının vahid əlifba təşəbbüsü həmrəylik və mədəni birliyi gücləndirmək məqsədi daşıyır. Lakin bu islahatın həyata keçirilməsi texniki, iqtisadi və siyasi maneələrlə müşayiət olunur. Hər bir üzv ölkənin fərqli şərtləri və mövcud prioritetləri bu prosesin mürəkkəbliyini daha da artırır. Buna baxmayaraq, ideyanın uğurla reallaşdırılması türk dünyası arasında daha sıx inteqrasiyaya yol aça bilər.

Türk Dövlətləri Təşkilatının son sammitində qəbul edilmiş sənədlər arasında "TDT-nin Böyük Türk Dil Modeli" üzrə qarşılıqlı anlaşma memorandumunun olduğu bildirilir. Görünür, məhz bu sənəd vahid əlifbanın yaradılması ilə bağlı müddəaları əhatə edir.

Vahid türk əlifbası ideyası türk dünyası arasında həmrəylik və inteqrasiyanı gücləndirmək məqsədini daşıyır. Bununla belə, islahat, texniki, iqtisadi və sosial problemlərlə müşayiət olunur. Özbəkistanın mövcud təcrübəsi göstərir ki, belə dəyişikliklər həm daxili, həm də xarici səviyyədə uzunmüddətli koordinasiya və diqqət tələb edir.

Çünki yalnız yazı sistemini dəyişdirilmir - həm də türk dünyasının gələcəkdə daha sıx əlaqələr qurması üçün strateji addımdır.

Türk dövlətləri birlik, vəhdət və qardaşlıq yolunda çox önəmli addımlardan birini atdılar. Növbədə digər, daha genişmiqyaslı qərarlardır...

Elçin Alıoğlu
TREND

Geri qayıt