Əsas Səhifə > Güney Press > Minimum əməkhaqqı ARTIRILDI

Minimum əməkhaqqı ARTIRILDI


Dünən, 18:05
Minimum əməkhaqqı ARTIRILDI
Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir.

Sosioloq Elçin Bayramlı Referans.az-a açıqlamasında bu haqda danışıb.

“Əvvəldən artımın məhz bu məbləğə qədər olacağı gözlənilirdi. Çünki bir neçə ay əvvəldən də büdcə gəlirlərinin maksimum bu qədər artacağı gözlənilirdi və məlum idi ki, maaş və pensiyalar da maksimum bu qədər qaldırıla bilər. Təbii ki, bu artım inflyasiyanı indeksasiya eləmir. İl ərzində real inflyasiya 50 faizə yaxındır. Baxmayaraq ki, rəsmi inflyasiya 2-3 faiz göstərilir lakin bu, real deyil. İl ərzində əsas ərzaq məhsullarının qiymətində 30-40 faiz bahalaşma olub. Bəzi xidmətlər bahalaşıb, müxtəlif sahələrdə rüsumlar, vergilər, cərimələr artırılıb. Faktiki olaraq əhalinin gəlirlərinin alıcılıq qabiliyyəti ortalama 50 faiz aşağı düşüb. Minimum əməkhaqqında isə artım 10 faiz civarındadır. Bu heç indeksasiya da deyil. Artırılan məbləğ indeksasiyanın belə 5-də 1-ni əhatə etmir”.

Sosioloq bildirib ki, bugünkü vəziyyətdə büdcənin gəlirlərinin artımı ilə hesablayanda bu gəlirlər 8-10 faizə yaxın artırsa, maaş və pensiyaların da bu qədər artırılması uyğun görünür.

“Amma real inflyasiyanı nəzərə alan hökümət ən azından minimum əməkhaqqını 500, minimum pensiyanı isə 400 manata çatdırmalı idi. Bunun özü belə bahalaşmanı indeksasiya etməyəcəkdi əslində. Belə olsaydı belə keçən ilə nisbətən əhalinin gəlirlərinin alıcılıq qabiliyyəti daha aşağı olmuş olurdu. Bildiyimiz kimi pulun nominal və real dəyəri var. Bizdə həmişə nominal dəyər götürülür amma nominal dəyər sadəcə rəqəmdən ibarətdir. Pulun real dəyəri əsas götürülməlidir. Nəzər salsaq görərik ki, insanların aldığı maaşın rəqəmi artsa da, o pulun alıcılıq qabiliyyəti aşağı düşür. Məsələn, əvvəl o pula 10 kq nəsə ala bilirdisə, gələn il alır 7-8 kq, növbəti il isə 5-6 kq. Bu sadəcə şərti misaldır. Rəqəm olaraq 1000 manat da ola bilər minimum əməkhaqqı lakin inflyasiya çox olarsa, bu məbləğ əvvəlki 300 manatın dəyərində olacaq”.

Ekspert qeyd edib ki, minimum əməkhaqqı ölkədəki qiymətlərə görə hesablanmalıdır və həmin məbləğin dəyərinin yerində qalması təmin olunmalıdır.


Geri qayıt