Əsas Səhifə > Güney Press > Ət kağız üstündə artır, bəs bazarda?

Ət kağız üstündə artır, bəs bazarda?


Dünən, 15:14
Ət kağız üstündə artır, bəs bazarda?
Bu ilin əvvəlindən İmişli rayonunda ət və süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bu barədə İmişli Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-noyabr aylarında rayonda 11 625 ton ət istehsal olunub. Bu rəqəm 1 il əvvəl 11 606 ton olub. 11 ay ərizndə İmişlidə 49 328 ton süd istehsal edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 46 489 ton təşkil edib.

Maraqlıdır ki, ət və süd istehsalı artdığı halda qiymətləri niyə ucuzlaşmır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə ət istehsalı ümumilikdə ildən-ilə azalıb:

“Təkcə bu il qoyun və mal ətinin kilosi 2-3 manat bahalaşıb. Həmçinin süd və süd məhsullarının qiymətində də artım var. Belə olan halda istehsal artımından danışıla bilməz. Əgər istehsal artsaydı, o zaman ölkəmizə ət idxalı azalmalıydı. Lakin gözlənildiyi kimi, ət idxalı azalmaq əvəzinə artmaqda davam edir. Hələ üstəlik idxal olunan ətin qiyməti daxili bazarda satılan ətdən yüksəkdir”.

O qeyd edib ki, açıqlanan statistika həqiqəti əks etdirməyə bilər:

“İmişli Rayon Statistika İdarəsindən tərəfindən açıqlanan rəqəmlər sadəcə siyası rəqəmlərdir. Bu rəqəmlərin praktikada heç bir sübütu yoxdur. İdxal rəqəmlərinə baxsaq, görərik ki, ət idxalı ildən-ilə artmaqda davam edir. Bu səbəbdən yenidən statistikaya nəzər salınmalıdır”.

Geri qayıt