Əsas Səhifə > Güney Press > "Üzrü günahından betər"...
"Üzrü günahından betər"...Dünən, 12:17 |
Sosial platformalarda yanacaqdoldurma məntəqəsində avtomobilin çəninə benzin əvəzinə su vurulması ilə bağlı videolar ard-arda düzülüb. Həmin videolarda “Lukoil”un adı çəkilir. Görüntülərdən birində avtomobil ustası çəndən çıxardığı mayedə suyun benzinə qarışmamasını aşkar göstərir. İki avtomobil gözə dəyir, hər iki sürücü son vaxtlar yalnız “Lukoil”in yanacaqdoldurma məntəqələrinə yaxınlaşdığını deyir. Bizimyol.info xəbər verir ki, sosial platformalarda çox paylaşılan digər videoda sürücü dərdini danışır. “Hyundai Elantra”nın sahibi yanacaqdoldurma məntəqəsindən bir az uzaqlaşan kimi avtomobilin hərəkət etmək iqtidarında olmadığı müəyyənləşib. O, evakuator xidmətindən istifadə edərək maşını ustaya çatdırıb. Məhz burada çənə su vurulduğu üzə çıxıb. “Hyundai Elantra”nın sahibi konkret yanacaqdoldurma məntəqəsinin adını da çəkir. Zərərçəkən paytaxtın çıxışında, “Şamaxinka” deyilən ərazidə yerləşən “Lukoil”da başına belə iş gəldiyini bildirir. “Rent a car” şirkətlərindən birinin rəhbəri məhz həmin “Hyundai Elantra”nı nəzərdə tutaraq 500 manat zərərə düşdüyünü yazmışdı. Sahibkarın sözlərinə görə, sürücü avtomobilə 20 manatlıq A-92 benzini doldurmaq istəyib, sonradan çəndə su aşkarlanıb. “Lukoil-Azərbaycan”ın dövlət qurumları və bizneslə iş üzrə meneceri Rail Ağayev problemi etiraf etməi olub. Onun sözlərinə görə, problem Binəqədidə “Qoşa zapravka” adlandırılan 19 saylı yanacaqdoldurma məntəqəsində yaranıb. Guya dekabrın 18-də və 19-da çənə qrunt suları sızıb. O, “Şamaxinka”dakı yanacaqdoldurma məntəqəsində belə halın yaşanmadığını iddia edib. Rail Ağayev deyib ki, 20-yə qədər müraciət daxil olub, bütün zərərçəkənlərə kompensasiya ödənilib. Şikayətlərin əksərində “Şamaxinka”dakı yanacaqdoldurma məntəqəsinin adı çəkilir. “Lukoil-Azərbaycan”ın nümayəndəsi həmin məntəqənin adının hallanmasını istəmir. Dekabrın 23-də axşam saatlarında məhz burada müşahidə aparmaq qərarına gəldik. Şəhərin giriş-çıxışı olduğundan haqqında danışılan yerdə həmişə uzun növbələr diqqət çəkir. Amma insanların işdən çıxdığı vaxt olsa da, yanacaqdoldurma məntəqəsində seyrəklik idi. Aşkar hiss olunurdu ki, sürücülərdə “Lukoil”a inamsızlıq yaranıb. Təəssüf, “Lukoil-Azərbaycan” belə ciddi problemə adekvat reaksiya verməyib. Nümayəndənin açıqlamasından belə çıxır ki, dünya dağılmayıb, böyütməyə dəyməz. Halbuki çənə su vurulması avtomobilə ağır zərbədir. İnsanlara çox böyük zərər dəyir. Açıqlama verməzdən əvvəl bunun məsuliyyətini anlamaq lazımdır. Geri qayıt |