Əsas Səhifə > Güney Press > Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışır
Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışırDünən, 11:24 |
Ukrayna gələcəkdə Qərbin yardımı ilə bağlı ehtimalların qeyri-müəyyən olduğu bir vaxtda raket sənayesinin inkişafı üzərində iş aparır. İşlənən raketlərdən biri də "Trembita"dır. Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" yazır. "Trembita"nın mühərriki – 1944-cü ildə Almaniyanın V-1 bombasının ilk istifadəsində istifadə edilən impuls reaktiv mühərrikin müasir remeykidir. Mühərrik borusu – ilkin layihədir. Onun altında sistemin idarə olunmasını və döyüş başlığını gizlədən daha dəqiq boz düzbucaqlı gövdə yerləşir", – məqalədə qeyd olunur. "Trembita" bazas versiyasında 400 km/saata qədər sürət yığa bilir və 200 km uçuş məsafəsinə malikdir. Lakin Moskvaya çatmaq imkanına malik daha böyük və güclü model də hazırlanır. Kütləvi istehsala, son sahə sınaqları tamamlandıqdan sonra başlanacaq. Diqqət çəkən məqam odur ki, tərtibatçılara bu nəticəyə çatmaq üçün cəmi bir yarım il vaxt lazım olub. Halbuki, adətən layihədən döyüş meydanında istifadəyə qədər olan müddət illərlə davam edir. Ukraynanın xarici hərbi yardımın geniş həcmlərinə nə qədər güvənə biləcəyi məlum deyil. Buna görə "Trembita" Ukraynada yerli sənayenin canlanmasına təkan verəcəyi gözlənilən bir neçə layihədən biridir. Sovet dövründə Ukrayna kosmos və raket innovasiyaları sahəsində dünya liderlərindən biri olub. Dnepropetrovskdakı "Cənubi Maşınqayırma" zavodu dörd nəsil strateji raket istehsal edib. Lakin bu, 1994-cü ilə, Budapeşt memorandumuna uyğun olaraq Ukraynanın öz kiçik nüvə ballistik raketlərindən təhlükəsizlik təminatına dəyişərək imtina etdiyi vaxta qədər davam edib. Daha sonrakı dövrdə sahənin yenidən dirçəlməsinə korrupsiya, hökumət zəifliyi, Rusiya müdaxiləsi və siyasi iradənin olmaması mane olub. Ukraynanın raket proqramının detallarına ciddi nəzarət edilir və bunun səbəbləri kifayət qədər əsaslıdır. Rusiya istehsalat obyektlərini fasiləsiz hədəfə alaraq, yüzlərlə işçini öldürür və yaralayır. Məsələn, 2023-cü ilin dekabrında bir neçə qanadlı raket Kiyevdəki "Neptun" istehsalat zavoduna tuş gəlib. 2024-cü ilin noyabrında isə Rusiya Dneprdəki "Cənubi Maşınqayırma" zavodunu yeni "Oreşnik" ballistik raketi ilə vurub. Buna görə də, Ukrayna raket istehsalında yeni səviyyəyə – yeraltı məkana keçib. Proseslərin bir hissəsi qorunan bunkerlərə köçürülüb. İstehsalat yüzlərlə nəzərəçarpmaz obyektə bölünmüş vəziyyətdədir. Digər bir problem maliyyədir. Hökumət, sınaqdan uğurla çıxmış hər hansı raket layihəsini dəstəkləyərək, müstəqil istehsalçılara pilotsuz uçuş aparatları istehsalçılarına təklif olunan maksimum 25% mənfəət nisbətini təqdim edir. Lakin tərtibatçılar layihəni başlatmaq üçün tez-tez öz pullarını riskə qoymaq məcburiyyətində qalırlar. İrihəcmli sənaye istehsalına keçid isə daha mürəkkəb məsələdir – kapitalın cəlbi, xaricdən xüsusi avadanlıq alınması və təhlükəsizliyin təmin olunması. Bu məsələdə Ukrayna Rusiyanın dövlət hərbi kompleksi ilə müqayisədə geri qalır. Bir mənbəyə görə, Qərb müttəfiqləri ilə yeni tərəfdaşlıqlar genişlənmənin ən yaxşı yoludur. Hər bir ölkə öz təcrübəsini, avadanlığını və risklərini paylaşmağa hazır deyil. Lakin bəzi ölkələr, xüsusilə Danimarka və Böyük Britaniya bu istiqamətdə fəallıq göstərir. Qərb üçün potensial açıqdır. Az qala eyni uçuş xüsusiyyətlərinə malik qanadlı raket istehsalı Ukraynada Qərbi Avropadan 12 dəfə ucuz başa gələ bilər, məqalədə izah edilir: "Məsələn, "Trembita"nın təlim məqsədli variantı cəmi 3 000 dollara, 20-30 kiloqramlıq döyüş başlığına malik versiyası isə 15 000 dollara başa gəlir – bu, raket dünyasında sərfəli təklifdir". Lakin Ukraynaya vaxt lazımdır və bu zaman çatmaya bilər. Təhlükəsizlik sahəsində yüksək vəzifəli şəxs qeyd edir ki, dövlət, Rusiya üçün real təhlükə yaradacaq qədər sayda, uzaq mənzilli və təsirli raket istehsal etmək üçün ən azı bir ilə ehtiyac duyur. O vaxta qədər çox şey dəyişə bilər. ABŞ-da Donald Trampın prezident seçildikdən sonra hansı qərarları verəcəyi məlum deyil. Rusiya da atəşkəs müzakirələrindən istifadə edərək Ukrayna raketlərinin istehsalını məhdudlaşdırmağı tələb edə bilər. Lakin "Trembita" üzərində işləyənlər bu işdən əl çəkməyəcəklər, mühəndis qrupunun rəhbəri Sergey Biryukov əmin edir: "Əgər atəşkəs olsa da, bu yalnız hökumətlər arasında baş verəcək. Biz partizanlarıq. Raketlərimiz uçmağa davam edəcək". Ukrayna dron istehsalı ilə məşğul olan şirkətlərin fəallığı artır. The Wall Street Journal-a görə, Ukrayna silah istehsalında sərbəst bazar potensialının Rusiyadan önə keçəcəyinə ümid edir. Ukrayna istehsalı yeniliklər fəal şəkildə Ukrayna Müdafiə Qüvvələrinin istifadəsinə buraxılır. Müdafiə Nazirliyi yaxınlarda, uzaqdan idarə olunan döyüş modulu olan Wolly-nin istifadəyə verilməsi qərarını elan edib. Wolly moduluna 7,62 və ya 12,7 mm-lik pulemyot, sursatların avtomatik doldurulması sistemi, termal görmə və avtomatik hədəf aşkarlanması, tanınması və izlənməsi sistemi quraşdırılıb. Geri qayıt |