Əsas Səhifə > Güney Press > Sosial media dələduzluqları artıb
Sosial media dələduzluqları artıbBu gün, 12:14 |
Son vaxtlar hətta tanınan, sosial mediada aktiv olan şəxslərin özləri də müxtəlif dələduzluqlara məruz qalırlar. Facebook, Wotsap üzərindən hesablar açılır və pul fırıldaqları həyata keçirilir. Hələ ötən gün sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslərin müəyyən edilməsi ilə bağlı informasiyalar yayıldı. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməlləri törədən 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanıldılar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar. Demək olar ki, hər gün müasir texnologiyalardan istifadə edərək yeni neodələduzluq növləri aşkara çıxır. Bəs insanlar bundan necə qorunmalıdırlar, dələduzların toruna düşməmək üçün nələrə diqqət etməlidirlər? Mövzu ilə bağlı Musavat.com-a danışan informasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyir ki, insanların rəqəmsal savadlılığı zəif olduqca belə fırıldaqçıların qurbanına çevriləcəklər. “Belə fırıldaqçılar insanların kasb olmasından və maddi maraqlarının olmasından istifadə edirlər. Onlar bilirlər ki, əhalinin pul marağı var və asan yolla onu qazanmaq üçün təklif olunan bütün şərtlərlə razılaşacaqlar. Elə bundan istifadə edib lotereyalarda, bonuslarda, pul mükafatlarında iştiraka dəvətlə dələduzluqlarını həyata keçirirlər. Həmçinin insanları fishing saytlarına yönəltməyə çalışırlar. Vətəndaşlar da bilmədən göndərilən linklərə daxil olurlar və tora düşürlər. Maliyyə piramidalarına da insanları belə şinikləndirici təkliflərlə cəlb edirlər. Əvvəlcədən xırda büdcə ayrılır, kiçik məbləğdə pul ayrılır və insanlarda inam yaradılır ki, bu ödənişlər davamlı olacaq. Məbləğ yığılır, dələduzlar lazım olan planı doldurur və ondan sonra layihəni bağlayıb qaçırlar. Məktəblərdən başlayaraq güclü təbliğat aparılmalıdır. Fırıldaqçıları ifşa edən videolar televiziyalarda tez-tez yayımlanmalıdır. Banklar insanlara rəqəmsal xidməti və öz məhsullarını təklif edəndə mariflənməni də unutmmalıdırlar. Amma fırıldaqçılarla yüz faizli mübarizə aparmaq mümkün deyil. Çünki insanın nəyəsə inamı həmişə olacaq və kimlərsə də bundan istifadə edəcək. Bütün dünyada belə hallar olur. 2019-cu ildə Bolqarıstanda bir xanım kriptovalyuta yaratdığını elan etmişdi. Sonradan məlum olmuşdu ki, həmin qadın məşhur fırıldaqçıdır. Onların üstünlüyü inandırmaq qabiliyyətinin güclü olmasındadır". Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, sosial şəbəkələr üzərindən fırıldaq artan xətlə davam edir və xarici işlər nazirliyi mütəmadi olaraq əhalini belə hallarla bağlı məlumatlandırır: "Bu cür dələduzlar yağışdan sonra çıxan göbələk kimi artırlar. Müxtəlif yollar fikirləşirlər, vasitələr tapırlar. Biri işə düzəltmək adı ilə pul atır, digəri yaxta icarəyə verdiyini deyir. Hətta xaricə səfərlər, tur adı altında da fırıldaqlar edilir. Eyni zamanda bank işçilərinin adından da dələduzluqlar edilir. Burada əhalinin maarifləndirilməsinə ehtiyac var. Belə dələduzlar çox peşəkardılar, onların qarşısını tam almaq mümkün deyil. Televiziyalarda çarxlar getməli, şou əhlinə ayrılan saatların yarım saatını belə şeylərə həsr etməlidirlər. Daha sivil və maariflənmiş əhalini aldatmaq çətindir. Bizdə isə savadsızlıq və pula hərislik belə fırıldaqçılara yol açır”. Geri qayıt |