Əsas Səhifə > Güney Press > Belə bir sui-qəsd təşkil etmək üçün
Belə bir sui-qəsd təşkil etmək üçünBu gün, 11:37 |
“Rusiya Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktının sifarişçiləri bizə məlumdur”. Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O bəyan edib ki, hazırda ölkəsi həmin hadisənin sifarişçiləri ilə mübarizə aparır. Bununla yanaşı, D.Peskov baş verən hadisədə üçüncü ölkələrin əlinin olması barədə sualı cavablandırmayıb: “Hazırda istintaq gedir və mütəxəssislər kifayət qədər effektiv iş aparır. Hadisədən çox zaman keçməyib, amma hər şey artıq məlumdur. Hesab edirəm ki, bu terror olayının bütün detallarının üstü açılacaq”. Xatırladaq ki, srağagün Moskvada yaşayış binasında partlayış zamanı rusiyalı general İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub. Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib ki, Kirillov və onun köməkçisinin ölümünə skuter səbəb olub. Belə ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib. Generalın ölümü dünya mediasında böyük müzakirələrə səbəb olub. Onu bu qədər əhəmiyyətli edən bir digər məsələ isə həm də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olmasıdır. Onun faciəvi sonu bəzi xarici media orqanlarında “Oreşnik”lərin istehsalı ilə də əlaqələndirilib. Kirillov Rusiyanın III və IV dərəcəli “Vətənə xidmətə görə”, “Hərbi xidmətlərə görə” ordenləri, II dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülüb. Rusiya tərəfi onun ölümünü “çox böyük itki” adlandırıb. Ukraynanın UNİAN nəşrinin məlumatında qeyd edilib ki, rusiyalı general-leytenant İqor Kirillov Ukrayna ordusuna qarşı kimyəvi silahdan istifadə edilməsi barədə göstəriş verən şəxsdir. Krillovun adı həm də qərb və şərq cinahlarda qadağan olunmuş kimyəvi partlayıcıların kütləvi istifadəsi ilə bağlı açılan cinayət işində hallanıb. Onun zəhərli maddələrin dron hücumlarında, eləcə də, döyüş qumbaraatmalarında əli olduğu bildirilib. Moskvada isə baş verən terror aktına bir az fərqli nöqteyi-nəzərdən yanaşanlar da var. Bunu CIA və MI5-in Ukrayna üçün danışıqlar masası qurmaq iddiasında olan Trampın işini zora soxmaq kimi izah edənlər də var. Çünki Kremlin sükutuna baxmayaraq, Rusiya Silahlı Qüvvələrinin ali hərbi rəhbərlərindən birinin Moskvada öldürülməsi, əslində, bir dövlətə müharibə elan etmək üçün əsl səbəbdir. Ekspertlərə görə, növbəti hədəf Rusiyada hipersəs texnologiyalarının inkişafında əsas rol oynayan alimlər ola bilər. Hədəflər arasında Qərb ölkələrini fəal şəkildə tənqid edən tanınmış siyasi və dövlət xadimləri də daxildir. Daha bir təhlükə hədəfi tanınmış jurnalistlər, siyasi ekspertlər ola bilər. Politoloq İlqar Vəlizadə isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiyadakı terrorla bağlı artıq Ukrayna tərəfi məsuliyyəti öz üzərinə götürüb: “Lakin rus generalına qarşı belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur. Çox güman ki, bu işin arxasında Qərb ölkələrinin kəşfiyyat orqanlarının əli, bilavasitə dəstəyi var. Məqsəd isə bəllidir. Ölkədə qeyri-sabit mühit formalaşdırmaq. Bu cür terror aktlarının məqsədi cəmiyyətdə güclü qorxu və panika mühiti yaratmaqdır. Məhz buna görə də terrorçular hədəf kimi ciddi ictimai rezonans doğuran və əhalini qorxudan məşhur insanları seçirlər. Hadisələrin gedişi də onu göstərir ki, bu terror aktına qarşı Rusiya cavabsız qalmayacaq və bu və ya digər şəkildə rus generalın qisasını almağa çalışacaqlar. Ya savaş meydanında gedən döyüşlərin şiddəti artırılacaq, ya da digər variantlardan istifadə ediləcək”. İ.Vəliyevin sözlərinə görə, bu cür terror aktları heç br halda Ukrayna dövlətinə fayda gətirməyəcək: " Krillovun ölümü Rusiya ordusunu zəiflətmək, Rusiyanı müharibədən çəkindirmək demək deyil axı. Onun yerinə başqa bir general gələcək və Ukraynaya qarşı daha sərt addımlar atacaq. Rusiyada generalların və hərbi mütəxəssislərin sayı kifayət qədər çoxdur. Zərər yenə də Ukraynaya olacaq. Bir generalın ölümünə görə Rusiya hücumların şiddətini artıracaq və nəticədə Ukraynada minlərlə insan tələfatı qeydə alınacaq”. Geri qayıt |