Əsas Səhifə > Güney Press > ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir

ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir


Bu gün, 17:10
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir
Dekabrın 17-də Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya
və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya
Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1”
televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri
Kiselyova geniş müsahibə verib. Bu müsahibə ölkə başçısının Azərbaycan
həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdıqılması istiqamətlərində
həyata keçirdiyi işlər çərçivəsində atdığı növbəti uğurlu addım olmuşdur.
Müsahibədə Rusiya Azərbaycan münasibətlərinin genişləndirilməsi
perspektivləri, Bakıda keçirilən yüksəksəviyyəli beynəlxalq tədbir olan
COP29-un yekunları, bir sıra dövlətlərin bölgədə vəziyyəti gərginləşdirmək
məqsədi ilə Ermənistanı silahlandırılması, Azərbaycan və Ermənistan
arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyəti, bir
sıra xarici KİV-lərin bölgədəki mövcud reallığı qəsdən qərəzli şəkildə
işıqlandırılması və digər mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulub.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması
istiqamətindəki işlərin vəziyyətinə toxunan ölkə başçısı qeyd edib ki, “Sülh
sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli
kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu
sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın
baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki,
razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər,
mən bizim şərtlərimizi nəzərdə tuturam”.
Dövlət başçısı jurnalistin “Əgər dəqiqləşdirsək, hansı maddələrdir?”
sualına cavabında isə bildirib: “Onlardan biri bir-birinə qarşı beynəlxalq
iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul
olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa
çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada
hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur,
yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı
iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.
Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə
yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə
Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində
NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin
göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa
Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda
keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim
tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir
razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində
məhdud kontingenti olacaq... Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər
yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı
və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu
missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa
gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların
sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-
nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu.
Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.
Vürğulanıb ki, Erməni tərəfinin həyata keçirməli olduğu daha iki
məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada
Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad
var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi
elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz
deyil, sadəcə obyektiv şərtdir.
Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ
konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı
olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq
çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim
məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir
hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün
yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv
edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə
ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları
kifayət qədər ciddidir.
Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin
imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma
yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma
Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq.
Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli
olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq”.
Bir sıra xarici KİV-lərin bölgədəki mövcud reallığı qəsdən qərəzli
şəkildə işıqlandırılmasına toxunan Prezident İlham Əliyev bildirib ki,
Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə
bilməz.
“Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik.
Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar
“Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-
gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə
kölgə salırlar”, - Azərbaycan lideri vurğulayıb.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt