Əsas Səhifə > Güney Press > Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi

Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi


Bu gün, 11:27
Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi
Gürcüstan Cənubi Qafqazın ən çox müsəlman əhalisi olan yeganə xristian dövlətidir. Bu ölkənin İslam dininə etiqad edən vətəndaşlarının əhəmiyyətli hissəsini isə etnik azərbaycanlılar təşkil edir. Son statistik məlumatlara əsasən, Gürcüstanda yaşayan etnik əhalinin sayı 440 min nəfərə yaxındır və onlar əsasən Borçalı regionunda məskunlaşıblar.

Etnik azərbaycanlılar amili Gürcüstanın qonşularla, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərində mühüm, stabilləşdirici və əlaqələndirici rol oynayır. Lakin regionun bir başqa müsəlman dövləti də var ki, Gürcüstanın azərbaycanlı icması onun üçün ideoloji və sosial təsir aləti kimi ciddi maraq obyektidir. Söhbət İrandan gedir.

Sirr deyil ki, son illər İran Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı digər ölkələrin ərazilərinə sızmağı, öz ideologiyasını soydaşlarımız arasında yaymağı əsas xətt olaraq götürüb. İranın Gürcüstanda yaşayan soydaşlarımız arasında öz təsir imkanlarını genişləndirmək istəyi bir neçə mühüm amillə şərtlənir. Həmin amillərin ən birincisi heç şübhəsiz ki, məzhəbçilik zəminində Azərbaycana dolayısı ilə təsir göstərmək gücündə olan effektiv sosial dayaq yaratmaq cəhdlərilə bağlıdır. Sirr deyil ki, Gürcüstan azərbaycanlıları Azərbaycanla sıx iqtisadi, sosial-mədəni əlaqələrə malikdirlər. Onların bir qismi isə hətta Azərbaycanda yaşayıb fəaliyyət göstərirlər. Aydın məsələdir ki, İranın radikal məzhəb təbliğatının obyektinə çevrilən bəzi soydaşlarımızın zamanla Azərbaycana qarşı Tehranın təsir agentlərinə çevrilməsi ehtimalı çox yüksəkdir.

Göstərilən faktlardan və onların təhlilindən belə bir qənaətə gəlmək olar ki, İranın Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə nüfuz imkanlarını genişləndirməsi, həmçinin aktiv məzhəbçilik fəaliyyəti hesabına ona loyal olan sosial dayaqlar yaratması Azərbaycan dövlətçiliyi üçün müəyyən təhdidlər törətmək potensialına malikdir

Ekspertlərə görə, Gürcüstandakı soydaşlarımızın Tehrana deyil, məhz Bakıya bağlı olması üçün onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mədəni hüquqlarının qorunması üçün planlı fəaliyyətin həyata keçirilməsi, konkret strategiyanın işlənib-hazırlanması qaçılmazdır. Siyasi şərhçilərə görə, Suriyadakı son hadisələr İran hakimiyyətinin Cənubi Qafqazda yenidən dini, siyasi, ideoloji təbliğatına və dayaqlarının gücləndirməsinə sövq edə bilər.

Qeyd olunur ki, İranın Gürcüstanda güclü dini təşkilatları var: “Zeynəb”, “Fatimə” təşkilatları şiə adı altında gizləniblər. Tehranın Gürcüstandakı aktiv fəaliyyətini şərtləndirən digər amil isə son zamanlar xeyli sayda İran vətəndaşının yaşamaq və biznes fəaliyyəti üçün bu ölkəyə üz tutmasıdır. Belə bir şəraitdə zamanla Gürcüstanda zəngin və çoxsaylı İran diasporunun yaranması qaçılmazdır. İranlı missionerlərin birinci dalğası isə Borçalıya məhz sahibkarlıq pərdəsi altında gəlmişdi və humanitar yardım adı altında etnik azərbaycanlıları müxtəlif fəaliyyət sahələrinə cəlb etmişdi. Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları Borçalı bölgəsi də sözügedən dövrdə ölkənin sosial-iqtisadi cəhətdən ən geridə qalmış bölgələrindən hesab olunurdu. İranlıların gətirdikləri kiçik sərmayələr, sahibkarlıq fəaliyyəti, həmçinin gənclərin pulsuz şəkildə İranın dini universitetlərinə ali təhsil üçün yola salınması yerli əhali arasında Tehrana olan rəğbəti əhəmiyyətli dərəcədə gücləndirmiş oldu.

REAl Partiyasının sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Gürcüstanda qanunvercilik bazası rahat idi deyə bundan istifadə olundu: “Dini icmaların qurulması, QHT qanunlarının xeyli liberal olması həmin şəbəkələrə əl-qol açmağa imkan verdi. Bundan da xeyli ölkələr, eləcə də İran istifadə etdi. Çünki bura qədər Marneulidə sünni məzhəbinin üzvləri daha çox idi. Bolnisi, Dmanisi kimi rayonların kəndlərini əhatə edirdi. Amma azərbaycanlıların ən çox yaşadığı Marneulidə sünni məzhəbi güclü idi. Ona görə bu region xüsusi seçildi, bəzi mərkəzlər açıldı, Gürcüstan qanunvericiliyi də sadə idi deyə əngəl olmadı. Nəticədə yeni məscidlər tikildi, nüfuz dairəsi artdı, son 15 ildə təsir gücləndi”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda əhalinin 60-70 faizi şiədir və burada hər hansı problem yoxdur: “Yəni Gürcüstanın bu bölgələrində şiəliyin artması məsələsi problem deyil, sadəcə, oradakı azərbaycanlıların seçdiyi müştəhidlər yerli ilahiyyatçılar, din alimləri yox, İrandakılardı. Problem buradan qaynaqlanır. Təbii ki, Azərbaycan dövləti dini işlərə qarışmır, din dövlətdən ayrıdır. Sadəcə, Gürcüstandakı azərbaycanlıların problemlərinə toxunmaq üçün həmin mərkəzlərin, o şəbəkənin yerinə yetirdiyi işi Azərbaycan edə bilərdi. Bu daha çox effekt verərdi və soydaşlarımız arasında radikal qruplara qoşulanlar olmazdı. Çünki onların problemləri olanda həmin şəbəkəyə, mərkəzlərə üz tuturlar. O baxımdan, Qardabani, Bolnısi, Marneuli kimi azərbaycanlılar yaşayan ərazilərdə QHT formatında hüquq mərkəzləri açıla bilər. Bu mərkəzlər vasitəsi ilə soydaşlarımızın problemlərini həll etməklə o qruplardan uzaqlaşdırmaq mümkündür. Məncə, Gürcüstan hökuməti də buna normal yanaşar və Azərbaycan dövlətinin bu təşəbbüsünə müsbət yanaşar”.

Geri qayıt