Əsas Səhifə > Güney Press > Moskvadan İrəvana qəribə ismarıc:

Moskvadan İrəvana qəribə ismarıc:


Dünən, 19:10
Moskvadan İrəvana qəribə ismarıc:
Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-formal sammitində iştirak etməyə bilər. Erməni mediasının yazdığına görə, iki ölkə arasında münasibətlərdə yaşanan gərginlik səbəbindən Paşinyan Rusiyaya getməyəcək.

Rəsmi Moskva isə ümid edir ki, Ermənistan rəhbəri Sankt-Peterburqa təşrif buyuracaq. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, onlar Paşinyanın sammitə qatılacağına ümidlidirlər.

“Görüşə dəvət MDB dövlətlərinin başçılarının hər birinə göndərilib. Bu gün hələ 16 dekabrdır. Hələ ki, sammitdə kimlərin iştirak edib-etməyəcəyi dəqiqləşməyib. Ümid edirik ki, dəvət olunan liderlər, o cümlədən Paşinyan Peterburqa gələcək. Biz buna inanırıq. Sonrasına isə baxarıq”, - deyə Qaluzin vurğulayıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də İrəvanda keçirilən IX Ermənistan-Rusiya səhiyyə forumunda məsələyə dair açıqlama verib: “Moskvanın Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemləri həll etmək üçün aydın siyasi iradəsi var. Forum çox vacib bir zamanda keçirilir. Ölkələrimiz və münasibətlərimiz gücünü sınamaq üçün çətin dövr yaşayır. Bu şəraitdə təkcə bizi birləşdirən, mövcud olan münasibətləri qorumaq deyil, həm də qarşılıqlı əlaqəni yeni səviyyəyə qaldırmaq və onu yeni reallıqlara uyğunlaşdırmaq bizim üçün çox vacibdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan Rusiyada Avrasiya İqtisadi İttifaqının (Aİİ) forumunda iştirak edib. Bu fonda MDB sammitinə Baş nazirin qatılmaqdan imtinası isə suallar yaradır. Ekspertlər hesab edirlər ki, Paşinyanın Rusiyada tədbirlərə son illər qatılmaması iki ölkə arasında münasibətlərin kəskinləşən xətt üzrə getdiyinin göstəricisidir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov deyib ki, İrəvanla Moskva arasında münasibətlərin pisləşməsi 2020-ci ildə start götürüb və indi də davam etməkdədir:

- Düzdür, hələlik İrəvandan Paşinyanın Peterburqa gedib-getməyəcəyi barədə rəsmi açıqlama verilməyib. Amma Qaluzinin açıqlaması göstərir ki, Rusiyada bu barədə şübhələr var. Nəzərə almaq lazımdır ki, Aİİ-nin forumunda Paşinyan iştirak etdi, amma Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü, danışıqları olmadı. Halbuki onların danışmağa sözləri çox olmalı idi. Əslində münasibətlərin yavaş-yavaş soyuması və indiki vəziyyətə çatması, dediyim kimi, 2020-ci ildən sonra başlayıb. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra iki ölkə arasındakı münasibətlərdə dəyişiklik baş verirdi. İkinci Qarabağ müharibəsindən sonra isə Paşinyan Rusiyanı ona kömək etməməkdə qınayaraq kəskin bəyanatlarla çıxış etdi. Bu isə Moskvada heç də xoş qarşılanmır. Ötən 4 ildə münasibətlər daha da pisləşməyə doğru getdi və davam edir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) boykot etməsi isə Moskvanı tamamilə hövsələdən çıxarır.

- Amma biz Rusiyanın Ermənistanı ciddi cəzalandırmasının şahidi deyilik...

- Ukraynada müharibənin başlaması və indi də davam etməsi Rusiyanın diqqətini savaşa yönəltdi. Görünür ki, bu prosesdə Rusiya da, Ermənistan da son sözünü demək üçün zaman qazanmağa çalışır. Hələ ki, iki ölkə münasibətlərində qeyri-müəyyənlik davam edir. Hər iki tərəfin maraqları vadar edir ki, gözləmə mövqeyində dayansınlar. Əgər Ukraynada müharibə başlamasaydı, yəqin ki, Rusiya Ermənistanla bağlı son qərarını vermişdi. Amma bu gün Ermənistan Rusiya üçün göydəndüşmə fürsətdir. Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan səmərəli şəkildə istifadə edir: həm banklarından, həm maliyyə məsələlərində, həm kommunikasiyalarda geniş şəkildə istifadə edir. Üstəlik, Rusiya öz məhsullarını Avropa bazarlarına çıxarmaq üçün Ermənistanı özünün ticarət məntəqəsi kimi görür. Ona görə də Rusiya indi hansısa qəti qərar verməyə tələsmir. Ermənistan üçün də belə bir pauza dövrü lazımdır ki, Rusiyanı sanksiyalardan yayındırmaqla qazanc, mənfəət götürsün. İrəvan gözləyir ki, Ermənistanı ayaqda saxlaya biləcək yeni aktorlar ölkədə möhkəmlənə bilsin. Demək olar ki, indi həssas tarazlıq mərhələsidir. Açığını deyim ki, Ermənistan Baş nazirinin Peterburqa gedib-getməməsi o qədər də önəmli deyil və nəyisə dəyişmir. Bunu rəsmi Moskva da anlayır. Sadəcə Qaluzinin açıqlaması onu göstərir ki, Rusiya məsələyə “Paşinyan MDB sammitində görünsə, yaxşı olar” fəlsəfəsi ilə yanaşır.

- Paşinyan Sankt-Peterburqa getməsə, Rusiyanın mövqeyində nə dəyişəcək?

- Əslində Qaluzinin açıqlamasında müəyyən eyham var. Məsələn, deyir ki, “sonrasına baxarıq”. Bu, diplomatik leksikona aid ifadə olmasa da, hər halda bu ifadəni hədə kimi də qəbul etmək mümkündür. Düşünürəm ki, 2025-ci il Rusiya-Emənistan münasibətlərində həlledici il ola bilər. Gözlənilir ki, Ukrayna müharibəsi ilə bağlı qərar verilsin. Müharibə dayanarsa, Rusiya diqqətini İrəvana yönəldəcək. Əgər Rusiya görsə ki, Ermənistanı öz orbitinə qaytara bilmir, addımlar atacaq. Gözlənilir ki, Rusiya Suriya kimi Ermənistandan da çıxsın və münasibətləri tarixin axarına buraxsın. Amma inanmıram ki, hər şey belə asandır. Nəticə etibarilə, Ermənistan Rusiya üçün əhəmiyyətlidir, dayaq nöqtələrindən biridir. Faktiki olaraq, Ermənistan Rusiyanın özünün yaratdığı ölkədir. Ermənistan Rusiya üçün Suriya deyil ki, lazım olanda oradan çıxmaq qərarı versin. Moskva bütün gücünü, rıçaqlarını işə salacaq ki, Ermənistanda hansısa formada mövcudluğunu saxlasın və bu ölkəni öz orbitinə qaytarsın. Bunun üçün Rusiyanın resursları da, gücü də, əlində təsir rıçaqları da var. Söhbət təkcə hərbi gücdən və təsir imkanlarından getmir. Eyni zamanda, iqtisadi baxımdan da Ermənistan Rusiyadan asılı ölkədir. Yəni ki, Rusiya Ermənistanı itirməmək üçün sonadək mübarizə aparacaq.

- Belə fikirlər var ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin gərgin olması Azərbaycan üçün faydalıdır. Bu faydalar nələrdir?

- Rusiya-Ermənistan yaxınlaşması bütün hallarda Azərbaycanın mənafelərinə ziddir. Bunu aksiomatik olaraq qəbul etməliyik. Moskva-İrəvan münasibətləri nə qədər gərgindirsə, bizim maraqlarımız daha yaxşı təmin olunacaq. Düzdür, bu iki dövlətin münasibətlərinin yaxşı olması Azərbaycanın Rusiya üçün əhəmiyyətini o qədər də azaltmır. Rusiya anlayır ki, regionun əsas gücü Azərbaycandır. Amma hər halda, Rusiya-Ermənistan gərginliyi Azərbaycanın gücünün Rusiya tərəfindən obyektiv qiymətləndirilməsi baxımından, faydalıdır.

Geri qayıt