Əsas Səhifə > Güney Press > "Onlar əvvəlcə özlərinə baxsın..."

"Onlar əvvəlcə özlərinə baxsın..."


Dünən, 16:57
"Onlar əvvəlcə özlərinə baxsın..."
The New York Times (NYT) sensasiyalı məlumat yayıb. Sensasiyanın nədən ibarət olduğunu bir qədər sonra açıqlayacağam. Ona qədər, sadəcə, bəzi məqamları xatırlatmaq istərdim.
ABŞ başda olmaqla inkişaf etmiş Qərb dövlətləri və siyasi institutları Azərbaycanı tez-tez tənqid edirlər. Ölkədə insan haqları, seçkilər, söz azadlığı, siyasi islahatlar və sair və ilaxır haqda tənqidi hesabatlar hazırlayıb yayırlar. Bu hesabatlarda çox geniş yer tutan başqa bir mövzu da var: məhkəmələr.

Xüsusilə, son illər Qərb institutları Azərbaycanda qanunun aliliyinin pozulduğunu, hamının qanun qarşısında bərabər olmadığını, məhkəmələrə cəmiyyətdə etimadın azaldığını və sair xüsusi vurğulayır, bu hesabatlar üzərindən təzyiq göstərirlər.

Bu, təkcə Azərbaycana münasibətdə ortaya çıxan məsələ deyil, məlum xarici dairələr, adətən, onları "eşitməyən" dövlətlərə qarşı belə metodlar tətbiq edirlər.

Ancaq obyektivliyinə beynəlxalq aləmdə, o cümlədən, ABŞ-ın özündə şübhə edilməyən Gallup mərkəzinin keçirdiyi sorğunun nəticələri hamını şoka salıb. NYT mövzuya həsr etdiyi məqalədə bu nəticələri belə şərh edib: "Gallup-ın keçirdiyi sorğunun nəticələri göstərib ki, son dörd ildə cəmiyyətdə Amerika məhkəmə sisteminə inam kəskin enib və ABŞ bu göstəriciyə görə Myanma, Suriya və Venesuela ilə bir səviyyəyə düşüb. Çox az ölkə, adətən, dəhşətli qarışıqlıqdan sonra oxşar enişlərlə üzləşib. Mütəxəssislər yeni Gallup sorğusunun məlumatlarını heyrətamiz və narahatedici adlandırıblar".

Çikaqo Universitetindən hüquq professoru Tom Ginzburq da bu məlumatları heyrətamiz sayanlar sırasındadır.

O deyir: "Ali Məhkəmənin... Donald Trampa qarşı təqiblərindən sonra məhkəmə sisteminin ciddi şəkildə siyasiləşdiyinə dair fikir var".

Məhkəmədən siyasi məqsədlərlə istifadə nəticəsində "2020-2024-cü illər arasında ABŞ-da məhkəmə sisteminə inam 59 faizdən 35 faizə düşərək, 24 faiz azalıb".

Gallup-da ABŞ üzrə sosial araşdırmaların direktoru Lidiya Saad bunu "təəccüblü azalma" adlandırıb və deyib ki, belə enişlər "adətən olduqca əhəmiyyətli siyasi təlatümlərlə əlaqələndirilir."

Məqalədə yazılır ki, son iyirmi ildə sorğuda iştirak edən "160-dan çox ölkədən yalnız doqquzunda istənilən dörd il ərzində daha kəskin azalma müşahidə olunub. Bunlara Myanmanın hərbi idarəçiliyə qayıtması ilə bağlı 46 ballıq eniş, iqtisadi və siyasi qarışıqlıqlarla üzləşdiyi üçün Venesuelada 35 ballıq eniş və vətəndaş müharibəsinin ilk mərhələlərində Suriyada 28 ballıq eniş daxildir".

Başqa inkişaf etmiş ölkələrdə bu göstərici ortalama 55 faizdir; ABŞ-dan 20 faiz çox!

Məqalədə yazılır ki, 2023-cü ildə ABŞ cəmiyyətin məhkəmələrə olan inamına görə 92-ci yerdə idi (42 faiz). Həmin rəqəm ötən il Küveytdə, Sinqapurda, Norveçdə, Danimarkada, İsveçrədə 85 faiz olmuşdu. ABŞ-dakından iki dəfə çox! Bu il ərzində isə həmin inam 35 faizə enib.

Professor Ginzburq bunu "instutisional etimadın eroziyası" adlandırıb.

Belə məlum olur ki, bu sorğu ABŞ prezidenti Cozef Baydenin öz oğlu Hanter Baydeni əfv etməsinə qədər keçirilib. Heç şübhəsiz ki, həmin qərardan sonra bu ölkədə məhkəmələrə ictimai etimad daha da aşağı düşmüş olar.

Amma prezident Baydenin qanunsuz silah saxlamaqda və külli miqdarda vergi qaçaqçılığında ittiham edilən oğlunu bağışlayaraq məsuliyyətdən yayındırması tabuta vurulan son mismar olub. Çünki sorğu nəticələri göstərir ki, professor Ginzburqun dediyi o "institusional eroziya" son dörd ildə sürət yığıb.

Diqqət etdinizsə, Gallup öz hesabatında 2020-2024-cü illəri göstərib. Bunun bir ili Donald Trampın hakimiyyətdə olduğu son ildir. Qalan illər isə Co Baydenin hakimiyyət dövrüdür. Beləliklə, Bayden prezident kimi öz səlahiyyət müddətində təkcə elə məhkəmələrdəki ədalətsizliklərə görə ABŞ kimi superdövləti Myanma, Suriya və Venesuela kimi ölkələrin səviyyəsinə endirib. Yəni qüdrətli Amerikanı özünün rişxəndlə "petrostate" adlandırdıqlarının gününə salıb. Həm də bütün bu dörd il ərzində başqa dövlətlərə, o cümlədən, öz vəziyyətində, özündən daha yaxşı və daha pis məhkəmələri olan ölkələrə qanunun aliliyi, ədalət mühakiməsi və hüquqi vicdan barədə "mühazirə" oxuyub.

Bu cür hal təkcə məhkəmələrə aid deyil, başqa sferalarda da var. Ən qəribəsi odur ki, bəzi böyük dövlətlər birbaşa, yaxud əllərində alət etdikləri beynəlxalq siyasi institutlar, hüquq-müdafiə təşkilatları, media vasitəsilə başqa ölkələri tənqid edirlər. Onlara ən kiçik qüsurları belə bağışlamırlar: aramsız olaraq, amansız formalarda qınayırlar, pisləyirlər. Ürəkləri soyumur, hətta sanksiya da qoyurlar. Sonra məlum olur ki, sən demə, elə özlərində daha çox qüsur varmış. Həm də NYT-dakı ifadə ilə desək, "heyrətamiz dərəcədə" çox!

Bax, belə yerdə deyiblər: "Onlar əvvəlcə özlərinə baxsın"...

Bahəddin Həzi, bizimyol.info

Geri qayıt